“Asılı insanı günahlandırmaq olmaz” - MÜSAHİBƏ
Psixoterapevt İlkin Kazımlı: “Asılı insan özünü günahkar hiss etdikdə içindəki depressiv durumları daha da ağırlaşmağa başlayır və bu, daha çox istifadəyə yönəlir”
“Maarifləndirmə olmalıdır ki, terapiya keçən adam evdə özünü günahkar yox, xilas olan bir insan kimi hiss etsin”
“Zərərli vərdiş” dedikdə ağıla ilk növbədə narkotik gəlir. Hansı ki, günümüzdə ən dəhşətli asılılıqlardan biri məhz narkotikdır. Vurduğu zərərin həcminin az, yaxud çoxluğundan asılı olmayaraq, ölkəmizdə digər asılılıq növləri də sürətlə artmaqdadır. Hətta bunlardan iqromaniya (oyun asılılığı) narkomaniyanı da geridə qoyub.
Kütləviliyini nəzərə alsaq, digər asılılıqlar da mövcuddur. Misal üçün ölkəmizdə vətəndaşların demək olar ki, 90 faizi telefondan asılıdır. Bununla yanaşı, alkoqol, siqaret, zərərli qidalar, cinayət aləminə meyllilik və s. asılılıqlar haqda da geniş danışmaq olar. Hətta son zamanlarda evlikləri belə, asılılıqla əlaqələndirmək olar. Söhbət qarşılıqlı sevgi olmayan, müəyyən maraqlar naminə həyata keçirilən evlilliklərdən gedir. Hansı ki, günümüzdə bu cür halların sayı heç də az deyil.
Təsadüfi deyil ki, son illərdə sürətlə artmaqda olan boşanma halları, ailədaxili münaqaişələr bəzən cinayətlə nəticələnir. İnsan sevdiyini öldürə bilərmi? Əlbəttə, yox! Amma asılılıq elə bir hissdir ki, istədiyini mütləq əldə etməlisən, eynən narkotik kimi. Bu baxımdan, ekspertlər hesab edir ki, bütün problemlərin başında məhz psixoloji vəziyyət dayanır.
Zərərli vərdişlərdən uzaq durmaq üçün ən vacibi insanın düçar olduğu asılılığın təhlükəsini dərk etməsidir. Burada da ailənin, məktəbin və cəmiyyətin rolu böyükdür. Uşaqlara və gənclərə kiçik yaşlardan sağlam həyat tərzinin üstünlükləri aşılanmalı, müsbət nümunələr göstərilməlidir. Asılılığa düşmüş insanlar üçün isə psixoloji dəstək, reabilitasiya və düzgün sosial mühit vacibdir. Çünki asılı insanı təzyiq göstərməklə, dava-qalmaqalla, aqressiya ilə düz yola gətirmək qeyri-mümkündür. Əgər biz həmin adamın sağalmağını istəyiriksə, ən birinci onun psixoloqu olmağı bacarmalıyıq.
Bir sözlə, zərərli vərdişlərə yox demək, sağlam həyat tərzini seçmək – təkcə fərdi deyil, ümumilikdə cəmiyyətin gələcəyi üçün vacibdir. Asılılıqdan azad olmaq mümkündür, yetər ki, insan özü istəsin və dəstək görsün.
Deməli, cəmiyyətin sağlamlığı, ölkəmizin gələcək inkişafı naminə hər bir fərdin həyat keyfiyyətinə mənfi təsir göstərən davranışlardan uzaq durmasına nail olmalıyıq. Bəzi vərdişlər ilkin mərhələdə zərərsiz kimi görünə bilər. Lakin zaman keçdikcə həm fiziki, həm də psixoloji sağlamlığa ciddi təsirlər göstərir.
Ekspertlərə görə, stress, tənhalıq, diqqət çatışmazlığı kimi psixoloji faktorlar da asılılıq riskini artırır. Bunun üşün asılılıq hallarının azalması üçün sağlam məşğuliyyətlər vacibdir. Unutmayaq ki, zərərli vərdişlər təkcə insanın özünü deyil, onun yaxın ətrafını, ailəsini və cəmiyyətin rifahını da təhlükə altına alır.
