Saat:18:18
Haqqımızda

“Avropa İttifaqının müstəqil ordu yaratmaq potensialı yoxdur” - POLİTOLOQ

2025-11-21 17:34:10

“Avropa İttifaqının müstəqil ordu yaratmaq potensialı yoxdur” - POLİTOLOQ

“Hərbiləşdirilmiş şengen zonasının yaradılması Avropanın öz təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən məsələdir”. 

Bu barədə Hurriyyet.az-a politoloq Zeynal Əmrəliyev Avropada “hərbi Şengen zonası”nın yaradılması istiqamətində atılan addımlarla bağlı danışarkən deyib.

“Son zamanlarda Avropanın təhlükəsizliyi ciddi şəkildə təhdid edilir. Məhz bu dövrdə Avropa bir çox təhdidlər aldı. Faktiki şəkildə NATO-dan asılı hala düşmək istəmir. Yəni Avropa İttifaqı müstəqil güc kimi öz mövqeyini qorumağa çalışır. Ancaq biz onun şahidi olduq ki, Avropa İttifaqının müstəqil güc kimi özünü qoruması çox da mümkün bir məsələ deyil”,-deyə politoloq əlavə edib. 

Z.Əmrəliyev qeyd edib ki, faktiki olaraq Avropa İttifaqının üzərinə təzyiqlərin baş verməsi, Çinin xüsusilə qoca qitəni sıxışdırması, paralel şəkildə Rusiyanın artan hücumları və eyni zamanda Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın sərgilədiyi mövqe Avropa İttifaqının müəyyən dərəcədə təhlükəsizlik boşluqlarının yaranmasına səbəb oldu: “İndi Avropa İttifaqı özünün müstəqil ordusunu yaratmır, bununla bağlı əvvəl də təşəbbüslər var idi. Hələ Şarl de Qolun zamanından Fransa bu barədə təşəbbüslər irəli sürmüşdü ki, Avropa İttifaqı öz müstəqil ordusunu yaratsın. Ancaq hazırda Avropa İttifaqının müstəqil ordu yaratmaq potensialı yoxdur. Çünki NATO-dan, daha doğrusu ABŞ-dan olduqca asılı vəziyyətdədir. Çünki NATO-nu konkret şəkildə ABŞ idarə edir. Yəni təşkilata üzv olan Avropa dövlətləri prosesdən artıq uzaqlaşdırılıb”. 

“Buna görə də düşünürəm ki, Avropa İttifaqı bu məsələləri tənzimləmək, öz öz təhlükəsizliyini qorumaq, həm də ABŞ-ı qıcıqlandırmamaq, eyni zamanda NATO tərkibində qalmaq üçün Şengen zonasını hərbiləşdirməyi nəzərdə tutur. “Hərbiləşdirilmiş şengen zonası” adı altında bir hərbi ittifaqın yaradılması missiyasını həyata keçirməyə çalışırlar. Bu siyasətin nə qədər uğurlu olacağı və ABŞ-ın buna reaksiyasının necə olacağı da xüsusi əhəmiyyət kəsb edən bir məsələdir”,-deyə politoloq vurğulayıb.

Qeyd edək ki, Niderland Nazirlər Kabinetinin yaydığı bəyanata görə, Avropa İttifaqının səkkiz ölkəsi Mərkəzi-Şimali Avropada sürətləndirilmiş hərbi mobillik zonasının yaradılması haqqında memarandum imzalayıb. Bildirilir ki, növbəti addım Avropa qitəsində “hərbi Şengen zonası”nın yaradılması olacaq.

CAVİD