Saat:13:06
Haqqımızda

“Avropa kəndlinin nəyinə lazımdır?”: niyə Gürcüstanda ermənilər və azərbaycanlılar hakim partiyaya səs verirlər

2024-11-05 14:44:21

“Avropa kəndlinin nəyinə lazımdır?”: niyə Gürcüstanda ermənilər və azərbaycanlılar hakim partiyaya səs verirlər

Gürcüstanda parlament seçkilərində ən səs-küylü pozuntu halları Marneuli bələdiyyəsində qeydə alınıb – bülletenlərin doldurulduğu və müxalifət müşahidəçisinin döyüldüyü məntəqə məhz orada yerləşir. BBC regiona səfər edərək müəyyən edib ki, burada yaşayan bir çox etnik azərbaycanlı və ermənilər hakim “Gürcü arzusu” partiyasını dəstəkləyir və Avropa İttifaqının xoş niyyətinə inanmırlar. İki xalq arasında şiddətli qarşıdurmaya baxmayaraq, Gürcüstanda bu icmaların niyə eyni şəkildə səs verdiyini araşdırmışıq.

 

Şəklin alt yazısı,Ukrayna ilə paralellik aparmaq diplomatik qalmaqal yaradıb.

Seçkilərin əsas qalmaqalı Marneulidə baş verib: səsvermə məntəqələrinin birində “Gürcü arzusu”nu təmsil edən yerli şəhər şurasının sədr müavininin iştirakı ilə bülletenlərin doldurulması anının videosu yayılıb. O həbs edilib, seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb (saxtalaşdırmada ittiham olunan məmur təqsirini rədd edir).

Müxalifət liderləri əmindirlər ki, yalnız bu cür pozuntular sayəsində hakim partiya rayonda, demək olar ki, 80 faiz səs toplayıb. Buna “Gürcü arzusu” müxalifəti saxtakarlıqda ittiham etməklə cavab verir.

Amma rəsmi məlumatlara görə, mövcud hakimiyyətin lehinə kütləvi səsvermə təkcə azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə olmayıb.

Əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan Axalkalaki və Ninotsminda bələdiyyələrində hakim partiya Marneulidəkindən daha çox - müvafiq olaraq, 88 faiz və 90 faiz səs qazanıb.

Marneulinin mərkəzindəki yol kəsişməsində insanları “Gürcü arzusu”na səs verməyə çağıran nəhəng plakat var. Lövhənin üzərində Ukraynada bombalanmış binanın ağ-qara kadrı ilə yan-yana gürcü məktəbinin idman zalının rəngli fotoşəkli göstərilir. Azərbaycan dilində yazıda deyilir: “Müharibəyə yox! Sülhü seç!”

Hakim partiyanın tezisi belədir: qərbyönlü müxalifət hakimiyyətə gəlsə, Qərb Gürcüstanı Rusiyaya qarşı müharibəyə sürükləyəcək. Bu isə o deməkdir ki, gürcülər “Arzuya” səs verməklə sülhə səs verirlər.

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətini Rusiyanın işğalından öz siyasi məqsədləri üçün istifadə etməkdə günahlandırıb.

“Gürcüləri bağışlayırlar, amma bizi bağışlamazlar”

Gürcü arzusu, seçki, müxalifət, azərbaycanlılar, ermənilər Gürcüstan Marneuli

Şəklin alt yazısı,Bir qayda olaraq, Tbilisi bazarlarında satıcılar Marneuli, Qardabani və Bolnisidən olan azərbaycanlılardır.

Akif 45 yaşındadır, o, Marneulidə avtomobil bazarında ehtiyat hissələri satır.

“Bax, mən gürcü dilini bilmirəm və gedib orada hansısa bir məsələmi həll etmək üçün iş tapa bilmərəm, - o izah edir. - Biz, dili bilməyən azərbaycanlılar, burada sərnişinik, gürcülər isə sürücü. Odur ki, hansımız ölkə üçün cavabdeh olmalıyıq?”

Akif deyir ki, səs verməyə getməyib, getsəydi, hakim partiyaya səs verərdi. Ölkənin cənubundakı azərbaycanlı və erməni kəndlərinin bir çox sakini düşünür ki, Gürcüstan siyasəti gürcülərin işidir.

“Bəzən insanlar deyirlər ki, biz əsas xalq deyilik və gürcüləri bağışladıqları şeylərə görə bizi bağışlamazlar”, - Samtsxe-Cavaxeti Media Analitik Mərkəzi ictimai təşkilatının direktoru Eduard Ayvazyan deyir.

Gürcüstanda azərbaycanlılar və ermənilər SSRİ-nin dağılmasından sonra, bir qayda olaraq, mövcud hökumətə səs veriblər və bu, millətçi Zviad Qamsaxurdiya, keçmiş SSRİ xarici işlər naziri Eduard Şevardnadze və liberal islahatçı Mixail Saakaşvili kimi müxtəlif liderlərin dövründə də dəyişməyib. Bu təcrübə bu günədək davam edir.

