Avropa Parlamentinin Azərbaycan haqda QƏRƏZLİ QƏTNAMƏSİ - BU, REGİONDA QARŞIDURMA YARATMAĞA VƏ YENİ SAVAŞA SƏBƏB OLA BİLƏR

2023-01-24 10:40:00

Avropa Parlamentinin Azərbaycan haqda QƏRƏZLİ QƏTNAMƏSİ - BU, REGİONDA QARŞIDURMA YARATMAĞA VƏ YENİ SAVAŞA SƏBƏB OLA BİLƏR

Məhəmməd Əsədullazadə: "Qəti əminliklə demək olar ki, Avropa Parlamentinin sözügedən qətnaməsi məhz erməni lobbisinin sifarişi ilə qəbul edilib"

Zaur Məmmədov: "Ermənistana xüsusi monitorinq missiyasının 2 il müddətinə göndərilməsi haqqında qərar veriləcək və bu, yeni müharibə deməkdir"

Nurlan Qələndərli: "Avropa Parlamentinin sözügedən qətnaməsi heç bir hüquqi qüvvəyə malik olmayan kağız parçasıdır və bu kimi addımların Azərbaycanın müstəqil siyasətinə, ictimai rəyə təsiri yoxdur"

Bugünlərdə, daha dəqiq desək, yanvarın 18-də Avropa Parlamenti Azərbaycanla bağlı qərəzli, qeyri-obyektiv, ədalətdən uzaq qətnamə qəbul edib. Belə ki, Rusiya sülhməramlılarının hərəkətsizliyini pisləyən avropalı deputatlar həmin qətnamədə rəsmi Bakını Laçın dəhlizinin dərhal açılmasına və Qarabağı Ermənistanla birləşdirən yolun nəqliyyat, enerji və kommunikasiyalarını pozan hərəkətlərdən çəkinməyə, BMT və ATƏT-i faktların öyrənilməsi üçün Laçın dəhlizinə missiya göndərilməsinə, eyni zamanda tərəfləri sülh danışıqlarının bərpa olunmasına çağırıblar. Azərbaycan Respublikasının Milli Məclisi isə öz növbəsində, sözügedən qətnaməyə öz etirazını bildirib və haqlı olaraq onu qeyri-obyektiv, ədalətsiz sənəd kimi dəyərləndirib.

Bununla bağlı Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin Azərbaycandan olan üzvlərinin bəyanatında sözügedən qətnamənin yalan və saxta məlumatlar əsasında hazırlandığı deyilir: "Biz Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qətnaməyə etirazımızı bildirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edirik. Fransalı nümayəndələr başda olmaqla Azərbaycana qarşı qərəzli mövqe tutan deputatların təşəbbüsü ilə müzakirəyə çıxarılmış, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağın dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edən birgə qətnamə həmin sənədin müəlliflərinin ikili standartlardan yenə də əl çəkə bilmədiklərini göstərir. Avropa Parlamentində olan həmkarlarımızın nəzərinə çatdırırıq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları Üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin önəmli bir hissəsi, xüsusən erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi və yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı öhdəliklər Ermənistanın təqsiri ucbatından indiyədək yerinə yetirilməmişdir. Aydın olur ki, Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycanın bölgədə sülh və sabitlik yaradılması üçün göstərdiyi səylər separatizmin, terrorizmin və müharibənin vəkilləri rolunu öhdəsinə götürmüş qüvvələr tərəfindən qəsdən və məqsədyönlü şəkildə zərbə altına alınır. Bu qüvvələr görmək istəmirlər ki, Ermənistanda bəzi dairələr və onları dəstəkləyən qüvvələr revanşist planlar qurur, bir daha regionu fəlakət girdabına sürükləmək xəyalları ilə yaşayırlar. Sərhəddə təxribatlar törədilir, Laçın dəhlizi vasitəsi ilə yaraqlıların və hərbi təyinatlı yüklərin, o cümlədən narkotiklərin və minaların daşınması təşkil edilir. Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə, Qarabağ ərazisində yaşayan 20 mindən artıq erməni milliyyətli vətəndaşın blokadaya alınmasından söhbət gedə bilməz. Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, "Qırmızı xaç" komitəsi nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, o cümlədən uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır".

"Həmin qətnamə iki ölkə arasında böhranın böyüməsinə xidmət edir və sülh təşəbbüsünə hər hansı dəstəyin verilməsindən söhbət gedə bilməz" 

