“Atamdan qalan torpağımı əlimdən alırlar” – NAXÇIVAN SAKİNİ RƏSMİ QURUMLARA MÜRACİƏT ETDİ

2023-01-10 13:43:00

“Atamdan qalan torpağımı əlimdən alırlar” – NAXÇIVAN SAKİNİ RƏSMİ QURUMLARA MÜRACİƏT ETDİ

Naxçıvan şəhəri, Kəngərli rayonu, Xok kənd sakini Məmmədov Nihat Vahid oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi redaksiyamıza müraciət edərək bildirir ki, onlara məxsus torpaq sahəsini qanunsuz yolla əllərindən almaq istəyirlər:

“Mən, Məmmədov Nihat Vahid oğlu, Kəngərli rayonunu Xok kəndində yaşayıram. 2019-cu ildə atam rəhmətə gedib. Anam isə işləmək üçün Türkiyəyə gedib.

Atam Məmmədov Vahid Yaqub oğlu qardaşı Məmmədov Qədirə ev tikmək üçün bir hissə torpaq verib. Torpağı 1980-ci ildə sənədləşdirmə olmadan, yaşaması, evsiz qalmaması üçün qardaşına verib.

2004-cü ildə aradan çəpər də çəkiblər ki, qarışıqlıq olmasın. Amma sənədlə torpaq atamın adına olub. Məmmədov Qədir də həmin torpaqda tikdiyi sənədsiz evi Nağdalıyev Hüseyn Eynağı oğluna 2500 manata satıb.

3 ay bundan qabaq həmin Nağdalıyev Hüseyn çəpəri irəli çəkərək, bizə məxsus olan sahəyə girib və torpağımızı mənimsəyib. Bunu sübut edəcək hər bir sənədimiz var. Necə olub, necə edibsə sənədləşdirmə də apararaq torpağı mənimsəyib. Axı, torpaq atamın adınadır, anam da Azərbaycanda yoxdur. Bu sənədləşdirməni necə ediblər?

Kəngərli rayon torpaq şöbəsinə dəfələrlə getmişəm, baxıb mənə deyirlər ki, bəli, 1400 kv metr torpağın var. Amma sənədimi istədikdə vermirlər ki, get məhkəməyə müraciət et.

4 ay olur artıq, işimə baxılmır. Bu insana torağı kim satıb, hansı haqla, bilinmir. Hansı zəmanəyə gəlib çıxmışıq, görürlər ki, təksən evini, torpağını əlindən alırlar.

Sizdən xahiş edirəm səsimi lazımı orqanlara çatdırın. Pulum yoxdur, qardaşımın biri Kəlbəcərdə vətənin keşiyində durur. Yardım edin, öz halal, atadan qalma torpağımı əlimdən ala bilməsinlər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.278165