Saat:04:33
Haqqımızda

AQTA “Bravo” qalmaqalından sonra məlumatları açıqlamır

2024-04-01 16:48:09

AQTA “Bravo” qalmaqalından sonra məlumatları açıqlamır

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin fevral ayı üçün nəzərdə tutulan qida təhlükəsizliyi qeydiyyatına alınma və qeydiyyatdan imtina halları ilə bağlı reyestr məlumatlarını açıqlamayıb.

Hurriyyet.az xəbər verir ki, əvvəlki aylara aid reyestr məlumatları növbəti ayın ilk həftəsi ərzində açıqlandığı halda, fevral ayı ilə bağlı məlumatlar üzərindən bir ay keçməsinə baxmayaraq açıqlanmır.

Məlumat üçün bildirək ki, 2023-cü ilin oktyabr ayının reyestr məlumatları noyabr ayının 1-də, noyabr ayının məlumatları dekabr ayının 4-də, dekabr ayının məlumatları 2024-cü ilin yanvar ayının 8-də, yanvar ayının məlumatları isə fevral ayının 8-də açıqlanıb. Lakin, çox maraqlıdır ki, fevral ayının məlumatları mart ayı başa çatsa da, açıqlanmayıb.

Onu da qeyd edək ki, AQTA-nın bu ilin fevral ayında açıqladığı sonuncu reyestr məlumatlarında göstərilirdi ki, onlar Azərbaycanın ən böyük supermarketlər şəbəkəsindən biri olan “Bravo”nun sahibi – “Azərbaycan Supermarket” MMC-nin 12 may 2023-cü il tarixli 02-Q-00296 nömrəli qida təhlükəsizliyi qeydiyyatını ləğv ediblər.

Bu məlumat 13 fevral 2024-cü il tarixində yeniavaz.com saytında yayımlandıqdan sonra “Bravo” marketlər şəbəkəsindən açıqlama verildi. “Bravo”nun açıqlamasında bildirilirdi ki, marketlər şəbəkəsinin Şuşada yerləşən filialına aid ilk reyestr çıxarışı 2021-ci ildə Bakı Regional Bölməsindən alınıb və hal-hazırda qüvvədədir:

“Bakı Regional bölməsindən alınan AQTA çıxarışı qüvvədə qaldığı üçün, 2023-cü ildə Qarabağ Regional Bölməsindən alınan ikinci reyster çıxarışı şirkətimizin müraciəti əsasında qüvvədən düşüb”.

Bu ilin fevral ayı üçün nəzərdə tutulan “Qida təhlükəsizliyi qeydiyyatına alınma və qeydiyyatdan imtina halları ilə bağlı reyestr məlumatları”nın hansı səbəbdən bu günə kimi açıqlanmadığı ilə AQTA-ya ünvanladığımız sorğuya belə cavab verildi:

“Sayta yerləşdiriləndə məlumat veriləcək”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.328417