"Artıq Qərbdə tam dərk edilir ki, güclü Ukrayna dövlətinin mövcudluğu kritik önəmə sahibdir" - ŞAHİN CƏFƏRLİ

2022-08-24 11:48:00

"Ukrayna rəhbərliyi Krımın geri qaytarılacağına inanır, tərəfdaş ölkələr də ən azından bunu artıq qeyri-mümkün saymırlar"

"Krım Platformasının online formatda zirvə toplantısı keçirildi. Ötən il keçirilən təsis mərasimində 45 dövlət və beynəlxalq təşkilat nümayəndəsi iştirak etdiyi halda, bugünkü toplantıya 60-dan çox dövlət, hökumət başçısı və digər rəsmi təmsilçilər qatılmışdı. (Polşa prezidenti Anjey Duda Ukrayna rəhbərliyi və Krım tatarlarının liderləri ilə bərabər fiziki olaraq orada idi.) Diqqəti cəlb edən ən önəmli, həm də paradoksal məqam bundan ibarətdir ki, Rusiya dövlətinin bütün gücü ilə Ukrayna üzərinə hücuma keçdiyi bir dövrdə keçirilməsinə baxmayaraq, yığıncaqda Krımın geri qaytarılacağına dair nikbinlik var idi". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Siyasi şərhçi hesab edir ki, Ukrayna rəhbərliyi buna inanır, tərəfdaş ölkələr də ən azından bunu artıq qeyri-mümkün saymırlar: "Polşanın mövqeyini xüsusi qeyd etmək lazımdır. Prezident Duda bildirdi ki, təkcə 23 fevrala olan vəziyyətə qayıtmaq doğru olmaz, Krımı da mütləq şəkildə azad etmək gərəkdir və Polşa son ana qədər Ukraynanın yanında olacaq. Fransa prezidenti Makron sərt mövqe ortaya qoyaraq bəyan etdi ki, Rusiyaya qarşı zəiflik göstərmək və onunla hər hansı kompomisə getmək olmaz: "Çünki söhbət hamımızın azadlığından gedir". Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan videomüraciətində gözlənilmədən "Krım Ukraynaya qaytarılmalıdır", dedi. Ərdoğanın real siyasəti bu mövqeyə heç uyğun gəlməsə də, hər halda, Türkiyə dövlətinin dünyaya elan olunan, rəsmi qeydlərə keçən mövqeyi kimi bu sözlər önəm daşıyır. Burada daxili siyasət faktoru da rol oynayır. Türkiyədə 5-6 milyon Krım kökənli türk var və ölkə rəhbərliyi zaman-zaman onlara isti mesaj göndərmək ehtiyacı hiss edir".

Şahin Cəfərli qeyd edib ki, digər dövlət, hökumət başçıları, NATO, Avropa Birliyi rəhbərləri də bənzər çıxışlar etdilər: "Artıq Qərbdə tam dərk edilir ki, güclü Ukrayna dövlətinin mövcudluğu avroatlantik təhlükəsizlik baxımından kritik önəmə sahibdir, belə bir Ukrayna aqressiv, imperialist Rusiyanın qarşısını kəsən çox mühüm bufer rolunu oynayır və gələcəkdə də oynayacaq. Bu dəstəkdən ruhlanan Ukrayna prezidenti Zelenski mövcud durumda Rusiya ilə danışıqlara getməyəcəklərini, işğal altındakı əraziləri geri qaytarmaq üçün müharibəni davam etdirəcəklərini, Krımda Ukraynanın və Krım tatarlarının bayraqlarının dalğalanacağı günün uzaqda olmadığını bildirdi".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000119