Saat:12:44
Haqqımızda

AŞPA-nın qərəzli davranışı - Qərbin narahatlığının kökündə dayanan səbəblər

2024-01-27 12:44:32

AŞPA-nın qərəzli davranışı - Qərbin narahatlığının kökündə dayanan səbəblər

Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bu fikri Prezident İlham Əliyev cari il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində səsləndirmişdi. Etiraf etməliyik ki, çoxumuz bu sözlərin fərqində belə deyildik. Bəziləri isə məqsədyönlü şəkildə özlərini eşitməzliyə vururdular. Əslində dövlət başçısı bu fikri səsləndirməklə böyük proseslərin anonsunu vermiş oldu. Sözügedən müsahibədən cəmi iki həftə sonra Prezidentin qeyd etdiyi kimi, həmin o layların tərpənməsinin ilk təzahürünü gördük. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərəzli davranışı və sual dolu addımları məhz həmin layların tərpənməsinin əlamətləridir. Razılaşın ki, yaşanan hadisələrin məhz bu cür təsvir olunması cərəyan edən proseslərə bir qədər də aydınlıq gətirir və bizi əsl səbəblərə daha yaxın edir.

Bu fikirlər politoloq A.Adilin AŞPA-nın ölkəmizə qarşı qərəzli qərarı ilə bağlı qələmə aldığı yazıda yer alıb.

Hurriyyet.az AZƏRTAC-a istinadən məqaləni təqdim edir.

Əlbəttə ki, təsadüfi heç nə yoxdur və bu hadisənin timsalında biz bir daha ona şahidlik etdik ki, Prezident İlham Əliyevin bütün qərar, habelə siyasi addımları qabaqlayıcı və perspektiv xarakterlidir. Xalqın yaşanan hadisələrdə bilməli olduğu əsas məsələ elə budur, çünki bu amil qəbul olunan qərarların doğru olmasında əminlik yaradır. Prezident İlham Əliyevin hər zaman alternativ addımları mövcuddur və bütün hallarda cərəyan edən proseslərin onun nəzarət altında olduğunu deyə bilərik. Bu cür fikirləri açıq şəkildə səsləndirməkdən isə çəkinməməliyik. Beynəlxalq münasibətlər sistemində nəzarət olunmayan proseslərdə iştirak dövlət və dövlətçilik üçün açıq təhdiddir.

Bəli, indi hər bir məsuliyyətli vətəndaş öz dövlətinin yanındadır və şəxsi mövqeyini açıq şəkildə bildirir. İndi istisnasız şəkildə bütün ekspertlər öz şərhlərində haqlı olaraq AŞPA-nın qərəzli davranışını tənqid edirlər. Açıq-aydın görünür ki, Qələbəmiz dünyada “həzm” olunmur. Unutmayaq ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Xalq və ordu beynəlxalq hüququn normalarını özü bərpa etdi. 2020-ci ildə Vətən müharibəsindən və 2023-cü ildə antiterror tədbirlərindən sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi, Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi. Bununla da Azərbaycan bütün beynəlxalq alətlərdən istifadə edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Prezident İlham Əliyevin bəhs etdiyi layların tərpənməsinin əsas səbəblərindən biri elə budur. Odur ki, yaşananların əsl səbəblərini axtaran zaman biz mütləq hadisələrin kökünə və dövlət başçısının açıq şəkildə işarə etdiyi məsələlərin mahiyyətinə baxmalıyıq. Bəhs olunan laylar niyə tərpənib? Əslində, bu sualın cavabı qlobal siyasət yürüdən “super” güclərin strategiyalarında gizlənib. Donmuş layları qoruyan və onların toxunulmazlığını təmin edən güclər də məhz həmin ölkələrdir.

Burada bir daha yuxarıda qeyd olunan müsahibəyə müraciət edək və Prezident İlham Əliyevin həmin sitatını və davamını gətirək: “Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”. Əminliklə deyə bilərik ki, indi Azərbaycan ictimaiyyəti, xüsusilə son günlərdə baş verənlər müstəvisində dövlət başçısının bu sözlərini daha yaxşı anlayır və yaşanan problematikanın dərinliyini daha yaxşı təsəvvür edə bilir.

Əlbəttə ki, “super” güc hesab olunan ölkələr qlobal iddia və strategiyalarından könüllü şəkildə imtina etməyəcəklər. Onlar geosiyasətin klassik “parçala və hökmranlıq et” prinsipinə sadiqdirlər. Bu cür məqsəd və metodları onlar öz siyasətində həm bütöv regiona, həm də konkret ölkələrə şamil edirlər. Bizim tarixi Qələbəmiz onlar tərəfindən yazılmış oyun qaydalarını dəyişdirib və bu amil onları çox narahat edir. Dünyada bir münaqişə onların iştirakı olmadan həllini tapıb. Bu fakt onları həm də ona görə qorxudur ki, proseslər nəzarətdən çıxa bilər. Onları incidən və AŞPA-dakı kimi isterik addımlar atmasının əsasında əslində bu səbəblər dayanır. İlk dəfədir ki, Qərbin oyun qaydalarına yox deyən ölkə olub. Suveren Azərbaycan müstəqil yol seçib və bu, dövlətin müstəqilliyini daha da möhkəmləndirən yoldur. Odur ki, yaşanan hadisələr ətrafında süni səs-küy yaradan amillərə yox, Qərbin narahatçılığının kökündə dayanan əsl səbəblərə diqqət yetirmək lazımdır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR