Saat:05:02
Haqqımızda

"Avropa Şurası Parlament Assambleyası ən sərt tənqidə layiqdir" - ELXAN ŞAHİNOĞLU

2024-01-26 13:34:16

"AŞPA-sız da yaşaya bilərik, ancaq onu bilək ki, bizim olmadığımız yerlərdə ermənilər və onların dəstəkçiləri əleyhimizə təbliğatı gücləndirəcəklər"

"Avropa Şurası Parlament Assambleyası (AŞPA) ən sərt tənqidə layiqdir, Azərbaycan əleyhinə qəbul etdikləri qətnamə ədalətsizdir. Diqqətimi eyni zamanda səsvermə ilə bağlı başqa amillər də cəlb edib. Birincisi, Azərbaycan əleyhinə səs verən deputatlar içərisində bizə dost və tərəfdaş olan dövlətlərin – Moldova, İtaliya və Serbiyanın təmsilçiləri də var". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib. 

Politoloqun sözlərinə görə, bu dövlətlərin nümayəndələri qazımıza və neftimizə ehtiyac olanda Azərbaycanı etibarlı tərəfdaş və dost adlandırırlar, səsverməyə gələndə bizə arxalarını çevirirlər: "İkincisi, ötən ilin oktyabrından bəlli idi ki, AŞPA-nın qış sessiyasında Azərbaycan əleyhinə sənəd səsverməyə çıxarılacaq. Biz bu 3 ayda bunun qarşısını almaq üçün nə etdik? Milli Məclisdə müxtəlif, o cümlədən Avropa dövlətləri ilə dostluq qrupları var. Bu qrupun üzvləri avropalı həmkarlarıyla sıx əlaqələr qurub onlarla izahat işi apardılar ki, AŞPA-da Azərbaycan əleyhinə qətnamənin Avropaya zərrə qədər də faydası yoxdur, Strasburqda çıxış edən ukraynalı deputatın dili ilə desək bu, yalnız Rusiyanı sevindirəcək. AŞPA-da 46 üzv ölkədən 306 deputat var. Səsvermədə cəmi 90 nəfər iştirak edib, bunun da 76-ı Azərbaycan əleyhinə səs verib. Deməli, deputatların əksəriyyəti səsverməyə qatılmayaraq ya otellərində olub, ya da parlament içərisindəki kafedə vaxt öldürüblər. Əslində biz elə etməliyikdik ki, onlar parlamentin dəhlizində və ya kafedə vaxt öldürmək əvəzinə zala daxil olub Azərbaycanın lehinə səs verərdilər".

Elxan Şahinoğlunun fikrincə, AŞPA-sız da yaşaya bilərik, ancaq onu bilək ki, bizim olmadığımız yerlərdə ermənilər və onların dəstəkçiləri əleyhimizə təbliğatı gücləndirəcəklər: "Buna seyrçi qalmaq əvəzinə müxtəlif platformalarda mübarizəmizi davam etdirməliyik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000116