Saat:11:35
Haqqımızda

AQİL BABAYEVİN HƏBSİNİN GİZLİNLƏRİ - "İmam Mehdi" söhbəti necə ortaya çıxdı...

2021-09-28 10:17:00

AQİL BABAYEVİN HƏBSİNİN GİZLİNLƏRİ -

Vəkil Elnur Quliyev: “Daxili İşlər Nazirliyi təhrif olunmuş məlumatlar verməklə, cəmiyyətdə çaşqınlıq yaratmışdır”

“Aqil Babayevə qarşı “12-ci imam” adı altında qarayaxma kampaniyasının aparılması, şər-böhtan xarakterli məlumatların verilməsi onun evindən aparılan külli miqdarda vəsaitin ört-basdır edilməsinə xidmət edir”

Özünü “İmam Mehdi” təqdim edərək bir qrup şəxsi dolandırmaqda ittiham olunan Babayev Aqil Zalış oğlunun həbsi ilə bağlı yeni faktlar ortaya çıxıb. Vəkili Elnur Quliyev “Hürriyyət”ə bildirib ki, əslində onun barəsində səslənən ittihamlar tamamilə quramadır:

“Verilən açıqlamalarda göstərilir ki, güya “Aqil Babayev özünü 12-ci imam Mehdi elan eləyib, kimlərinsə pul vəsaitini mənimsəyibdir”. Hesab edirik ki, bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən açılamalar həqiqəti əks etdirmir və müdafiə tərəfi olaraq DİN-in belə açıqlaması çox təəsüf hissi doğurur.

Eyni zamanda, diqqətinizə çatdırmaq istəyirik ki, DİN tərəfindən verilmiş açıqlamaların bir çoxunda göstərilən məqamlar bu gun biz müdafiəsində iştirak etdiyimiz istintaq hərəkətlərində öz təsdiqini tapmamışdır. Əksinə, DİN təhrif olunmuş məlumatlar verməklə cəmiyyətdə çaşqınlıq yaratmış və hesab edirik ki, müdayəçisi olduğumuz Aqil Babayevin hüquqlarını pozaraq onun təqsirsizlik prezumziyası prinsipini pozmuşdur.

Bunla bağlı bildirmək istəyirik ki, hadisə iyunun 8-dən 9-na keçən gecə Aqil Babayevin bağ evində baş vermişdir. Aqil Babayevin və ailə üzvlərinin bildirdiyinə görə, geniş açıqlamalarında göstərdiyi kimi, bağ evində 20-30 nəfər onu qanunsuz olaraq həbs etmişdir. Bununla bağlı videogörüntülər də hüquq mühafizə orqanlarına təqdim olunmuşdur.

Belə ki, Aqil Babayev bağ evində olarkən bir neçə şəxs 3 fərqli maşında onun yaşadığı evə gəlir və 2 saat sonra evdən çıxırlar. Təbii ki, bu iki məqam: 20-30 nəfərin eyni anda Aqil Babayin bağ evində olması, Aqil Babayevin bağ evində olduğu halda digər şəxslərin onun evinə getməsi və bu kimi məqamların heç biri bu günə kimi araşdırılmamış və heç bir qiymət verilməmişdir. Halbuki məsələ ilə bağlı ilk olaraq 11 iyun 2021-ci il tarixdə DİN-nin 102 qaynar xətt xidmətinə müraciət olunmuşdur. Eyni zamanda Aqil Babayev tərəfindən Telegram vasitəsilə həm ölkənin Baş prokuroruna, həm də Daxili İşlər Nazirliyinə müraciət olunmuş və o, başına gətirilmiş bu qanunsuz hadisələr barədə ətraflı şəkildə məlumat verilmişdir. Lakin Aqil Babayevin müraciətindən sonra onunla illərlə dostluq edən, onunla birlikdə çörək kəsən, məclislərdə, bayramlarda, şənliklərdə  birlikdə olan şəxlər və bir qrup şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək bildirirlər ki, güya Aqil Babayev onları illərlə “12-ci imam” adı altında aldadıb və onların külli miqdarda pullarını mənimsəyib. Hansı ki, Aqil Babayevin bağ evində olan hadisəyə kimi bunların heçbiri mövcud olmamışdır. Ümimiyyətlə, ailə üzvləri tərəfindən təqdim olunmuş şəkillər və videolarda da görsənir ki, bunlar arasında dini səpkidə hər hansı məclislər mövcüd deyildir. Və hər hansı bir dini ritualların keçirilməsi, dini məclislərin keçirilməsi mövcüd olmamışdır”.

Vəkil Elnur Quliyev onu da Aqil Babayevin özünün “İmam Mehdi” kimi təqdim etməsi faktı da təsdiqini tapmır: “Bildirmək istəyirik ki, istintaqın hal-hazırkı vəziyyətində dindirilmiş şəxslərin bir çoxu Aqil Babayevin şəxsən dilindən özünü “İmam Mehdi” kimi elan etməsi ilə bağlı məlumat verilmədiyi öz təsdiqini tapmaqdadır. Və hesab edirik ki, hal-hazırkı vəziyyətdə ona qarşı “12-ci imam” adı altında qarayaxma işlərinin aparılması, böhtan, şər xarakterli məlumatların verilməsi onun evindən aparılan külli miqdarda pul vəsaitinin örtülməsi xarakteri daşıyır. Çünki hər iki məsələdə - onun evinə gedən də, onu bağ evində həbs edən şəxslər də onu “12-ci imam” kimi ittiham edən eyni şəxslərdir. Lakin, dediyimiz kimi, bu günə kimi Aqil Babyevin bağ evindən aparılan pul vəsaitləri ilə bağlı etdiyimiz müraciətlərin üzərindən artıq 3 aydan artıq vaxt keçdiyi halda, istintaq orqanları, hüquq-mühafizə orqanları bu məsələyə heç bir rəsmi qiymət verməmişdir. Halbuki, iş materiallarında evindən külli miqdarda pul vəsaitinin aparılması etiraf olunmuşdur.

Maraqlısı da odur ki, həmin pulu aparan şəxslər Aqil Babayevin qarşısında “zərərçəkmiş şəxs” kimi tanıınmışlar və halbuki, verilmiş ittihamda göstərilmiş rəqəmlər Aqil Babayevin evindən aparılan rəqəmlərdən az şəkildə olmuşdur. Lakin çox təəssüf hissi ilə bildirmək istəyirik ki, bununla bağlı edilmiş müraciətlər bu günə kimi icrasız qalmışdır, məsələ ilə bağlı həm Aqil Babayevin ailə üzvləri, həm vəkilləri olaraq dəfələrlə hüquq mühafizə orqanlarının rəhbər şəxslərinə müaraciət edib, işin qeyri-obyektiv, qərəzli aparılması, çox xüsusiyyətlərin araşdırılmaması ilə bağlı etdiyimiz müraciətlərə cavab verilməmişdir. Və ailə üzvləri tərəfindən ölkə başçısına da dəfələr müraciət edilib, hansı ki, cənab prezidentimiz öz çıxışlarında bildirirdi ki, mənə müraciət edin. Lakin bu gunə kimi etdiyimiz  müraciətlər nəticəsiz qalmışdır. Ancaq formal olaraq cavab verməklə, öz işlərini bitmiş hesab ediblər.

Bu məsələ ilə bağlı istintaq hərəkətlərinin keçirilməsi haqda tərəfimizdən verilmiş vəsadətlərin bir qismi təmin olunsa da, bir qisminə heç bir reaksiya verilməmişdir və bununla bağlı hüquq mühafizə orqanlarına etdiyimiz müraciətlər də cavabsız qalmışdır. Hesab edirik ki, iş üzrə obyektiv, ədalətli araşdırılma aparılacaqdır və bizim tərəfimizdən verilmiş vəsadətlər obyektiv şəkildə qiymətləndirilərək, əsl həqiqətlərin müəyyən edilməsi baxımından bir çox məqamlara aydınlıq gətirəcəkdir. İnanırıq ki, ona qarşı törədilmiş cinayətin araşdırılması ilə əsl günahkarlar tapılaraq cəzalandırılacaq və obyektiv araşdırılmanın nəticəsi olaraq Aqil Babyevin günahsız olması sübuta yetiriləcəkdir”.

Aqil Babyevin həyat yoldaşı Nigar Babayeva da “Hürriyyət”ə baş verənlərlə bağlı açıqlama verib: “8 iyun 2021-ci il tarixdə həyat yoldaşım Aqil Babayevə bağ evində zor tətbiq edərək azadlığı qanunsuz şəkildə məhdudlaşdırılıb, onun bağda olan pul vəsaitləri oğurlanıb. Eyni zamanda, şəhər evindən də külli miqdarda pul vəsaitləri, qızıl ziynət əşyaları oğurlanmışdır. Mütəşəkkil dəstə törədilən cinayyətlə bağlı Aqilə hədə-qorxu gələrək, polisə şikayət edəcəyi təqdirdə onu “Banditizm”ə apararaq, orda onların dostları vasitəsi ilə şər-böhtan atıb həbsə atacaqlarını bildirmiş, təhdid etmişlər. Sonra Aqil DİN-ə aid 102 qaynar xəttinə müraciət edir, lakin heç bir təbir görülmür. Yalnz iki ay yarımdan sonra hadisə yerinə baxış keçirilir, yəni vəkillərin verdiyi vəsadət qismən təmin olunur. Hansı ki, hadisə yerinə baxış keçirilmə və şahidin, yəni mənim dindirilməyim vəsadətləridir. Aqili absurd, gülünc ittihamlarla “zərərçəkmişlər” ittiham edirlər və şübhəsiz, kiminsə sifarişli fikirlərini həyata keçirirlər. Mən hüquq-mühafizə orqanlarından bu işin ədalətli araşdırılmasını çox xahiş edirəm. Biz mediada bu işi işıqlandırdıqdan sonra, ailəmizə təqyiqlər oldu, Aqilin bacısı Mətanət Babayevanın şəxsi mülkünə heç bir əsası olmadan həbs qoyuldu. Sonra onları Xətai rayon Polis İdarəsinə aparıb , saatlarla saxlayıb, ərizə yazdırıb gecəyarı evə buraxıblar.  Daha sonra isə, hadisə 5 mərtəbili binanın 5-ci mərtəbəsində baş verməsinə baxmayaraq, digər mərtəbələrdə, yəni baldızlarımın, qaynanamın evində axtarış aparılıb. Bununla əsas oğurluq faktını gözdən salmağa çalışıblar.

Mən hüquq-mühafizə orqanlarından çox xahiş edirəm, bu işi obyektiv araşdırıb, “zərərçəkənlər”in əslində kim olmalarını sübuta yetirsinlər. Onların danışdıqları absurd fikirlər ortaya çıxsın. 

Nəhayət, cənab Prezidentimiz İlham Əliyevə müraciət etmək istəyirəm ki, “Hörmətli Prezident, Siz daima sahibkarların  hüququnun müdafiəçisi olmusunuz. Çıxışlarınızda  bunu dəfələrlə eşitmişik, ədalətinizə güvənirik. Bu işdə də Sizə güvənimiz sonsuzdur.

Və mən əminəm ki, hüquq-mühafizə orqanları dövlətimizə və Prezidentimizə bu işdə xəyanət etməyəcəklər, bu iş ədalətlə araşdırılacaq və sahibkar Aqil Babayev azadlığa çıxacaqdır”.

Hazırladı: KƏNAN

Redaksiydan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR