"Avropa İttifaqı hər hansı ölkədə hərbi baza yarada bilməz" - ELXAN ŞAHİNOĞLU

"Kreml Avropa İttifaqından çox Fransanın Ermənistanla sıx əlaqələrindən narahat olmalıdır"
"Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin sonunda Brüsseldən xahiş etdi ki, Azərbaycanla təmas xəttinə müşahidəçilər göndərsin. Brüssel iki aylığına təmas xəttinə müşahidəçilər göndərdi. Moskva əvvəlcə buna etiraz etmədi. Ancaq iki ay bitdikdən və Paşinyan Avropa İttifaqının müşahidə missiyasının müddətini və sayını artırmaqla bağlı Brüssellə razılığa gəldikdən sonra Kreml narahat olmağa başladı". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, hazırda Moskvada hesab edirlər ki, Avropa İttifaqı Rusiyanın Ukraynada başının qarışmasından istifadə edərək Cənubi Qafqazda, o cümlədən Ermənistanda hərbi nöqteyi nəzərdən möhkəmlənmək istəyir: "Bu mümkündürmü? Birincisi, Avropa İttifaqı NATO-dan fərqli olaraq hərbi struktur deyil, hər hansı ölkədə hərbi baza yarada bilməz. Misal üçün Avropa İttifaqı Rusiyanın Gümrüdəki hərbi bazasını əvəz edə bilməz. Bu praktik baxımdan mümkün deyil. İkincisi, Avropa İttifaqına üzv dövlətlərinin bir qisminin Cənubi Qafqazda maraqları olsa da, Cənubi Qafqazda Rusiya ilə toqquşmaq istəmirlər. Üçüncüsü, Avropa İttifaqına üzv dövlətlər arasında Azərbaycanla strateji tərəfdaş olanlar da var, enerji əməkdaşlığı mövcuddur".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, həmin dövlətlər Avropa İttifaqının müşahidəçi missiyasının tərkibində yer almağa tələsməyəcəklər: "Avropa İttifaqının Ermənistana göndərəcəyi müşahidəçi missiyasında əsasən Fransa nümayəndələri yer alacaqlar. Əslində, Kreml Avropa İttifaqından çox Fransanın Ermənistanla sıx əlaqələrindən narahat olmalıdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya