Saat:12:06
Haqqımızda

ASTARA SAKİNİNDƏN ÖLKƏ BAŞÇISINA NÖVBƏTİ MÜRACİƏT - Tağı Quliyev: “Haqqını tələb edənləri əzir, işgəncələrə məruz qoyur, həbs edirlər”

2022-08-17 22:10:00

ASTARA SAKİNİNDƏN ÖLKƏ BAŞÇISINA NÖVBƏTİ MÜRACİƏT - Tağı Quliyev: “Haqqını tələb edənləri əzir, işgəncələrə məruz qoyur, həbs edirlər”

Ötən həftə “Hürriyyət” qəzetində və Hurriyyet.az saytında “Polis rəisi deyib ki, Tağını şərləyib tutmağı mən əmr etmişəm” sərlövhəli yazı dərc etmişdik. Astara rayon, Ərçivan qəsəbəsinin sakini Quliyev Tağı Xatəm oğlu tərəfindən qəzetimizin redaksiyasına daxil olan şikayət məktubu əsasında dərc olunan yazıda şikayətçi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişdi.

Şikayətşi məktubunda iddia edirdi ki, Astara Rayon Polis Şöbəsinin rəisi Azər Cəfərov öz kabinetində “Rauf Aslanova əmr vermişəm ki, Tağını şərləyib tutsun, onun belini qıracam”, - deyə bildirib. Tağı Quliyevin sözlərinə görə, onda bu faktı təsdiq edən səsli “Whatsapp” mesajı da var.

“Astara Rayon Polis Şöbəsinin rəisi Azər Cəfərov heç nədən çəkinmədən şəhid atasını açıq-aşkar şər-böhtan və iftiralarla öyrədərək, mənə qarşı qaldırmaqla, əslində, şəhid valideyni adına hörmətsizlik edir. Dəfələrlə irəli sürdükləri şər-böhtanlar saxta hesab edilərək, ifşa edilmişdir. Mən 9 aydır Astara Rayon Polis Şöbəsinin şər-böhtanlarından doğma kəndimə gedə, 1 aydır dünyaya gələn övladımı görə bilmirəm.

Sizdən xahiş edirəm ki, Astara Rayon Polis Şöbəsinin rəisi Azər Cəfərovun qanunsuz əməllərinə son qoyulması üçün aidiyyəti orqanlara lazımi göstəriş verəsiniz. Əminəm ki, Sizin mərhəmətiniz sayəsində qanunamüvafiq qaydada tədbirlər görüləcəkdir”, - deyə şikayətçi məktubun sonunda vurğulayırdı.

Yerli sakinlərə kompüterdə ərizə yazanları polisə çağırırlar

“Hürriyyət” vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya növbəti dəfə müraciət edən Tağı Quliyev bildirir ki, qanunsuz olaraq həbs olunacağı təhlükəsi ilə bağlı doğulduğu rayona gedə bilmir:

“Cənab Prezident!

Hörmətli Birinci vitse-prezident!

Azər Cəfər və Rauf Aslanov onları himayə edən məmurlara arxalanaraq, məni şərləyib həbs etdirəcəkləri ilə təhdid edirlər. Mən Sizin mərhəmətinizə, ədalətinizə sığınıram.

Məndə olan sübutları, yəni Azər Cəfərovun və Rauf Aslanovun özbaşnalıqlarını, qanunlara məhəl qoymamalarını, şəhid atasının adından sui-istifadə edib şəhidimizin adına ləkə salması faktlarını təsdiq etməyə hazıram.

Xahiş edirəm, Astara rayon Polis Şöbəsinin rəisi Azər Cəfərovun və Rauf Aslanovun özbaşınalıqlarına son qoyulması üçün müvafiq qurumlara göstəriş verin. Mən onların şər-böhtanına görə doğma rayonuma gedə bilmirəm. Bakıda fəhlə işləri görməklə kirayə tutduğum mənzilin pulunu verim, yoxsa ailəmə, körpəmə pul göndərim?!

Cənab Prezident!

Hörmətli Birinci vitse-prezident!

Mən yazılı olaraq Astara rayon İcra Hakimiyyətinin başçısı, cənab Qəzənfər Ağayevə də müraciət etmişəm. Lakin müraciətimə məhəl qoyulmur.

Mən Azər Cəfərovun və Rauf Aslanovun şərindən qorunmaq üçün rayonda olan mal-qaramı, ev əşyalarımı satıb Bakıda kirayələrə vermişəm. Heç bir əsaslı səbəb olmadan vəzifələrindən sui-istifadə edərək, bilərəkdən mənim ailəmə 2 500 manat maddi ziyan vurublar. Xahiş edirəm, bui ədalətsizliyin qarşısı alınsın.

Astarada sözün əsl mənasından xaos yaşanır. Haqqını tələb edənləri əzir, işgəncələrə məruz qoyur, həbs edirlər.

Mənə qarşı olan haqsızlıqlarla bağl şikayətlərimi yenidən şikayətçi olduğum şəxslərin üstünə göndərirlər. Sizcə, onlar törətdikləri əməlləri etiraf edərlərmi?

Xahiş edirəm, bu qanunsuzluqlarla bağlı cidid araşdırma aparılması üçün lazımi orqanlara göstəriş verəsiniz. Əminəm ki, sayənizdə haqq-ədalət bərpa ediləcək”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR