Saat:14:00
Haqqımızda

Avropa Şurasının Azərbaycana qarşı qərəzinin pərdəarxası – VƏ YAXUD FRANSA NİYƏ “ERMƏNİCƏ DANIŞIR”?

2024-01-29 22:31:26

Avropa Şurasının Azərbaycana qarşı qərəzinin pərdəarxası – VƏ YAXUD FRANSA NİYƏ “ERMƏNİCƏ DANIŞIR”?

2024-cü il yanvarın 24-də Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı dayandırdığını bəyan etdi. Səbəb odur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi üçün AŞPA Qarabağdakı “Artsax” separatçılarının iddialarına faktiki dəstək verməkdədir. Üstəlik, AŞPA öz iclasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs verdi.

Söhbət ondan gedir ki, AŞPA-da yaşanan münaqişənin səbəbi Azərbaycana qarşı bu qərəzli münasibətin qurumun içində olan prinsiplərə daban-dabana ziddiyyət təşkil etməsidir. Çünki demkratiya və insan hüquqları kimi təməl bəşəri dəyərlərin “bayraqdarı” olan Avropa bir üzvünün öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmir. Bir az da dəqiqləşdirmə aparsaq deməliyik ki, Aİ-ni “cin atına mindirən” və məyus olma həddinə çatdıran hədd Azərbaycanın Xankəndini alması və ermənilərin ərazini könüllü tərk etməsi oldu. Yəni ərazi bötövlüyünün bərpası tamamlandı, “erməni rıçağı” Aİ-nin əlindən çıxdı.

AŞPA isə bu faktı alqışlamaq əvəzinə, əslində separatizmi, bəzi ölkələrin digərlərinə ərazi iddialarını dəstəkləyir. Bu da elə bir şəraitdədir ki, Avropada oxşar iddialar üzündən, yəni Ukraynanın ərazi bütövlüyünü təmin etmək üçün qalxdığı savaşda Rusiya ilə müharibə gedir. Və bu, ikibaşlı münasibət ilk növbədə Birləşmiş Avropanın özü üçün narahatedici əlamətdir. Çünki ortaya çıxan mənzərədə Avropa beynəlxalq səviyyədə qəbul edilmiş və onun özünün diqtə etdiyi dəyərlərə və prinsiplərə nəinki sadiq deyil, riayət etmir, əksinə sərf etməyəndə caninin yanında, sərf edəndə isə qurbanın tərəfində durur. Azərbaycana qarşı Ermənistanın yanında, Rusiyaya qarşı Ukraynanın yanında durduğu kimi.

Yeri gəlmişkən, ermənilərin qanlı “azərbaycanlıları təmizləmə” əməliyyatından fərqli olaraq, Azərbaycan tərəfinin apardığı əməliyyat qansız və qüsursuz oldu. Rəsmi Bakının dəfələrlə Qarabağda qalmaq istəyən ermənilərin inteqrasiya prosesindən keçərək vətəndaşlıq ala biləcəyi açıqlamasına baxmayaraq, ermənilər Xankəndini tərk etdi…

Avropa bütün tarixi boyu müharibə şəraitində olub və müharibələrin səbəbləri məhz bəzi Avropa ölkələrinin digərlərinə ərazi iddiaları olub. Avropa İttifaqı əvvəlcə ərazi iddialarına və onların törətdiyi müharibələrə həmişəlik son qoyacaq layihə kimi düşünülüb, meydana çıxıb. Amma buradan belə çıxır ki, Aİ-nin üzərində qurulduğu sərhədlərin toxunulmazlığını ehtiva edən “məhək daşı prinsipi” Avropanın ən mühüm (Avropa Parlamenti ilə birlikdə) təmsilçi orqanı – AŞPA tərəfindən bir kənara atılaraq rədd edilir. SSRİ-nin mövcudluğunun son illərinin tarixini xatırlasaq, bu geosiyasi layihənin deqradasiyasının etibarlı əlamətlərindən biri onun ərazisində “millətlərarası münaqişələrin” süni şəkildə qızışdırılması idi. Bir qayda olaraq, bu proses o vaxtkı DTK-nın nəzarətində olan bəzi millətçi qüvvələrin separatçı tələbləri şəklində ortaya çıxırdı.

Bu qəbildən olan birinci münaqişə Qarabağ münaqişəsi idi ki, bu da Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ bölgəsinin hay əhalisinin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə ("Qondarma Artsaxın qondarma miatsumu") birləşdirilməsini tələb etməyə başlaması ilə alovlandı. Amma, hətta o zaman da aydın idi ki, separatçı tələblər və sözdə “Millətlərarası münaqişələr” gizli şəkildə kəşfiyyat xidmətləri və SSRİ-nin Moskvadakı zirvələri tərəfindən dəstəklənirdi.

Tənəzzülə uğrayan imperiya elitasının bir qismi və xüsusi xidmət orqanlarının zirvəsi SSRİ-nin böyük respublikalarının tərkibində olan kiçik muxtariyyətlərdə separatizmi süni şəkildə qızışdırmaqla, bununla da sovet dövlətini qoruyub saxlayacaqlarına inanırdılar. Üstəlik, separatçılar əvvəlcə mərkəzi komitəyə üz tutaraq, ondan iddialarını “müdafiə etməyi” tələb ediblər.

“Artsax” separatizmi və Qarabağ münaqişəsi nümunəsindən sonra Gürcüstanın Abxaziya bölgəsində və Samaçabloda, Moldovanın Dnestryanı bölgəsində separatizm və münaqişələr alovlandı, Ukraynanın Krım bölgəsində isə separatizm və münaqişə üçün ilkin şərtlər yaradılmağa başladı. Bu, SSRİ-nin xilasına kömək etmədi, əksinə, onun dağılmasını sürətləndirdi. Amma tendensiyalar göz qabağındadır - “birlik prinsipləri” üzərində qurulmuş geosiyasi qurumun elitası öz hakimiyyətini saxlamaq üçün ayrı-ayrı subyektlərdə separatizmə arxalana bilər.

Baxmayaraq ki, Cənubi Qafqaz ölkələri Aİ-nin üzvü deyillər və bu yaxınlarda yalnız Gürcüstana “Aİ-yə namizəd” statusu verilib – prinsipin və prinsipiallığın özü vacibdir. Əgər Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınırsa, eyni analogiya ilə hər hansı Avropa ölkəsinin ərazi bütövlüyü şübhə altına alına bilər, xüsusən də münaqişə baş verərsə, Aİ-nin dövlətlərarası qurumlarının müdaxiləsi tələb olunarsa. Bu məsələnin bir tərəfi.

Ermənilərin o vaxtkı SSRİ-dəki “miatsum” tələbləri ilə “Avropa səviyyəsində” dilə gətirilmiş - Azərbaycana qarşı iddiaları ilə daha bir ümumi cəhət var. O zaman və bu gün "Parisin əli" və Fransa kəşfiyyatının işini hiss etmək olar. Yəni əslində Fransanın “ermənicə danışması” təəccüblü deyil, çünki Fransanın moderatoru olduğu Vatikan cinahı erməniləri bu missiya üçün yaratmışdı, Qafqaza da elə bu məqsədlə gətirmişdi. Hətta “erməni məsələsi” baş tutmasaydı belə, Vatikan cinahının rıçaq kimi istifadə etməkdən ötrü ərsəyə gətirdiyi istənilən etnik məsələ eyni müstəvidə irəli sürülüb istifadə olunacaqdı. Ermənistan Vatikan cinahının Qafqazda əvvəlki Osmanlı, indiki Türkiyəyə qarşı gərəkən zaman “qaşımağı adət halına gətidiyi” ağrı nöqtəsidir.

Təsadüfi deyil ki, bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron ölkəsinin silahlı qüvvələri qarşısında salamlama nitqində birbaşa bəyan etdi ki, “Bizim diqqətimiz Balkanlar, Ermənistana səfərbər olunub və bizi mövqeyimizi yüksəltməyə, xüsusən də Ermənistanla bağlı tarixi seçim etməyə məcbur edir”. Əslində Makron hay separatçılarının Qarabağla bağlı Azərbaycana qarşı ərazi iddialarını dəstəkləyib. Və hətta ordu belə hazırlayır ki, hansı ki, bu iddialar uğrunda döyüşməli olacaqlar.

Ümumiyyətlə, “böyük Ermənistan” layihəsi ilə “hay” millətçiliyi 19-cu əsrin sonlarından Fransa və onun xüsusi xidmət orqanları tərəfindən dəstəklənib. Və bu gün bu layihə Fransa neokolonial imperiyasının yeni imkanlarını nümayiş etdirmək üçün nəzərdə tutulub. İndi Fransa Afrikadan “qovulur”. Məsələn, Mali, Niger və Burkina Faso Fransa imperialism strukturu olan ECOVAS-ı tərk etdiklərini açıqladılar. Fransa neokolonial imperiyasının süqutu davam edir. Amma Afrikanı itirməyinin əvəzində qlobal layihələrdə yer alan fransız elitası Aİ (burada Brüssel və Strasburqdakı ümumavropa strukturları getdikcə daha çox Parisin maraqlarına tabe olur) və Avrasiyada öz təsirini gücləndirir. Ermənistan isə faktiki olaraq Fransanın “forpostuna” çevrilir.

Əvəzində isə, Vatikanın öndəri olduğu Avropa İttifaqı Mərkəzi Asiya bölgəsində nüfuz dairəsi zəbt etməyə girişir. Belə ki, Aİ-Mərkəzi Asiya forumunda Cozep Borrell bu region ölkələrinin nümayəndələrinə 4 il əvvəl “bir az heçliyin ortasında” olduqlarını, indi isə “işlərin mərkəzində” olduqlarını söyləyir. Brüsseldə keçirilən foruma Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanın nümayəndələri gəlib. Borrell regionu “indiki geosiyasi şəraitdə Aİ üçün əsas tərəfdaş” adlandırıb. Onun sözlərinə görə, bu ölkələrlə tərəfdaşlıq Brüssel üçün anti-Rusiya sanksiyalarının effektivliyinə nail olmaq üçün lazımdır. Ola bilsin ki, əsrlər boyu Rusiyanı xammal bazası kimi istifadə edən Avropa buranı anqlosaks cinahına güzəştə getməsinin qarşılığında Mərkəzi Asiyada marağının təmsil olunmasına “stavka edir” və bu barədə gizli razılaşma var. Bəlkə də Vatikan anqlosaks cinahının Çinlə müharibə variantının gerçəkləşəcəyinə ümid edir və bu səbəbdən Mərkəzi Asiyaya daxil olmağa çalışır.

Əlavə edərək deyək ki, Qazaxıstan 22 hava limanını avropalı investorların idarəçiliyinə verməyə hazır olduğunu açıqlayıb. Bunu respublikanın nəqliyyat naziri Marat Karabayev Aİ-Mərkəzi Asiya Nəqliyyat İnvestisiya Forumunda (Brüsseldə keçirilən) deyib.

Xarici korporasiyalar artıq Astana və Almatı hava limanlarını idarə edir, Qazaxıstanın qalan iyirmi iki hava limanını şəxsi əllərə verməyə hazırdır. Əgər nəzərə alsaq ki, hava limanları ökənin qapıları funksiyasını yerinə yetirir və ölkəyə gələn və gedən malların daşınması bu hava limanlarından da həyata keçirilir, məsələnin nə qədər ciddi olduğunun fərqinə varılmalıdır.

Qayıdaq AŞPA-nın qərəzinə. “Ümumavropa” rəsmiləri və Aİ-nin Brüsseldəki bürokratiyası Aİ-nin özündə olsalar belə, separatizm presedentlərindən faydalanırlar. Təsadüfi deyil ki, bu gün Aİ-nin ən məşhur separatçıları – İspaniyadakı katalon separatçıları Brüsselə üz tuturlar. Aİ-də separatizm milli dövlətlərin zəifləməsi fonunda Avropa rəsmilərinin əhəmiyyətini artır.

Ancaq sual yaranır: doğrudanmı AŞPA-nın üzvü olan ölkələr bunu anlamır? Azərbaycanla bağlı məsələ ilə bağlı səsvermədə iştirak edən AŞPA deputatlarının əksəriyyəti Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verib, 76 deputat səs verib, 10 nəfər əleyhinə, 4 nəfər isə bitərəf qalıb.

Təbii ki, təxribat xarakterli anti-Azərbaycan təklifi erməni nümayəndələr tərəfindən dəstəkləndi. Bəzi nümayəndə heyətləri tam səs vermədi (Böyük Britaniyadan, məsələn, 18-dən biri, Almaniyadan - 18-dən 4-ü). Türkiyə nümayəndə heyəti (kürdyönlü HDP nümayəndəsi istisna olmaqla) əleyhinə səs verib.

Ukrayna, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Kipr, Latviya, Lixtenşteyn, Moldova, Macarıstan, Hollandiya, Polşa, Şimali Makedoniya, Serbiya, Slovakiya, Monteneqro, Çexiya və Estoniya nümayəndə heyətləri səsvermədə iştirakdan imtina ediblər.

Azərbaycana açıq etiraz etməmək üçün səsvermə zalını tərk edənlər arasında məhz ərazilərində “Artsax” separatizminə oxşar presedentə görə ərazi bütövlüyü ilə bağlı problemləri olan ölkələr Ukrayna, Gürcüstan və Moldova nümayəndə heyətləri də olub.

Lakin digər tərəfdən, Ukrayna, Gürcüstan və Moldova onlara Aİ üzvlüyünü vəd edən Brüsselin “çəngindədir”. Amma vəd vermək onu yerinə yetirmək demək deyil. Türkiyə 1999-cu ildən Aİ-yə namizəd statusundadır və o vaxtdan bəri Aİ-yə üzvlüklə bağlı heç bir irəliləyiş yoxdur.

Ukrayna, Gürcüstan və Moldova Azərbaycanla birlikdə GUAM-ın üzvləridir. Və nəzəri olaraq beynəlxalq platformalarda öz fəaliyyətlərini əlaqələndirməlidirlər. Bu vəziyyətdə Azərbaycanın hər üç ölkənin nümayəndələrindən daha böyük dürüstlük gözləməyə haqqı var idi. Onların səslərinin səsvermənin nəticəsini "dəyişdirmək" üçün kifayət edib-etməməsinin əhəmiyyəti yoxdur – burada onların öz mövqeyi vacibdir. Necə ki, sərt mövqe Türkiyə nümayəndə heyəti tərəfindən ifadə edildi.

Ukrayna, Gürcüstan və Moldova bu gün öz ərazi bütövlüyünün pozulması və ərazilərinin işğalı ilə üzləşirlər və Aİ bunun qarşısını almaq üçün heç nə etməyib. Gürcüstanda Abxaziyanın və Sxinvali bölgəsinin işğalı problemi var, Ukraynada genişmiqyaslı əsl müharibə gedir. Və AŞPA-dakı həmin nümayəndələr başa düşməyə bilməzdilər ki, onlar Azərbaycanı məhz ölkə öz ərazi bütövlüyünü bərpa etdiyinə və işğalçıları qovduğuna görə “cəzalandırmaq” niyyətindədirlər.

Maraqlıdır ki, Avropanın Azərbaycana qarşı qərəzi arasıkəsilmədən qarayaxma kampaniyası ilə müşayiət olunur, yəni paralel iş gedir. Azərbaycana qarşı kampaniyanı qlobalist cinah və onların Kreml ilə uzun tarixli əlaqələri olan solçular aparır. Vaxtilə Rusiyanın AŞPA-dan çıxarılmasına qarşı çıxan deputatlar Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması üçün mübarizə aparıblar.