Yeri gəlmişkən, asılılıqların yaranma səbəbi də müxtəlifdir. Məsələn, ailə mühitində sevgi və diqqət çatışmazlığı, sosial təzyiq və qrup təsiri, stress, depressiya və travmatik hadisələr, genetik meyllilik və məqsədsizlik insanı asılılığa yönləndirə bilər. Odur ki, məsələ ilə bağlı psixoterapevt İlkin Kazımlı ilə həmsöhbət olduq.
İ.Kazımlı bildirdi ki, asılılıq yanlız maddə istifadəsi ilə deyil, həmçinin emosional davranış nəticəsində də formalaşır: “Bəzən insan narkotikə deyil, rahatlıq hissinə, diqqətə, yaxud unutmağa bağlanır. Qeyd edim ki, bütün işlərimizdə və həyat prosesimizdə “qızıl orta” deyilən bir anlayış var. “Qızıl orta”nı daim qorumaq lazımdır. Hər bir şeyin artığı ziyandır. Nizami Gəncəvi demiş, bir stəkan artıq su belə, insana ziyan edə bilər. Misal üçün, artıq kitab oxumaq bizi cəmiyyətdən təcrid edir. İdman xeyirlidir, amma artığı ürəyə ziyan verə bilər. Artıq dieta saxlamaq insanları ölümə apara bilər və s. Yəni heç nəyi asılılıq səviyyəsinə salmaq olmaz”.
Psixoterapevt hesab edir ki, günümüzdə ən dəhşətli asılılıq növü narkotik asılılığıdır: “Asılılıqların demək olar ki, hamısı eynidir. Amma ən dəhşətlisi, insana daha çox zərər verən növü narkotikdir. Müalicə istiqamətinə sırf psixoterapevt istiqamətindən baxanda, deyərdim ki, koqnitif davranış terapeyası ilə, yəni xəstənin düşüncə və davranışlarını müsbət nümünələrə doğru dəyişmək olur. O cümlədən, qrup terapiyaları zamanı, yəni eyni problemdən əziyyət çəkən insanlar bir araya gələndə bir-birinə daha yaxşı dəstək olurlar. Əlbəttə, bunlar psixoterapevtin nəzarəti altında olur”.
İlkin Kazımlı deyir ki, asılı insanlar yersiz suçlamaq yanlışdır: “İnsan bilərəkdən və yaxud da bilməyərəkdən hansısa səhvi edibsə, ona “günahkardır” düşüncəsində yanaşmaq olmaz. Həmin insan özünü günahkar hiss etdikdə içindəki depressiv durumları daha da ağırlaşmağa başlayır və bu, daha çox istifadəyə yönəlir. Hətta içində qisas hissi, ümidsizlik hissi yaranır. Daim ətraf mühit ona dəstək olmalı, onu günahlandırmamalıdır.
Qeyd edim ki, bizim asılılıqdan əziyyət çəkən insanlara yanaşmamız birbaşa koqnitif davranış terapeyası ilə olur. Həmin şəxsi test edirik. Testin nəticəsində baxırıq ki, bu insanda depressiv durumlar hansı dərəcədədir. Depressiv durumların üzərindən yanaşmalar etməyə başlayırıq. Əlbəttə, bu, bir günün işi deyil. Uzun müddət lazım olur ki, həmin şəxs effekt əldə etsin.
Ən vacib məsələlərdən biri də ailəsi ilə münasibətləri öyrənirik. Maarifləndirmə olmalıdır ki, terapiya keçən adam evdə özünü günahkar yox, xilas olan bir insan kimi hiss etsin. Hər zaman qeyd edirəm ki, unutmayın, bu, qurtula biləcəyiniz bir məsələdir, siz xilas ola bilərsiniz və siz günahkar deyilsiniz”.
Jalə FAMİLQIZI
Hurriyyet.az