Ayvazyan deyir ki, milli azlıqlar müxalifətə səs verməkdən qorxduqları qədər də bu hakimiyyəti sevmirlər. “Onlar düşünürlər ki, hakimiyyətə qarşı getsələr, problemləri olar”.

Politoloq Olesya Vartanyan Tbilisidə yaşayır, lakin Samtsxe-Cavaxetidə böyüyüb.

“Seçkilərə bir həftə qalmış bir yerli məmur mənə dedi ki, “Gürcü arzusu” orada asanlıqla 90 faiz səs qazana bilər və o haqlı çıxdı, - Olesya Vartanyan deyir. - Yerlilər burada bilirlər ki, siyasət uzaq Tbilisidə aparılır və dövlətin əleyhinə getsələr, dəstək gəlməyəcək”.

Müharibəyə qarşı və sabitlik üçün

Gürcü arzusu, seçki, müxalifət, azərbaycanlılar, ermənilər Gürcüstan Marneuli

Şəklin alt yazısı,Suren deyir ki, o, hakim partiyaya səs verib, çünki müharibə istəmir.

Hakim partiyanın lideri, milyarder Bidzina İvanişvili iddia edir ki, guya hansısa “qlobal müharibə partiyası” Gürcüstanı Moskvaya qarşı “ikinci cəbhə” açmağa sövq edir.

“LGBT təbliğatına” qadağa qoyulması və Rusiyaya bənzər xarici agentlər haqqında qanunun qəbulu ilə birlikdə bu, tənqidçilər arasında Rusiya təbliğatını irəli sürmək və ya hətta birbaşa Kremlə işləmək ittihamlarını artırıb.

Amma iqtidaryönlü televiziya kanalları tərəfindən dəfələrlə təkrarlanan iqtidar partiyasının şüarları bəzi ermənilər və azərbaycanlılar arasında səmimi dəstək tapır.

“Bəs sən necə, müharibə istəyirsən, nədir?" – bazarda meyvə satıcısı soruşur.

"Onlar odur e - müharibə istəyirlər, - o deyir və arxasındakı müxalifətin plakatına işarə edir. - Bəlkə sən də onlardan birisən?"

Marneulidən on səkkiz kilometr cənubda yerləşən Krasnoe kəndində, əsasən, ermənilər yaşayır. Onlar azərbaycanlılarla razılaşırlar ki, sülh və sabitlik istəyirlər.

Suren və Sergey adlı iki erməni istixanalar boyunca uzanan yolun kənarında oturublar.

"Ukrayna ukraynalıların nəyə sövq edildiyinə və nəyə gəldiklərinə bir nümunədir, - deyə Sergey izah edir. - Deyirlər ki, buradan ikinci cəbhə açmaq istəyirlər, o zaman burada da eyni şey olacaq, ona görə də mən sülh və sabitliyin yanında olan hökumətin tərəfdarıyam”.

Sergey deyir ki, Tbilisidə müxalifətə səs veriblər, çünki orda mühazirəçilər tərəfindən avropayönlü olmağa təlqin edilən çoxlu tələbə var.

“Avropa kəndlinin nəyinə lazımdır? – biz ora işləməyə gedəcəyik, nədir? Gürcüstanın heç də hamısı orada işləmir. Gürcüstanın qalan hissəsi - fermerdir”, - o, istixanaları göstərərək deyir.

Sergeyin sözünü Suren kəsir: “Bilirsinizmi, burada, əsasən, əkinçilikdir. Meyvəni biz, əsasən, Rusiyaya ixrac edirik. Bu məhsulu Avropaya apara bilməzsən axı, orada özlərinin çoxlu keyfiyyətli məhsulu var”.

Suren deyir ki, sovet illərində Krasnoe kəndində yun emalı zavodu olub və o, orada işləyirmiş. Lakin SSRİ-nin dağılmasından sonra istehsalat dayanıb, avadanlıq isə metal qırıntılarına gedib.

O əlavə edir ki, yerli sakinlərə öz məhsullarını satmağa kömək edən hökumət sərf edir və bütün alma məhsulunu yenicə Rusiyaya satan bir tanışını misal gətirir.

“Mənim üçün nə fərqi var – hökumət qərbyönlüdür, yoxsa rusiyapərəst?! Bizi bu sağqalma yolunu bağlamayacaq hakimiyyət maraqlandırır...”

Gürcü arzusu, seçki, müxalifət, azərbaycanlılar, ermənilər Gürcüstan Marneuli

Şəklin alt yazısı,Rusiyaya ixrac üçün Krasnoye Selo yaxınlığındakı istixanalarda meyvələr yetişdirilir

Krasnoe kəndi ətrafında azərbaycanlı kəndləri var və Suren və Sergeylə söhbətimizə yoldan keçən azərbaycanlı qoşulur. Onlar eyni tərəfdədirlər - Rusiya ilə münasibətləri korlamaq olmaz, əks halda bu, baha başa gələ bilər.

Bu cür yekdilliyi təkcə Bakı və Yerevan sakinlərinə deyil, həm də son vaxtlar azərbaycanlılarla ermənilər arasında kütləvi davalar baş vermiş digər ölkələrdəki diaspor nümayəndələrinə təsəvvür etmək çətindir.