Orada Azərbaycanın Rusiyanın təsir dairəsinə girməyə çalışması ilə bağlı ittihamlar xüsusilə gülməli səsləndi. İşin gülünc tərəfi budur ki, Gürcüstanın Rusiyaya qarşı saknsiyalara qoşulmama açıqlamalarına, əksinə Rusiya ilə münasibətlərini normallaşdırmasına baxmayaraq, ona irad tutmayan Aİ Bakını Rusiyaya yaxınlaşmaqda ittiham edir. AŞPA 30 il ərzində Azərbaycanın 20% ərazisinin Ermənistan-Rusiya işğalında qalmasında və bu ölkələrin apardıqları etnik təmizləməyə qarşı özünü korluğa vurur. Üstəlik, sol-liberal “demokratiya”nın ən yaxşı ənənələrində Azərbaycan nümayəndə heyətinin qətnaməyə irəli sürdüyü düzəlişlərin müzakirəsinə icazə verilmədi. Onlara oxumağa icazə verildi, bundan sonra onlara məhəl qoyulmadı.

Azərbaycan nümayəndə heyətinin Rusiyanın qeyri-qanuni erməni silahlı birləşmələrinə Azərbaycanın nəzarəti altında olmayan dəhlizlər və cığırlar vasitəsilə silah-sursat verməsi barədə açıqlamaları marionet deputatlar tərəfindən “saxta xəbər” kimi qiymətləndirildi! 44 günlük müharibədən sonra “2021-ci ildə istehsal edilib” deyə qeydə alınan və istehkamçılar tərəfindən yerdən çıxarılan sənədləşdirilmiş minlərlə minaya məhəl qoyulmadı.

Maraqlıdır ki, AŞPA-nın 500-dən çox deputatından cüzi bir hissəsi səsvermədə iştirak edib ki, onlardan da 70-dən bir qədər çox deputat qətnamənin “lehinə” səs verib.

Beləliklə, bu addım dövlətlərüstü isteblişmentin neoqlobalist sektasının Azərbaycanı Rusiyanın qucağına sıxışdırmağa doğru atılmış addımlardan biri oldu. Göründüyü kimi, Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik təmaslar nə Rusiyanı, nə də Qərb administrasiyasını qane etmir. Nəticə etibarilə özünü Avropanın “lideri” kimi təqdim edən Fransa sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinə badalaq vurmağa, onu pozmağa çalışır. Münaqişənin sülh sazişində təsbit edilməsi ilə yekun həlli Rusiyaya da sərf etmir.

Bu kontekstdə Rusiya, Fransa və Aİ rəsmiləri Azərbaycanın Ermənistana təcavüzü təhlükəsi ilə bağlı saxta xəbərləri təkrarlayırlar. Çünki hər üçü Azərbaycanla Ermənistan arasında danışıqlar prosesini və etimadı sarsıtmağa çalışırlar. Həqiqətən də, sülh sazişi bağlanarsa, bununla həm Qərb, həm də Rusiya “münaqişədən qazanc əldə etmə” resursunu, geosiyasi sərvətini, sövdələşmə obyektini itirəcək. Ona görə də Fransa Ermənistanda Rusiya bazasının saxlanmasının əleyhinə deyil və Rusiyanın Qarabağda “sülhməramlı” qüvvələrinin saxlanmasını dəstəkləyib. Çünki, bu amil zərurət yarandıqda vəziyyəti qeyri-sabitləşdirməyi asanlaşdırır.

Azərbaycan isə dünyanın qlobal neoimperialist yenidən bölünməsinin obyekti olmaq istəmir, neytrallığını qorumaq və balanslaşdırılmış xarici siyasət yürütməkdə davam etmək istəyir. Ermənistan isə müstəqil siyasət aparacaq subyekt deyil, əksinə obyektdir - bu səbəbdən onun baş nazirinin qızdırmalı, ziddiyyətli hərəkətləri və xaotik bəyanatları var. Paşinyan topu müxtəlif tərəflərə atır, kim topu tutsa ona “pas” verir.

