“Artıq Türkiyə və Azərbaycan diaspor qurumları arasında heç bir fərq yoxdur...” - SEVDA DADAŞOVA

2021-07-10 11:19:00

“Artıq Türkiyə və Azərbaycan diaspor qurumları arasında heç bir fərq yoxdur...” - SEVDA DADAŞOVA

Qarabağın adını yaşatmaq üçün İsveçdə “Qarabağ məktəbi” yaratdıq...”

“Fuad Muradov sədrliyə keçəndən sonra Diaspor Komitəsinin işi daha çox nəzərə çarpmağa başladı

Əksər postsovet ölkələrinin vətəndaşları kimi, soydaşlarımızı da cəlb edən Avropa ölkələrindən biri İsveçdir. Soyuq iqlimə malik olmasına baxmayaraq, İsveç çoxlarının yaşamaq arzusunda olduğu ölkədir. Bu ölkədəki soydaşlarımız arasında ölkəmizin tanıdılması, adət-ənənələrimizin və dəyərlərimizin təbliğatı ilə seçilən, bu işə əmək və sevgi verən diaspor fəalımız Sevda Dadaşova ilə söhbətləşdik. Sevda xanım iradəsi, qətiyyəti ilə diaspor işinə cani-könüldən qəlbini vermiş soydaşımızdır, özünün də dediyi kimi, könüllü “vətən səsi”dir.  

- Sevda xanım, ilk öncə özünüzü oxucularımıza daha ətraflı təqdim etmənizi xahiş edirik…

- Mən 20 ildir İsveç Krallığında, Stokholm şəhərində yaşayıram. 2017-ci ildə “SAF” İsveç-Azərbaycan Birliyini yaratmışıq. 2018-ci ildə “Qarabağ məktəbi”ni, ardınca da “Qarabağ” rəqs məktəbini yaratmışıq. Eyni zamanda da “İnternational Woman Club”-un yeganə azərbaycanlı üzvüyəm. Eləcə də bizim Beynəlxalq Azərbaycan Xanımlar Klubunun (ALC) da üzvüyəm. Bu klubu da bizim Hollandiyada yaşayan soydaşımız Kəmalə xanım yaradıb. Klubda dünyadakı bütün ziyalı və fəal azərbaycanlı xanımlar biraraya gəlib.

- Sevda xanım, nəyə görə İsveçdə yaşamağı seçdiniz?

-Demək olmaz ki, mən məhz İsveçi seçdim. Belə demək olarsa, İsveç məni seçdi. Öncə düşünürdüm ki, hər insan öz vətənində qəhrəmandır. Amma yeni bir ölkədə, dil bilmədən, oranı tanımadan uğurlar əldə etmək olarmı – bunu özüm-özümə sübut etmək üçün İsveçdə qaldım.

- Ümumiyyətlə, İsveçdə Azərbaycanı necə tanıyırlar?

- Bilirsinizmi, 20 il bundan əvvəl Azərbaycanı ölkə olaraq demək olar ki, az-az isveçli tanıyırdı. Sonra biz orada çoxaldıqca, ölkəmizi azdan-çoxdan tanımağa başladılar. Təbii ki, fikirlər müxtəlifdir. Çünki hər bir azərbaycanlı ölkədən çıxarkən özü diaspor üzvü olur və təbii ki, biz başqa ölkədə, məsələn iş yerində, məktəbdə, universitetdə, adicə küçədə özümüzü necə aparmağımızdan asılı olaraq Azərbaycanı təmsil edirik. Bu səbəbdən də özümüzü necə göstəririksə, isveçlilərdə Azərbacan haqda da elə fikir yaradırıq. Amma 44 günlük Zəfər savaşı baş verəndən sonra, Azərbaycanı tanımayanlar da tanıdı.

- Necə düşünürsünüz, bu ölkədə yaşayan soydaşlarımız yetərincə təşkilatlana biliblərmi?

- Baxmayaraq ki, Diaspor Komitəsi 19 ildir yaranıb, amma şəxsən özüm bu diaspor işində 4 ildir fəaliyyət göstərirəm. Mən İsveçdə yaşadığım 20 il ərzində bütün tədbirlərdə aktiv iştirak edirdim, amma Komitənin fəallığı çox gözəçarpan deyildi. Fuad Muradov sədrliyə keçəndən sonra Diaspor Komitəsinin işi daha çox nəzərə çarpmağa başladı. Müxətlif ölkələrdəki Azərbaycan təşkilatları ilə onlar özləri əlaqə saxlamağa başladılar. Mən də o vaxtdan bu Komitənin varlığının fərqində olmağa başladım. Çünki bundan əvvəl Diaspor Komitəsinin aktivliyi çox deyildi. İndi isə biz hasısa çətinliklə rastlaşanda, hansısa məlumat, yaxud material lazım olanda hər zaman Diaspor Komitəsinin əməkdaşları çox operativ işləyərək, bizə hər cür dəstək veriblər. Buradan Komitənin hər bir əməkdaşına dərin təşəkkürümü bildirirəm ki, onların sayəsində “biz vətəni uzaqda hiss etmirik”.

