Asim Mollazadə: “Məmurlar görə bilmədikləri işlərə görə vətəndaşları cəzalandırmağa çalışırlar”
Fevralın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib. İclasın müzakirəsinə ikinci oxunuşda “Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihələri çıxarılıb.
Komitə sədri Sadiq Qurbanov bildirib ki, “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) hazırlanıb. S.Qurbanov layihənin dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlandığını diqqətə çatdırıb. Komitə sədri dəyişikliklərin aktuallığına, insanların həyat təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətini qeyd edib.
İclasın gündəliyinə çıxarılan İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) isə qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. Sənəddə İnzibati Xətalar Məcəlləsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub. Həmçinin qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub.
Qanun layihələrinin müzakirəsində çıxş edən parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, komitə üzvləri Məşhur Məmmədov, İltizam Yusifov bildiriblər ki, dəyişikliklər vətəndaşların mənafelərinin qorunması, qaz qurğularının keyfiyyətinə nəzarətin gücləndirilməsi baxımından mühümdür.
Milli Məclisin deputatı Asim Mollazadə Musavat.com-a a bildirdi ki, bir çox hallarda məmurlar görə bilmədikləri işlərə görə vətəndaşları cəzalandırmağa çalışırlar: “Məsələn, şəhərdə parkinqlərin sayı kifayət qədər deyil. Bunun əziyyətini çəkən də sürücülərdir, cərimə ödəyən də. O ki qaldı sözügedən qanun layihələrinə, burada bir çox məqamlara diqqət etmək lazımdır. Məsələn, sobalar keyfiyyətli deyil. Buna baxmayaraq, cərimələnən yenə də vətəndaş olur. Mən çıxışımda konkret bildirdim ki, əgər məmurlar işini görə bilmirlərsə, müvafiq icra orqanı cəzalandırılmalıdır. Cərimənin məbləği də yüksək olmalıdır. Azərbaycanda bir çox şirkətlər monopolistdir. Vətəndaşların seçim etmək imkanı yoxdur. Vətəndaşları müdafiə etməliyik. Onları yüksək məbləğdə cərimələrlə cəzalandırmamalıyıq.Bu mövzuda müzakirələr davam edir”.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Musavat.com-a bildirdi ki,həmin maddəyə görə (Maddə 542. Qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi) sadəcə sanksiyalar sərtləşdirilib: “Birlik sanksiyaları təyin etmir. Bu, Milli Məclisin səlahiyyətinə aiddir. Təklifə dair etirazımız yoxdur”.
Qeyd edək ki, qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.
Musavat.com
