Saat:22:10
Haqqımızda

Asif Nərimanlı: “İran xarici işlər naziri regiondakı vəziyyəti öyrənmək üçün gəlir”

2025-12-05 18:15:15

Asif Nərimanlı: “İran xarici işlər naziri regiondakı vəziyyəti öyrənmək üçün gəlir”

“Abbas Əraqçinin səfərini Azərbaycan və İran xəttində davam edən normallaşma prosesinin davamı kimi qəbul edə bilərik”. 

Bu sözləri Hurriyyet.az-a politoloq Asif Nərimanlı İran xarici işlər naziri Abbas Əraqçinin gələn həftə Azərbaycana nəzərdə tutulan səfəri barədə deyib.

“Daha öncə, İrandan qaynaqlanan səbəblərə görə, Azərbaycan-İran arasında münasibətlər kəskinləşsə də, artıq sonrakı dövrdə bu proses normallaşma istiqamətində davam edir və hazırda İran-Azərbaycan münasibətlərində kəskin problemlər görünmür. Yəni tərəflər bir çox ziddiyyətli məsələlərdə razılığa gəlib. Bu isə o deməkdir ki, bundan sonrakı dövrdə də hər hansı ziddiyyətli bir məsələ olarsa, tərəflər bunu dialoq yolu ilə həll etmək imkanına sahibdirlər”,-deyə politoloq əlavə edib.

A.Nərimanlı bildirib ki, Abbas Əraqçinin səfəri normallaşma prosesini davam etdirmək, daha da irəliyə aparmaq məqsədi daşıyır: “Bu səfərə həm də bir neçə istiqamətdə baxa bilərik. Birincisi, regional proseslərlə bağlıdır. Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra, Azərbaycan və Ermənistan arasında münasibətlərin qurulması əsas məsələlərdən biridir. İran regiondakı yeni şərtlərdə öz mövqelərini qorumağa, öz maraqlarını təmin etməyə çalışır. Belə demək mümkünsə, İran xarici işlər naziri regiondakı vəziyyəti yerində öyrənmək üçün gəlir. Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması və bundan sonrakı dövrdə regionda İranın maraqları necə qorunacaq və yaxud İranın mövqeyinin necə qəbul ediləcəyini aydınlaşdırmaq, həm də yeni şərtlərə uyğun olaraq bu regionda iştirak etmək niyyətindədir”. 

A.Nərimanlı diqqətə çatdırıb ki, daha öncə, İran Ermənistan vektorlu siyasət yürütməklə, regiondakı mövqelərini qorumağa çalışırdısa, bu məsələ artıq heç bir effekt verməyib: “Bundan sonrakı dövrdə İran da anlayır ki, Azərbaycanla normal münasibətlər çərçivəsində bu regionda təmsil oluna bilər. Hesab edirəm ki, Əraqçi Bakıda həm də bu məsələni müzakirə edəcək. Bununla yanaşı, bilirik ki, Zəngəzur dəhlizi məsələsi var ki İran üçün əsas məsələlərdən biridir. İranın hazırkı hökuməti Zəngəzur dəhlizinə qarşı mövqedən çıxış etmir, əksinə bu layihədə iştirak imkanı əldə etmək, bir növ yararlamaq niyyətindədir. Lakin İran üçün həm də bir məsələ önəmlidir. Bu, Zəngəzur dəhlizində Amerikanın iştirakı məsələsidir. Yəni İran bu layihədə iştirak etmək və iqtisadi divident əldə etmək istəyir, amma İran bunu aydınlaşdırmalıdır ki, Amerikanın bu bölgədə mövcudluğu İrana hansı təhlükələr yarada bilər. Hesab edirəm ki, İran üçün Cənubi Qafqazda hazırda əsas prioritetlərdən biri budur. Deməli, Əraqçi həm də Zəngəzur dəhlizi fonunda prosesləri müzakirə etmək niyyəti ilə Bakıya gəlir”.

“Bütün bunlarla yanaşı, Cənubi Qafqazdan kənarda Yaxın Şərqdə baş verən məsələlər də İran üçün maraqlıdır. Bilirik ki, Qəzza məsələsində Azərbaycan sülhün təmin edilməsi istiqamətində çıxış edən ölkələrdən biridir və Azərbaycanın adı Qəzzaya sülhməramlı göndərəcək ölkələrin arasındadır, yəni sülhməramlılarını göndərə biləcək ən potensial ölkələrdən biridir. İran bilir ki, Qəzza daxil olmaqla, Yaxın Qərqdə mövqeləri kifayət qədər zəifləyib. Amma görünür ki, İran Yaxın Şərqdə mövqeləri güclənən Azərbaycan üzərindən də vəziyyəti öyrənmək, həm də Yaxın Şərqdə hazırda aktiv siyasət aparan Azərbaycanla münasibətləri normallaşdıraraq, Azərbaycanla münasibətlər fonunda Yaxın Şərqdə siyasətini yürüdə bilər. Hesab edirəm ki, burada Cənubi Qafqazdakı proseslərlə yanaşı, istisna deyil ki, həm də Yaxn Şərqdəki proseslər İran üçün maraqlıdır. Və yaxud Azərbaycanın Yaxın Şərqə baxışı maraqlıdır”,-deyə politoloq vurğulayıb.

CAVİD