- Çox gözəl. Bəs İsveçdə Azərbaycana aid tədbirlər keçirilən zaman Diaspor Komitəsi oradakı təşkilatlarımızın iştirakını təmin etmək üçün onları koordinasiya edirmi?

- Bilirsinizmi, İsveçdə qeydiyyatdan keçən çox təşkilatlarımız var. Biz də hansı təşkilata aid olub-olmadığımızdan asılı olmayaraq, çalışırıq ki, bacarıqlarımızı ortaya qoyaq və bir-birimizə dəstək olaq.

- Bəs, İsveçdə daha çox hansı ölkələrin diaspor qurumları ilə təmaslarınız var? Məsələn, qardaş Türkiyənin təşkilatları ilə əlaqələriniz varmı?

-Mənə elə gəlir ki, artıq Türkiyə-Azərbaycan diaspor qurumlarının fərqi yoxdur, biz eyni millətik. Fürsətdən istifadə edib, Türkiyənin İsveçdəki səfiri Əmrə bəyin xanımı Fiqen xanımı da buradan salamlayır və təşəkkür etmək istəyirəm. Çünki o, bizə çox dəstək olub. Bizim bir yerdə həyata keçirdiyimiz layihələr var. Artıq Azərbaycan, ya da Türkiyə diaspor təşkilatı anlayışı qalmayıb. Biz çalışırıq ki, bir diaspor kimi bir-birimizə hərtərəfli dəstək olaq.

Qaldı digər ölkələrə, biz İsveç qurumları, təşkilatları ilə, bəzi QHT-lərlə birgə çalışırıq.

-Hansı İsveç qurumları ilə çalışırsınız?

-Məsələn, “Vətəndaşlıq məktəbi” deyilən qurumla çalışırıq. Ümumiyyətlə, İsveçdə 10 ədəd təhsil idarəsi var və biz onlarla əməkdaşlıq edirik. Digər təhsil qurumları ilə də əməkdaşlıq edirik. Amma bizim “Qarabağ” həftəsonu məktəbinin də fəaliyyətini yürüdürük. Bu məktəb İsveç cəmiyyətinə inteqrasiya etmək və assimilyasiyanın da qarşısın almaq üçün yaradılıb. Məktəbin məqsədlərindən biri yeni gələn azərbaycanlıların İsveç dövlətinə inteqrasiyasına dəstək olmaqdır. Həm də azərbaycanlı uşaqların öz dilini unutmaması əsas məqsədlərimizdəndir. Dilin tədrisindən başqa, rəqsimizin, mətbəximizin, musiqimizin, incəsənətimizin təbliği, yaşadılması, tanıdılması ilə məşğuluq. Bizim “Qarabağ” rəqs qrupumuz pandemiyadan əvvəl İsveçdə ən böyük festivallarda iştirak edib. Ümid edirik ki, pandemiya tezliklə bitər, qrupun üzvləri yenidən festivallarda iştirak edərlər.

-“Qarabağ” rəqs qrupu eyni adlı məktəbin nəzdində fəaliyyət göstərir?

-Bəli. Uşaqların getdiyi bütün məktəblərdə ana dili tədris olunur, amma bütün azərbaycanlı ailələr ana dilinin tədrisində dilimizi seçmirlər. Elə ailələr var ki, onlar bu sahədə ya türk dilini, ya rus dilini seçirlər. Bu uşaqlar da hətfəsonu bizim məktəbə - “Qarabağ məktəbi”nə gəlirlər.

-Necə oldu ki, bu məktəbi yaratmaq qərarına gəldiniz?

- Buna Qarabağın adını yaşatmaq üçün ehtiyacımız var idi. Bizi bütün festivallara dəvət edirdilər. Hətta İsveçin ən nüfuzlu televiziyası olan kanalı STV-də də bizim “Qarabağ” qrupunu göstərmişdilər və verilşdə “Qarabağ Azərbaycandır!” şüarı da nümayiş olunmuşdu. Zəfər müharibəsindən öncə bizim barəmizdə İveçin dövlət kanalında məlumat getmişdi. Hər bir festivalda bizi dəvət edirilər və biz yalnız isveçlilər tərəfindən yox, rus, fars, əfqan cəmiyyətləri və s. təşkilatlar tərəfindən də dəvət alırıq. Biz “Qarabağ” rəqs qrupunun adı ilə tanıdırdıq ki, Qarabağ Azərbaycan torpağıdır. Hətta bizə bir dəfə rus cəmiyyətindən dəvət gəlmişdi ki, “biz sizin rəqslərinizi görmüşük, sizin gözəl rəqsləriniz, milli geyimləriniz var. İstəyirik ki, siz gəlib bizim tədbirdə çıxış edəsiniz.  Amma bir xahişimiz var ki, olar qrupun adını Qarabağ kimi çəkməyək”. Cavab olaraq bildirdim ki, adımızda nə problem var ki? Dedilər ki, Qarabağ siyasətdir... Cavab verdim ki, bizim adımızın “Qarabağ” olmasının siyasətlə heç bir əlaqəsi yoxdur, Qarabağ Azərbaycan torpağıdır, bizim də haqqımızdır ki, qrupumuzu Qarabağ adlandıraq. Bizi dəvət edirsinizsə, bizim adımızı o tədbirdə səsləndirmək şərtdir.

-Sonu necə oldu?

-Onlar rus səfirliyini, erməniləri də dəvət etmişdilər deyə, belə nəticə alındı ki, biz imtina etdik. Şərt qoyduq ki, “Qarabağ” adı səsləndirilsin. Çünki hər çıxışımızda biz “Qarabağ” qrupu, onun necə yaranması, Azərbaycanın torpağının - Qarabağın işğal olunması, minlərlə uşağın evlərindən qovulması, bizim qarabağlı uşaqlara ədalət istəməyimiz, onların qayıtmasını tələb etməyimiz haqda məlumatlar verirdik. Onlara dəstək olaraq rəqs qrupumuzun adını “Qarabağ” adlandırdığımızı mütləq çıxışlarımızdan əvvəl bildirirdik və mədəniyyət vasitəsilə öz həqiqətlərimizi çatdırırdıq.

Bu məktəbin yerləşdiyi məkanı İsveç təşkilatı bizə pulsuz verib. Bundan başqa, digər bir İsveç təşkilatı da bizim idman zallarımız üçün şərait yaradıb, orada da bizim məşqlər keçirilir. Məktəbizim belə fəaliyyət göstərir, amma diaspor işi olaraq, bu, könüllüdür.

-Sevda xanım, maliyyə məsələsini necə həll edirsiniz? Məsələn, sizin öz təşkilatınız  olan “SAF” Iveç-Azərbaycan Birliyi təşkilatı da var. Sizə dəstək varmı?

-Bilirsiniz, kim diaspor yoluna çıxırsa, onun könüllü olduğunu bilməlidir. Bu işdə çox vaxt, çox enerji, ömür gedir. Əsas da bu işdə fədakar olmaq lazımdır. Azərbaycanda hər an baş verən hadisələri işıqlandırmağa 24 saat hazır olmalısan. Məsələn, mitinqlər, yürüş, etiraz aksiyaları, bəyanatlar olsun. Eləcə də bəyanatların yazılması, müraciətlərin edilməsi, həm parlamentə, həm ümumiyyətlə İsveç cəmiyyətinə. Ona görə, maliyyələşdirmə hər yerdə çətindir, amma həqiqətən faydalı layihələr olursa, həm İsveç, həm Azərbaycan tərəfindən dəstəklənir.

- Belə aydın olur ki, əksər hallarda özünüz maliyyəni təşkil edirsiniz.

-Bəli. Pandemiya zamanı hər şey onlayn olunurdu. Amma pandemiyadan sonra biz bu tədbirləri canlı həyata keçirəcəyik. Bizdəki tədbirlərdə - Həmrəylik Günü, Novruz bayramı, Respublika Günü, eləcə də Xocalı Anım Günü, 20 Yanvar faciəsi, 31 Mart Soyqırımı günü, 44 günlük müharibə dövründəki Bərdə, Gəncə hadisələri mütləq qeyd olunur. Sağ olsunlar Atilla bəy və Orxan bəy, buradan onlara salam göndərmək istəyirəm, onlar türk jurnalistlər olaraq bütün məlumatları İsveç və Türk mətbuatında paylaşırdılar.

- Bəs siz “SAF”-ı nə vaxt yaratdınız?