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsi ilk növbədə, Ermənistanla Azərbaycan arasında böhrana, daha doğrusu onun böyüməsinə xidmət edir: "Odur ki, həmin qətnamədə sülh təşəbbüsünə hər hansı dəstəyin verilməsindən söhbət gedə bilməz. Hesab edirəm ki, Azərbaycan əleyhinə qəbul edilən bu qətnamə rəsmi Bakını öz prinsiplərindən, haqlı mövqeyindən geri çəkilməyə məcbur edə bilməz. Ermənistan parlamentinin sədri özü də ölkəsinin Laçın dəhlizinə və orada baş verənlərə qarışmadığını qeyd edib. Bütün bunları nəzərə alaraq, qəti əminliklə demək olar ki, Avropa Parlamentinin sözügedən qətnaməsi məhz erməni lobbisinin sifarişi ilə qəbul edilib və Azərbaycana qarşı bir mərkəz halına gəlib".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin qənaətincə, artıq Azərbaycan Avropa Parlamenti ilə əlaqələrinə yenidən baxmalı və əməkdaşlığı nəzərdən keçirməlidir: "Ermənistan diplomatiyası və lobbisi Laçın dəhlizi ilə bağlı Azərbaycan əleyhinə informasiya müharibəsində bizdən qabağa keçiblər. Bu səbəbdən də ölkəmizə qarşı bəyanatlar səsləndirilir. Halbuki, Laçın dəhlizi humanitar məqsədlər üçün açıqdır və heç bir blokadadan söhbət gedə bilməz. Düşünürəm ki, Azərbaycan diasporu və diplomatiyası bu işdə zəiflik göstərməməli, daha aktiv fəaliyyətə başlamalıdır".

"Bu cür bəyanatlar Azərbaycanı haqq yolundan çəkindirməyəcək və separatçılar əmin olsunlar ki, vəziyyət belə davam edərsə, başlarına dəmir yumruq bir daha dəyəcək" 

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə qeyd edib ki, son zamanlar müxtəlif beynəlxalq dairələrin Laçın yolu ilə bağlı bəyanatları və atdıqları addımlar Cənubi Qafqazın mərkəzi dövləti olan Azərbaycanı haqq yolundan çəkindirməyəcək: "Laçın dəhlizindən heç bir mina, silahlar keçirilməyəcək. Həmin dairələr nəyi təklif edirlər? Azərbaycanın öz ərazisində terrorçulara silahların göndərilməsinə göz yummasını, onların minaları yerləşdirmələrinə imkan verməsini? Absurd qətnamələrin qəbul edilməsi həmin təşkilatları gözdən salır".

Bakı Politoloqlar Klubunun rəhbəri bildirib ki, Azərbaycan beynəlxalq hüquq əsasında ərazi bütövlüyünün təmin edilməsi və suverenlik prinsiplərinin təcəssüm etdirilməsi üçün addımlarını atmaqdadır: "Separatçılar əmin olsunlar ki, vəziyyət bu cür davam edərsə, başlarına dəmir yumruq bir daha dəyəcək". Ermənistana xüsusi monitorinq missiyasının 2 il müddətinə göndərilməsi haqqında qərarın veriləcəyini vurğulayan politoloqun sözlərinə görə, bu, yeni müharibə deməkdir.

"Avropa Parlamenti bir qrup siyasi korrupsioner deputatın canfəşanlığı və erməni lobbisinin təşəbbüsü ilə əslində Avropa İttifaqına qarşı çıxış edir" 

Avropa Parlamentinin sözügedən qətnaməsini heç bir hüquqi qüvvəyə malik olmayan kağız parçası kimi qiymətləndirən politoloq Nurlan Qələndərli də bu qənaətdədir ki, bu kimi addımların Azərbaycanın müstəqil siyasətinə və ictimai rəyə təsiri yoxdur: "Avropa Parlamenti nə üçün 3-5 ermənipərəst və "pulpərəst", maddiyyatçı deputatın siyasi oyuncağına çevrilib? "Avropa dəyərləri" adlandırdıqları insan hüquqlarından, sivil dəyərlər üzərində bərqərar olunmuş cəmiyyətdən, qarşılıqlı hörmətdən danışan bu qurumun imici nə üçün belə ayaqlar altına atılır? Hər halda, qurumun özü və başbilənləri düşünsünlər, özləri bu suallara cavab versinlər! Heç bir hüquqi qüvvəyə malik olmayan "qətnamə"nin - kağız parçasının qəbulunun Azərbaycanın müstəqil siyasətinə və ictimai rəyə təsiri yoxdur. Beynəlxalq ictimaiyyət görür ki, özlərinin yazıb-oxuduqları belə "namə"lər fonunda Avropa Parlamenti siyasi şou-biznes səhnəsinə çevrilib". Nurlan Qələndərlinin fikrincə, Avropa Parlamenti bir qrup siyasi korrupsioner deputatın canfəşanlığı və erməni lobbisinin təşəbbüsü ilə Azərbaycan əleyhinə qərəzli "müzakirə" platformasına çevrilməklə, əslində, Avropa İttifaqına qarşı çıxış edir: "Çünki Azərbaycan Avropa İttifaqının etibarlı və perspektivli tərəfdaşı, mühüm regional güc mərkəzidir. Belə olan halda, Avropa Parlamenti Avropa İttifaqı əleyhinə fəaliyyətə start verib, yaxud qurum daxilində mərkəzdənqaçma, separatizmlə məşğuldur? Cavabı sadəcə və məhz özləri üçün maraqlı olar!"

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.191543