“Avropa İttifaqının Rusiya ilə hərbi toqquşmalara girmə ehtimalı çox aşağıdır” - POLİTOLOQ
“The Wall Street Journal” qəzetinin məlumatına görə, yüksək rütbəli alman zabitləri Rusiya ilə müharibə ehtimalına qarşı məxfi plan hazırlayıblar. Bildirilir ki, 1200 səhifəlik sənəddə Almaniya və ABŞ da daxil olmaqla, NATO alyansının təxminən 800 000 nəfər əsgərinin şərqdəki cəbhə xəttlərinə yerləşdirilməsi, təchizat yolları və karvanların qorunması planları təsvir olunur.
Bu məlumatdan da göründüyü kimi, Avropa Rusiyadan son dərəcə ehtiyat edir və öz təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atır. Avropanın Rusiyanın təcavüzündən qorunmaq üçün addımlar atmasını isə Kreml yetkililəri Rusiyaya qarşı hərbi qarşıdurmaya hazırlıq kimi qiymətləndirirlər. Belə ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Avropa İttifaqı Rusiya ilə birbaşa hərbi qarşıdurmaya hazırlaşır. O qeyd edib ki, NATO ölkələrinin və ona tabe olan Avropa Birliyinin hərbi inkişaf siyasətinin əsas istiqaməti onların iqtisadiyyatlarını, infrastrukturunu, logistikasını, cəmiyyətlərini və hərbi təşkilatlarını Rusiya ilə birbaşa silahlı münaqişəyə hazırlamaqdır.
Əslində isə görünən odur ki, Rusiyanın Ukraynaya təcavüzü demək olar ki, Avropa dövlətlərinin yuxusuna haram qatıb. Bu baxımdan, Avropa dövlətləri indi daha çox təhlükəsizlik planları üzərində düşünurlər.
Bu barədə Hurriyyet.az-a fikirlərini bölüşən politoloq Turan Rzayev deyib ki, Avropa İttifaqının birbaşa Rusiya ilə hərbi toqquşmalara girmə ehtimalı çox aşağıdır: “Bu, nə Rusiyanın, nə də Avropa İttifaqının maraqlarına uyğundur. Hər şeydən öncə, nəzərə almaq lazımdır ki, Rusiya Avropa İttifaqına qaz ixrac edən bir ölkədir. Yəni enerji və buğda asılılıqları var və bu asılılıqları davam etdiyi bir dövrdə Avropa İttifaqının belə bir müharibə etməsinin heç bir real əsası yoxdur”.
“İkinci tərəfdən, Ukrayna ilə Rusiya arasında danışıqlar gedir. Daha doğrusu, Amerikanın təklifləri əsasında tərəflər arasında sülh danışıqları gedir və istisna deyil ki, bu məsələdə razılaşma əldə edəcəklər. Yəni “Amerika Birləşmiş Ştatlarının belə, bu müharibədə marağı yox ikən, niyə Avropa İttifaqı müharibəyə getsin” sualı aktuallaşır. Bu tipli müharibə kifayət qədər xərcdir və bir o qədər problemlərlə zəngin olacaq. Ona görə, mən belə bir müharibənin baş verəcəyini ehtimal etmirəm. Rusiyanın özünün də bu qədər dövlətlə qarşı-qarşıya gəlmək iqtidarında olmadığını düşünürəm. Yəni bu müharibənin heç bir tərəfə perspektiv vəd etmədiyi və ortada heç bir səbəb olmadığı üçün baş vermə ehtimalları zəifdir”.-deyə politoloq əlavə edib.
Cavid