Lakin yerli azərbaycanlıların hakim partiyaya səs vermək qərarına təsir edə biləcək başqa bir amil də var - Azərbaycan televiziyasının dəstəyi.

AzTV dövlət televiziyasının verilişlərinin birində millət vəkili Səməd Seyidov demişdi ki, kollektiv Qərb müxalifətin və “LGBT hərəkatı”nın köməyi ilə gürcüləri fəlakətə aparır. Populyar hökumətyönlü RealTV kanalı hakim partiyanın Qərbin Gürcüstanı Rusiya ilə müharibəyə məcbur etməyə çalışdığına dair tezisini yayıb.

Amma azərbaycanlılar ən çox Gürcüstan azərbaycanlılarını “sabit, sakit, dinc Gürcüstana səs verməyə” çağıran məşhur teleaparıcı Xoşqədəm Hidayətqızının sözlərini müzakirə edirdilər.

"Və qoy bu anda Ukrayna gözünüzün qabağında olsun", - deyən aparıcı hakim partiyanın adını çəkmədən onun tezisini səsləndirib.

Azərbaycan əsilli gürcü siyasətçisi Nərgiz Əliyeva teleaparıcının sözlərini Gürcüstanın daxili işlərinə qarışmaq adlandırıb.

"Erməni karuseli"

Gürcü arzusu, seçki, müxalifət, azərbaycanlılar, ermənilər Gürcüstan Marneuli

Mili azlıqlar Gürcüstan siyasətində az təmsil olunmur, baxmayaraq ki, ermənilər və azərbaycanlılar birlikdə ölkə əhalisinin, demək olar ki, 11 faizini təşkil edirlər.

“Müxalifət bizimlə normal işləməyib - nə erməni, nə də azərbaycanlı azlıqlarla. Baxmayaraq ki, insanlar çox vaxt dövlət dilini bilmir və gürcü televiziyasına baxmırlar”, - Eduard Ayvazyan deyir.

Onun sözlərinə görə, bu rayonların kəndlərinə yalnız hakim partiya təşviqatçılar göndərib. İki əsas müxalifət blokunun namizədləri arasında etnik ermənilərin olmaması da diqqətdən yayınmayıb.

Olesya Vartanyan qeyd edir ki, müxalifət liderləri, əsasən, ermənilərin yaşadığı ərazilərə gəlməyib və yerli mətbuatda təbliğat aparmayıblar. Onlardan fərqli olaraq, hakim partiya bütün resurslarını səfərbər edib.

Tənqidçilər hesab edir ki, inzibati resurslardan da istifadə olunub. Müşahidəçilər və jurnalistlərin bildirdiyinə görə, Marneulidə hökumət işçiləri hakim partiyanın təşviqatçısı kimi çıxış etməyə məcbur edilib, müəllimlər isə “Gürcü arzusu”nun mitinqlərinə aparılıb.

Kamilla Məmmədova üç dildə yayımlanan müstəqil Marneuli radiosunun rəhbəridir. O deyir ki, əməkdaşları bir sıra məntəqələrdə qanun pozuntuları qeydə alıblar.

“Komissiya üzvləri mobil telefonları əlimizdən aldılar, çəkiliş aparmağa imkan vermədilər, bizi “agent”, “xalq düşməni” adlandırdılar”, - Məmmədova deyir. Onun sözlərini seçki məntəqəsindən çəkilmiş videogörüntülər də təsdiqləyir.

Buna baxmayaraq, jurnalistlər pasportları səlahiyyətli orqanlar tərəfindən yığılan müəllimlərin hekayələrini lentə alıblar. Pasportların sonradan elektron səsverməni saxtalaşdırmaq üçün istifadə edildiyi iddia edilir.

Müxalifəti dəstəkləyən Gürcüstan prezidenti Salome Zurabişvili başqasının pasportundan istifadə edərək səsvermənin bu sistemini “erməni karuseli” adlandırıb. Bu “damğa” erməni hüquq müdafiəçiləri və ekspertlərini təhqir edib.

Bu arada nə Krasnoye kəndində ermənilər, nə də Marneulidə bazarda və ehtiyat hissələri mağazasında işləyən azərbaycanlılar “Gürcü arzusu”na rəğbət bəsləsələr də səsverməyə getməyiblər.

Azərbaycanlı taksi sürücüsü Əlövsət deyir ki, indiki hakimiyyət Saakaşvilidən fərqli olaraq, Gürcüstan üçün heç nə etməyib.

“Amma indiki vaxtda yaxşısı odur ki, qoy bunlar olsunlar... Bilirsən, qohumlarım Xarkovdadır və mən düşünürəm ki, qoy müharibə qurtarsın, “Arzu” dörd il oturar, sonra görərik”, - o, götür-qoy edir.

Hakim partiyanın bundan sonra daha dörd il qalmaq üçün yeni arqument tapıb-tapmayacağını soruşduqda, o bir az fikirləşib cavab verir: “Bəlkə də tapar...”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.214491