Son 20 ilində milli dövlətlərin güclənməsi konteksti dəbdə deyil. Əksinə, nüfuzlu maliyyə qruplarının və transmilli korporasiyaların alyanslarının nəzarəti altında vahid qlobal idarəetmə arxitekturasının formalaşdırılması üçün qlobalist gündəm meydan sulayır.

Bu səbəbdən, Azərbaycan yeni qlobal gündəmdə öz suverenliyini qorumağa və bütün tərəflər üçün qarşılıqlı faydalı iqtisadi bonuslar təmin etməyə çalışan Kremlə, Brüsselə və Davosa qarşı balansı saxlayaraq dik durmağa çalışır.

Burada haşiyə çıxaraq bir nüansı qeyd etmək yerinə düşər ki, Aİ Rusiyanın 200 milyard dollardan çox ehtiyatını müsadirə etməkdən imtina edib. Avropa İttifaqının Rusiya Bankının Avropada dondurulmuş ehtiyatlarını müsadirə etməyəcəyini, Avropanın yüksək vəzifəli rəsmiləri “Reuters” agentliyinə bildiriblər. “Rusiyanın suveren aktivlərinin müsadirəsi olmayacaq. Aİ-yə üzv ölkələr arasında bu məsələdə razılıq yoxdur”, deyə agentliyin həmsöhbətlərindən biri qeyd edib. Açıqlamada bildirilir ki, Aİ nümayəndələri Moskvanın təhdidlərindən narahatdırlar, guya Moskva belə bir hərəkətə cavab olaraq Qərbin Rusiyadakı aktivlərini müsadirə edə bilər. Bəzi hesablamalara görə, bunun dəyəri 288 milyard dollardır. Amma ABŞ-ın Avropanı Rusiya ilə yaxınlıqdan imtina etməyə məcbur etməsinə baxmayaraq, Aİ dirənir. Hətta, agentliyin mənbələrindən birinin qeyd etdiyi kimi, Belçikanın “Euroclear” depozitarının Rusiyada “əhəmiyyətli” aktivlərinin olması və onların həbsi depozitari üçün maliyyə sabitliyi riski yarada və ciddi nəticələrə səbəb ola biləcəyi də inandırıcı deyil. Sadəcə, Aİ ABŞ-ın diqtəsilə Rusiya xammalından imtina etmək istəmir. Baxmayaraq ki, belə edirmiş kimi görünüb, Mərkəzi Asiyanın resurslarının bölüşdürülməsində əsas güclərdən biri olmağa cəhd edir.

Qeyd edək ki, Türkiyə ilə Azərbaycanın Avropnaın enerji təhlükəsizliyinin qarantı rolunda çıxış etməsinə baxmayaraq, Azərbaycanın bu məsələdə baş rolda çıxış etməsindən “zəncir çeynəyən” Moskvanın arxa planda AŞPA-da rəsmi Bakıya qarşı qalmaqalın baş tutmasının müəlliflərindən biri olması tam məntiqlidir. Beləliklə, Türkiyə ilə Azərbaycanın üzərindən Avropaya enerji tranziti axınının kəsilməsini və dövriyyəyə Avropa və ABŞ-dakı əlaltılarının köməyilə özünün yenidən girməsini təmin etmək istəyən Moskva özü kənarda qalsa da, Bakı və Ankaraya qarşı oynaya bilər. Bakının AŞPA-ya yolunun bağlanmaslna şad olan Moskvanın ürəyindən heç şübhəsiz ki, həm də üzünü ondan döndərməyə çalışan Bakının yenidən Kremlə tərəf yön alması keçir. Amma qarşıdan gələn daha sərt müharibədə - Ukrayna ilə savaşda özünün sağ qalacağı ümidi də azdır. Odur ki, illərlə Moskvanın buxovlarında çırpınan xalqların azad olmasının vaxtı çoxdan çatıb.

Ülviyyə ŞÜKÜROVA

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR