Atatürkün dühası və cəsarəti
"Antaliya və çevrəsi Yeni Roma İmperiyasına güzəştə gedilməlidir! Bu, imperator Benito Mussolininin tələbidir!”
Mustafa Kamal Atatürk: “Korkaklar! Boş yere bana makosenlerimi geydirdiler...”
100 illik tarixi ərzində Türkiyə Cümhuriyyəti 4 böyük lider yetişdirib - Mustafa Kamal Atatürk, Bülent Ecevit, Necmeddin Erbakan və Receb Tayyib Erdoğan... Təbii ki, başqa önəmli liderlər də olub, ancaq onlardan heç biri adı çəkilən bu 4 böyük liderin səviyyəsinə yüksəlməyib, geniş kütlə tərəfindən onlar qədər sevgi görməyib. Bu liderlər Türkiyə siyasi tarixinin ən önəmli anlarında ortaya çıxıb və tarixin onlar üzərinə qoyduğu müqəddəs missiyanı uğurla yekunlaşdırıblar. Məhz bu səbəbdəndir ki, siyasi baxışından asılı olmayaraq, geniş ictimaiyyət tərəfindən onların hər biri taxma adla əzizlənib, sevilib, şəxsiyyətlərinə sayğı göstərilib - biri Ata, digəri Qaraoğlan, üçüncüsü Xoca, nəhayət, sonuncusu Rəis adlarıyla tarixin səhifələrinə qızıl hərflərlə həkk olunub.
Adı çəkilən bu 4 liderin içərisində ilki və öndə gələni heç şübhəsiz ki, cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkdür! Məhz onun liderlik vasfları - cəsarəti, bilik və savadı, strateji düşünmə bacarığı, siyasi-hərbi dühası sayəsində məhv edilmiş Osmanlı İmperatorluğunun xarabalıqları üzərində yep-yeni modern dövlət - Türkiyə Cümhuriyyəti bərqərar oldu...
Bu yazıda Atanın Türkiyənin sonrakı taleyində mühüm rol oynamış cəsarətli bir addımından bəhs edəcəm...
Türkiyə Cümhuriyyətinin siyasi həyatından bəhs edən “Dəli Ürək” adlı serialda maraqlı bir epizod var. Serial elə bir tarixi dövrdən bəhs edir ki, o vaxtlar böyük dövlətlərin istihbarat birimləri Türkiyədə at oynadırdı. Təsəvvür edə bilirsiniz, Milli İstihbarat Təşkilatı (MİT) kimi dövlətin bel sütunu olan strateji bir qurumun hətta təmizlik işlərinə baxan sıradan işçisi də öz əməkhaqqını MKİ-nin tərtib etdiyi büdcə əsasında ABŞ dövlətindən alırdı və bu durum ötən əsrin 80-ci illərinin sonlarına qədər davam etdi.
Qayıdaq bəhs etdiyimiz seriala... Filmin qəhrəmanları Yusif Miroğlu və Bozo mövcud duruma qarşı çıxır, Türkiyədə istədiyini edən xarici istihbarat şəbəkəsi ilə mübarizə aparırdı. Kürəsəl Gücü təmsil edən istihbaratçı MİT müstəşarından bu iki şəxsin dərhal həbs edilərək, onlara təslim edilməsini tələb edir. O, müstəşarı və ümumilikdə Türkiyəni aşağılayaraq deyir: “Siz xəyal gücünü itirmiş millətsiniz! Xəyal qurmağı bacarmayan millət böyük millət ola bilməz! Siz bizdən asılısınız! Bu səbəbdən də biz nə istəyiriksə, siz onu etməlisiniz! Sizin xəyal qurub, o xəyalını gerçəkləşdirən son lideriniz Mustafa Kamal Atatürk olub. Artıq belə lideriniz yoxdur! Siz sıradan bir toplumsunuz!”
Əslində, Mister Cek haqlıydı. II Dünya Savaşından sonra Stalin təhlükəsinə qarşı obyektiv və subyektiv səbəblər üzündən “Marşall planı”na “hə” demək məcburiyyəti ilə üzləşən Türkiyə yarım əsrlik Amerika əsarətini yaşadı. Arada Ecevit və Erbakan iqtidarlarının müəyyən təşəbbüsləri olsa da, Türkiyə ABŞ-ın tam əsarətindən yalnız Rəisin sayəsində son 10-12 ildə qurtula bildi...
Mətləbdən uzaqlaşmayaq və qayıdaq Atatürklə bağlı mövzuya...
Ötən əsrin 30-cu illərinin başlanğıcında faşizim ideologiyası üzərində iqtidara gələn Hitler Almaniyası sürətlə inkişaf edirdi. 1929-cu il Ümumdünya İqtisadi Böhranı bütün Avropanı çökdürsə də, faşist Almaniyası sənaye inqilabı sayəsində getdikcə hərbi və iqtisadi gücünü artırırdı. Bu, yeni bir supergücün ortaya çıxması demək idi. II Dünya Savaşı qaçınılmaz görünürdü. Çünki 15 il öncə başa çatan I Dünya Savaşı nəticə baxımından Kayzer Almaniyası üçün alçaldıcı sülh şərtləri və torpaq itkisi ilə başa çatmışdı. Aqressiv xarakterə sahib, almanları ali irq hesab edən Hitler bununla qətiyyən barışmır və yeni bir savaşa girməklə alman xalqının ali irqə mənsub məqamının bütün dünya tərəfindən tanınmasını və keçmiş nüfuzunun bərqərar edilməsini hər fürsətdə dilə gətirirdi. Yaxın 8-10 ildə böyük bir savaşın olacağını hər kəs gözləyirdi.
O dövr üçün modern silahlarla təchiz edilmiş ən professional və ən böyük hərbi güc sayılan faşist Almaniyasının ən yaxın müttəfiqi Benito Mussolininin rəhbərlik etdiyi faşist İtaliyası idi.
Mussolini Almaniya kimi güclü müttəfiqinə arxalanaraq, sərhədlərini genişləndirib, işğal etdiyi yeni torpaqların hesabına iqtisadi qüdrətini də artırmaq istəyirdi. İtaliya bir müddət öncə Liviyanı işğal etmiş, Albaniyanın işğalı üçün də ciddi hazırlıqlara başlamışdı. Albaniyanın İtaliya tərəfindən işğalı Hitler Almaniyasının da siyasi və hərbi maraq dairəsində idi. Çünki başlayacaq dünya savaşında Balkan yarımadasının işğalı üçün Albaniyadan platsdarm kimi istifadə olunacaqdı.
İtaliyanın başqa planları da vardı. Mussolini Aralıq dənizi və Orta Doğuda ciddi şəkildə möhkəmlənmək üçün Türkiyəyə qarşı qəbul olunması mümkün olmayan və ardı-arası kəsilməyən tələblər irəli sürürdü. Sinyor Benito açıq-aşkar deyirdi ki, faşist İtaliyası Roma İmperiyasının varisidir, bu səbəbdən Türkiyənin Aralıq dənizi sahilləri onlara güzəştə gedilməlidir.
1935-ci ilin payızında İtaliya ilə Türkiyə arasında siyasi-diplomatik münasibətlər olduqca gərgin xarakter almışdı. Şəxsən Mussolininin göstərişi ilə Türkiyənin Roma səfirliyi önündə tələbələrin böyük bir aksiyası təşkil olunur. 24 oktyabr tarixdə təşkil olunan bu aksiyada 50 mindən çox gənc iştirak edir. Ön sıralarda Roma Legionlarını xatırlatmaq məqsədilə onların uniformalarına bənzər hərbi geyimlər geyinən gənc faşistlər toplaşmışdı. Tələbələrin əllərindəki pankartlarda “Antaliya əsil sahiblərinə qaytarılmalıdır!” “Anadolunun bütün Akdəniz hövzəsi Romadır!” yazılmışdı. Bu bir təhdid və müharibə elanı səbəbiydi. Tarixin 24 oktyabr olaraq seçilməsi də təsadüf deyildi. Belə ki, cümhuriyyət qurulduğu tarixdən etibarən hər il 29 oktyabr tarixdə Türkiyə Cümhuriyyətinin cümhur başkanı xarici ölkələrin Ankaradakı səfirliklərini bayram tədbirinə dəvət edir və onların şərəfinə ziyafət verirdi. Bu ənənə indinin özündə də davam edir.
Mussolini çox gözəl bilirdi ki, 5 gün sonra Ankarada belə bir ziyafət veriləcək, orada İtaliya səfiri də iştirak edəcək. Bu ərəfədə Romadakı Türkiyə səfirliyi önündə aksiya təşkil edilməsi və Liviyadan sonra Həbəşistanın da faşist İtaliyası tərəfindən işğalı Türkiyəyə və şəxsən Atatürkə qarşı təzyiq metodu sayılmalıdır. Bu fəaliyyətləri ilə əlinin gücləndiyini hesab edən Mussolini ən ciddi həmləni 29 oktyabrda təşkil olunacaq ziyafətdə etmək istəyirdi. Bu səbəbdən də o, Ankaradakı səfirini xüsusi olaraq təlimatlandırmışdı.
Ziyafətin ən qızğın çağında İtaliya səfiri hər kəsin gözü önündə və hər kəsin eşidə biləcəyi şəkildə Mustafa Kamala sərt və imperativ formada Benito Mussolininin tələbini çatdırır: “Antaliya və çevrəsi təməlləri atılan Yeni Roma İmperiyasına güzəştə gedilməlidir! Bu, imperator Benito Mussolininin tələbidir!”
Ankara Palasda bir anda sükut hakim oldu. Hər kəsin diqqəti Atatürkə yönəlmişdi. Görəsən, o nə cavab verəcək!? Bütün qonaqlar Atanın oturduğu masaya yaxınlaşır və üzü qap-qara qaralmış və mavi gözlərindən od yağan bu insanın özünü imperator zənn edən Mussolininin səfirinə nə cavab verəcəyini səbirsizliklə gözləyirdi. Ata bir anlıq sükutdan sonra Tevfik Rüştü Arası (Türkiyənin o vaxtkı xarici işlər naziri, italiyan dilini mükəmməl səviyyədə bilirdi) yanına çağırır və deyir:
- İndi deyəcəklərimi ekselanslarına tərcümə edin, - və sonra üzünü İtaliya səfirinə tutub deyir: - Dükə çatdırın ki...
Tevfik bəy Atatürkə sözünün davamını deməyə imkan vermədən:
- Əfəndim, bu, müharibə səbəbidir, bunu tərcümə edə bilmərəm! - deyir.
Atatürk bir anlıq təbəssümdən sonra fransızca deyir:
- Sənin tərcümə etməyinə gərək yoxdur. Bildiyim qədərilə səfir fransızca da bilir.
Sonra Ata öz fikrini fransız dilində səfirə çatdırır. Onun sözlərindən sonra italiyan səfir əlindəki şərab bakalını masanın üzərinə qoyub, hirslə Ankara Palası tərk edir...
Burada incə bir məqam var. Türkiyə torpaqlarına göz dikən, özünü imperator zənn edən Benito Mussolininin ünvanına Atatürk “Dük” ifadəsini işlədir. Orta əsrlərdə İtaliyada hər şəhərin bir dükü olurdu. Apennin yarımadasında vahid, mərkəzləşmiş dövlət olmadığından bu düklər daha güclü krallar və imperatorların ali hakimiyyətini qəbul etməklə onlara xərac verirdilər. Osmanlı sultanlarına da xərac verən bir neçə dük olub. Atatürk bu ifadəni işlətməklə, əslində, Mussoliniyə sərt mesaj vermiş, onu haqlı olaraq aşağılamışdı.
Faşist liderin cavabı gecikmədi. Baş verən bu hadisədən 3 gün sonra İtaliya Rodos adasına böyük miqdarda hərbi texnika və əsgər toplamağa başladı. Bu, açıq şəkildə Türkiyəyə meydan oxumaqla yanaşı, həm də savaş elanı idi. Çünki I Dünya Savaşı sonrası əldə edilən razılığa görə, İtaliyaya güzəştə gedilən 12 adaya italiyanlar ordu toplamaq hüququna malik deyildi. Rodos adası da həmin 12 adadan biriydi (sonralar İtaliya bu adaları Yunanıstana verdi). Lozan anlaşmasında Türkiyə bir neçə il öncə İtaliyaya güzəştə gedilən bu adaların hərbiləşdiriləcəyi təqdirdə bunu özünə qarşı təhdid və savaş elanı hesab edib, adaların azad edilməsi üçün müharibəyə başlamaq hüququnu verən maddə saldırmışdı.
İtaliyanın Rodos adasına qoşun toplaması iki ölkə arasında müharibəni qaçınılmaz edirdi. Baxmayaraq ki, Hitler İtaliyanın Türkiyəyə qarşı təcavüz planına qarşı idi, ancaq Mussolini onu eşitmir, Anadolunu “yeyə biləcəyi asan lokma” hesab edirdi. Bir şey də dəqiq idi ki, savaş baş verəcəyi təqdirdə Almaniya müttəfiqinin yanında yer almayacaqdı, çünki Hitler daha böyük savaş üçün Türkiyəni və Atatürkü incik salmaq niyyətində deyildi, onu öz yanında görmək istəyirdi. Bu, Mussolinini o qədər də narahat etmirdi, Almaniyanın köməyi olmadan da rəqibi üstələyəcəyinə əmin idi. Ümumiyyətlə, o düşünmürdü ki, savaşa ehtiyac qalacaq. Belə hesab edirdi ki, türk dövləti qorxub geri çəkiləcək, İtaliyanın irəli sürülən tələblərini qəbul edəcək. Lakin sinyor Mussolininin nəzərə almadığı bir şey vardı - Atatürkün dühası və cəsarəti...
3 ay ərzində Rodos adasında bütün hazırlıqlarını tamamlayan İtaliya lideri Ankara səfirinə yeni göstəriş verir. Bu göstəriş əsasında səfir yenidən Atatürklə görüşmək üçün randevu tələb edir. Görüşdə Tevfik Rüştü Aras və Atatürkün mənəvi qızı Afet İnan xanım da iştirak edir. İtaliya səfiri 20 dəqiqə danışır, durmadan təhdidlər yağdırır... Atatürk isə heç nə demədən sakitcə onu dinləyir...
Səfir heç bir diplomatik çərçivəyə sığmayan, sayğıdan uzaq olan çıxışını bitirdikdən sonra Atatürk “bana on dakika müsaade etmenizi rica ederim” deyib, otaqdan çıxır. Təxminən 10 dəqiqə sonra o, Lozan anlaşmasından sonra ilk dəfə geyindiyi marşal formasında və ayaqlarında makosen çəkmələr otağa daxil olur, yerinə oturur, siqaret çıxarıb yandırır. Tüstünü sinəsinə çəkib, üfürdükdən sonra üzünü səfirə tutub deyir:
- Buyurun efendim, şimdi sizi dinliyorum! Demin ne söylemişdiniz? Bir daha tekrar edermisiniz!!!
Afet İnan xanım xatirələrində yazır: “İtalyan Büyükelçisi, afallamış gözlerle Ona baktıktan sonra şunları söyleyebildi: - Ekselanslarına Ducenin selamlarını ve iyi dileklerini takdim etmek için rahatsız etmiştim...”
Elçi bu sözləri dedikdən sonra tələm-tələsik Atatürkün kabinetini tərk edir...
Tevfik Rüştü Aras qorxu içərisində Atatürkdən soruşur:
- Şimdi ne olacak, efendim!?
Atatürk siqaretinin tüstüsünü sonuncu dəfə sinəsinə çəkib, üfürdükdən sonra xüsusi məmnunluqla bu cavabı verir:
- Hiç bir ciddi şey olu vermiyecek. Ama italyanlar ordularını Rodosdan geri çekecekler... Korkaklar! Boşu-boşuna bana makosenlerimi geydirdiler...
Üç ay hazırlıq görən, Rodosa böyük ordu toplayan faşist İtaliyasının bu ordunu geri çəkməsi cəmi 3 gün çəkdi. Atatürk nazir Rüştü Arasa həmin vaxt bu sözü də demişdi:
- Gün gələcək, italiyanlar özləri bu gerzek Mussolinini dar ağacından asacaqlar!
Həqiqətən də müharibənin sonlarına yaxın İsveçrəyə qaçmaq istəyən sinyor Benito İtaliya partizanları tərəfindən ələ keçirilib, dar ağacından asıldı...
Fərəməz Novruzoğlu