-Biz onu 2017-ci ildə yaratdıq, rəsmi olaraq Vergilər Nazirliyindən qeydiyyatdan keçirdik və ilk illər öz gücümüzə, üzvlük haqqı toplanmaqla konsertlər təşkil edirdik. 400-500-dən çox qonağımız gəlirdi. Maddi dəstəyimiz olmadığına görə, bilet formasında satışlar etməyə məcbur idik. Çünki Azərbaycandan müsiqiçilər, müğənnilər dəvət etdiyimizə görə, başqa xərclər də var idi. Həmin müğənnilərə, müsiqiçilərə də minnətdarlığımı bildirirəm, təmənnasız gəlib iştirak edirdilər. Onların yol xərclərini, otel və qalmaq xərclərini biletləri satmaqla təşkil edirdik. Bu kommersiya yox, çəkilən xərclərin bir hissəsini ödəmək məqsədli idi.

- Qeyd etdiniz ki, “Azərbaycan Beynəlxalq Xanımlar Klubu”nun (ALC) və “Beynəlxalq Qadın Klubu”nun (IWC) üzvüsünüz. Burada tələblər necədir? Siz Kəmalə xanımın da adını çəkdiniz...

-Bəli, Hollandiyada gözəl bir xanım soydaşımız var, Kəmalə xanım, o, ilk öncə vatsap qrupu yaratdı, sonra zoom görüşlərimiz oldu. Hətta Azərbaycandan və başqa ölkələrdən olan xanımlarımızla çalışmalarımız oldu. Pandemiyadan sonra bəzi işlər təşkil edəcəyik. Biz orada faydalı işlər görürük, bir-birimizə məsləhətlər veririk, aksiyalar həyata keçiririk. Məsələn, mən 44 günlük müharibədə - 27 sentyabrda Azərbaycana gəldim, bir saatdan sonra müharibə elan olundu. Müharibənin ilk 20 gününü mən Azərbaycanda oldum. Həmin xanımlarla aksiyalar keçirdik, vəsaitlər topladıq, əsgərlərə dəstək yolladıq, əsgər ailələrini ziyarət etdik, şəhid və qazi ailələrinə maddi yardımlar göstərdik. 20 gündən sonra gördüm ki, mənim İsveçə gedib orada işlər görməyimə daha çox ehtiyac var. Bu, Azərbaycan üçün daha çox faydalı olar. İsveçə qayıtdım. İnanın ki, 44 gündə İsveçdə baş verən hadisələri, gördüyümüz işləri “yalnız biz gördük” desək yalan olar. Çünki hansı təşkilatdan olmağımıza, siyasi baxışlarımızdan, yaşından, cinsindən asılı olmayaraq hər kəs yumruq kimi birləşdi. Bu birliyi mən hər zaman arzulayıram. Çünki güc sayda deyil, güc birlikdədir. Biz nə qədər birlik olsaq, o qədər çox iş görə bilərik. Azərbaycan Beynəlxalq Xanımlar Klubu ilə həm zoom vasitəsilə, həm keçirdiyimiz aksiyalar vasitəsilə əlaqəmiz oldu. Beynəlxalq Qadın Klubu (IWC) ilə də görüşümüz oldu. Mənim də orada yeganə azərbaycanlı olaraq təmsil olunmağım böyük maraq oyatdı. Bu təşkilatdakı xanımlar səfir xanımlarıdır, iş adamlarıdır. Həm yeni, həm də tək azərbaycanlı olmağım onların diqqətini cəlb etdi. Özümü təqdim edəndə ki, “mən azərbaycanlıyam”, o zaman bu qurumun rəhbəri amerikalı Karolina xanım idi, o, mənə söyləmişdi ki, “böyük məmnuniyyətlə sənin vətənini tanımaq istərdik”. Mən də cavabında bildirdim ki, böyük məmnuniyyətlə Azərbaycanı sizə təqdim etmək istərdim. Baxmayaraq ki, o, qurumda növbə var, amma Azərbaycan orada yeni olduğuna görə bizi tanımaq istəyirlər. Pandemiya bitdikdən sonra təşkil olunacaq təqdimatda bizim “Qarabağ” qrupumuz da çıxış edər -rəqslərimizlə və geyimlərimizlə milli mədəniyyətimizi göstərərlər, həm onları mətbəximizlə tanış edərik. O təqdimatda Azərbaycan haqda video göstərəcəyik, həm də sonda ölkəmizə aid suvenirlər təqdim edəcəyik.

- Nə vaxta planlaşdırırsınız bu təqdimatı keçirməyi?

-Keçən zoom görüşündə məlum oldu ki, yavaş-yavaş hərəkətlənmə var. Yəqin ki, bu yaxınlarda, İsveç hökuməti nə vaxt icazə versə bu layihəni reallaşdıracağıq.

 (Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA