Avropa Komissiyası Türkiyə ilə Almaniyaya altı ay vaxt verdi - dönər kababı mübahisəsi həll olunmalıdır
Hurriyyet.az xəbər verir ki, Avropa Komissiyası dönər kababı mübahisəsinin həll olunması üçün Türkiyə ilə Almaniyaya altı ay vaxt verib. "Ekonomist" nəşrinin yazdığına görə, məqsəd dönər kababının hazırlanma üsulunu dəqiqləşdirmək və onun milli mənsubiyyətini müəyyənləşdirməkdir.
Türkiyə Avropa İttifaqına müraciət edərək, dönərin ənənəvi hazırlanma reseptinin müdafiə olunmasını xahiş edib. Türkiyə tərəfinin fikrincə, dönər yalnız xüsusi sousdan istifadə eləməklə, toyuq, mal və ya qoyun ətindən hazırlanmalıdır. Ankara dönər hazırlanmasında hinduşka və dana ətinin istifadə edilməməsini tələb edir.
Türkiyəli mühacirlərin sayəsində dönərin populyarlaşdığı Almaniyada bu kabab növü kələm, salat və ya sarımsaq sousu ilə verilir. Türkiyədə isə düyü, pendir, fri kartof, pomidor və acı bibərlə təklif edilir.
Türkiyə öz hazırlama texnologiyasının tanınmasına nail olsa, Almaniya öz yeməyinin adını dəyişdirməli olacaq. Avropa İttifaqında dönər kababının satışından ildə 3,5 milyard avroya qədər gəlir əldə edilir, onun 2,3 milyardı Almaniyanın payına düşür. Tərəflər arasında razılaşma əldə edilməsə, Avropa Komissiyası müstəqil qərar verəcək.
Hürr Tərcüman