Saat:04:58
Haqqımızda

Avtomobil sahibləri ildə 100 milyon manat ödəyəcək – SƏBƏB

2024-01-29 17:17:26

Avtomobil sahibləri ildə 100 milyon manat ödəyəcək – SƏBƏB

2024-cü ildən başlayaraq Azərbaycana idxal edilən, eyni zamanda ölkəmizdə istifadədə olan avtomobillərin sahibləri yeni yaradılacaq utilizasiya fonduna utilizasiya haqqı ödəyəcəklər. 

Hurriyyet.az xəbər verir ki, utilizasiya haqqı avtomobillərin istehsal-buraxılış tarixinə uyğun olaraq fərqləndiriləcək. Yığılacaq vəsaitlər isə utilizasiya fondunda toplanmaqla sonradan istifadəyə yararsız olan avtomobillərin dövriyyədən çıxarılmasında istifadə ediləcək. 

Bəs hər il avtomobil sahiblərindən utilizasiya fondu üçün nə qədər vəsait toplamaq mümkün olacaq?

Bununla bağlı dəqiq rəqəm söyləmək çətindir. Amma ölkəmizdə istifadədə olan avtomobillərin sayı, onların yaş strukturuna dair açıqlanan məlumatlar, həmçinin idxal sayına istinad etməklə hər il toplanacaq məbləği təxmini hesablamaq olar.  Qaydalara əsasən, istifadədə olan avtomobillərdən utilizasiya haqqı texniki baxışdan keçən zaman istehsal tarixinə görə alınacaq. İldə bir dəfə olmaq şərtilə istehsal-buraxılış tarixi 10 ilə qədər olan avtomobillərə görə 10 manat, yaşı 10-20 il olan avtomobillərə görə 20 manat, yaşı 20-30 il olan avtomobillərə görə 30 manat, istehsal-buraxılış tarixi daha çox olan avtomoibllərə görə isə 40 manat utilizasiya haqqı toplanacaq. 

Qaydalara əsasən, minik avtomobilləri istehsal yaşı 0-4 il olduqda texniki baxışdan keçmir. Deməli, bu avtomobillərə görə utilizasiya haqqı alınmayacaq. Yaşı 5-10 il olan minik avtomobillər isə iki ildən bir texniki baxışdan keçdiyindən həmin avtomobillərə görə iki ildən bir 10 manat utilizasiya haqqı tutulacaq. Digər avtomobillər istehsal tarixindən asılı olmayaraq hər il texniki baxışdan keçirilir. Buna görə də həmin avtomobillərin hamısına görə utilizasiya haqqı alınacaq. 

2023-cü ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda yaşı 5-10 il olan minik avtomobillərinin sayı 168 792-dir. Onlar iki ildən bir texniki baxışdan keçirildiyindən saylarını orta hesabla 84 396 ədəd götürmək olar. Bu hesabla 10 ilə qədər olan minik avtomobillərindən 849 960 manat pul toplanacaq. Yaşları 10-20 il olan minik avtomobillərin sayı 545 265 ədəd olduğundan utilizasiya üçün 10,9 milyon manat yığılacaq. 

Açıqlanan statistik məlumatlara görə, yaşları 20 il və yuxarı olan minik avtomobillərinin sayı 634 447 ədəddir. Bu avtomobillərin hansılarından 30 manat, hansılarından isə 40 manat haqq alınacağını təyin etmək mümkün deyil. Bununla belə, təxmini hesablama aparmaqla yaşı 20 ildən çox olan avtomobillərdən 22,2 milyon manat utilizasiya haqqı toplanacağını müəyyən etmək olar. Ümumilikdə, minik avtomobillərinə görə toplanacaq utilizasiya haqqı 34-35 milyon manat məbləğində olacaq.

Digər avtomobil növlərinə görə isə orta hesabla 6 milyon manat utilizasiya haqqı yığılacaq və avtomobil sahiblərindən toplanacaq cəmi məbləğ 40-41 milyon manat təşkil edəcək. Utilizasiya haqqı idxal edilən avtomobillərə görə də alınacaq. Qaydalara əsasən, istehsal tarixi 0-3 il olan avtomobil sahibləri utilizasiya haqqı ödəməyəcək. İstehsal-buraxılış tarixi 4-7 il olan avtomobillərin sahibləri 400 manat, yaşı 7 ildən çox olan avtomobillərin sahibləri isə 700 manat utilizasiya haqqı verəcək.

Son məlumata əsasən, Azərbaycana bir ildə 96 min ədəd avtomobil idxal edilib. Həmin avtomobillərin yaş strukturu açıqlanmır. Bununla belə nəzərə alsaq ki, avtomobillərin əksəriyyətinin yaşı 3 ildən yuxarıdır, o halda, əksər avtomibillərə görə sahibləri utilizasiya haqqı ödəyəcək. 2023-cü ilin məlumatı əsasında təxmini hesablama ilə idxal avtomobillərindən toplanacaq utilizasiya haqqının 50 milyon manatdan az olmayacağını müəyyən etmək olar. 

Beləliklə, yalnız 2022 və 2023-cü illərin məlumatları əsasında müəyyən etmək olar ki, Azərbaycanın utilizasiya fonduna hər il ən azı 100 milyon manata yaxın vəsait toplanacaq. Bu məbləğlə hər il nə qədər avtomobili utilizasiya etməyin mümkün olacağını isə bazarda olan qiymətlər göstərəcək. 

sfera.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.196595