Saat:03:01
Haqqımızda

“AQİL BABAYEVİN AYAQLARINI YUYARKƏN YUXUYA GETMİŞDİM…” – Məhkəmədə “zərərçəkən” qismində iştirak edən Azər İslamovdan şok ifadələr…

2022-11-30 13:01:00

“AQİL BABAYEVİN AYAQLARINI YUYARKƏN YUXUYA GETMİŞDİM…” – Məhkəmədə “zərərçəkən” qismində iştirak edən Azər İslamovdan şok ifadələr…

Özünü “İmam Mehdi” kimi təqdim edərək, qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi.

Hurriyyet.az xəbər verir ki, jurnalistlərin növbəti dəfə prosesdə iştirak etməsinə qadağan qoyuldu və məhkəmə iclası qapalı davam etdirildi.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədirliyi ilə keçirilən sonuncu məhkəmə prosesi əvvəlkilərə nisbətən qalmaqallı keçib. Belə ki, proses qapalı keçirilsə də, məhkəmənin həyətindən dava-dalaş səslərini aydın eşitmək olurdu.  

Əldə etdiyimiz məlumata görə, iclasda “zərərçəkmiş” qismində iştirak edən yalnız 1 nəfər - Azər İslamov dindirilib. O iddia edib ki, Aqil Babayevə 7 200 AZN zəkat pulu verib və onun qaytarılmasını istəyir.

A.İslamovun sözlərinə görə, Aqil Babayevə inanmağının özü elə “möcüzə” olub. Onun sözlərinə əsasən, Aqil Babayevi hərbi xidmətə getməmişdən qabaq tanıyıb. Əsgərlikdə olan zaman başına gələn bir hadisədən sonra A.Babayevi artıq “İmam Mehdi” kimi tanımağa başlayıb. “Zərərçəkən” deyir ki, günlərin bir günü namaz qılmaq qərarına gəlib. Bu vaxt oradan keçən bir leytenatdan adını və soyadını soruşub. Leytenant Namazov Arif  Mərifət oğlu olduğunu deyib. “Bu, artıq mənim üçün bir işarə idi və odur ki, namaza başladım”, - deyə Azər İslamov bildirib. O iddia edir ki, namaz vaxtı hara baxırmışsa, qarşısında Aqil Babayevi “görürmüş”. Hətta, dediyinə görə, Aqil Babayevin istəyi ilə hərbi xidmətdən azad edilib.

A.İslamov bildirib ki, 15 il ərzində 36 “şirvan” zəkat pulu verib. Deyir, 2003-cü ildən 2021-ci ilə kimi Aqil Babayevə inanıb, onu “İmam” kimi qəbul edib.

Əldə etdiyimiz məlumata görə, məhkəmə prosesi zamanı Azər İslamov vəkillərin verdikləri suallardan yayınıb, bir sıra sualları isə, ümumiyyətlə, cavabsız qoyub.

Aqil Babayev isə prosesdə Azər İslamovun dediklərinin tamamilə yalan olduğunu bildirib. O, qeyd edib ki, Azər İslamov uzun illər onun sürücüsü olub. “Maaşını yetərincə alıb, hətta ona əlavə köməklər də edirdim. Məsələn, evini və içindəki əşyaları da ona mən almışam”, - A.Babayev vurğulayıb. 

Azər İslamov isə evini ona başqa bir dostunun aldığını qeyd edib.

Onu da qeyd edək ki, məhkəmə prosesi zamanı “zərərçəkən” Azər İslamovun aqressiv birisi olmaqla yanaşı, qeyri-qanuni olaraq hərbi xidmətdən yayındığı da ortaya çıxıb. Hətta hal-hazırda 2-ci qrup əlil kimi pensiya da alır.

O da maraqlıdır ki, özünün təbirincə desək, 36 “şirvan” əmək haqqı alan insan 30 “şirvan” zəkatı necə verirmiş?

Yeri gəlmişkən onu da qeyd dək ki, ötən prosesdə Azər İslamov hakim tərəfindən zaldan çıxarılıb. Hansı ki, həmin vaxt hakim ona “saçından-saqqalından utan, bura sizin üçün bazar deyil, məhkəmə zalıdır”, - iradını bildirdirmişdi.

Azər İslamovun istintaqa verdiyi məlumata görə, A.Babayevin evi tikilib başa çatandan sonra, gecə və gündüz orada qalaraq qulluqçu kimi fəaliyyət göstərib. Aqil Babayevin evinin təmizliyini görüb, ayaqlarının yuyulmasını və hətta digər işləri belə tapşıranda, Allahın qəzəbindən qorxaraq hər birini yerinə yetirdiyini bildirib. Hətta bir dəfə Aqil Babayevin ayaqlarını yuyarkən yuxuya getdiyini bildirir.

Həmin vaxt Aqilin onu qamçı ilə oyatmağını belə qəbul etmiş insan, görəsən, dünənki prosesdə niyə aqressiv idi? Bu qədər alçaldıcı hərəkətləri qəbul edən bu şəxslərin arxasında kimlər durur ki, onlar bu cür ifadələri verməyə məcbur olurlar?

Dəyərli oxuyucular, məhkəmə prosesi zamanı öz hirslərini cilovlaya bilməyən insan, necə olub ki, illərlə Aqil Babayevin alçaldıcı hərəkətlərini səssiz şəkildə qəbul edib?

Ağır cinayətlər məhkəməsinin hakimi Eldar İsmayılov isə, zənnimizcə, bu biabrçılığa yol açır. Belə ki, o, 40 “zərərçəkmiş”in bütün vəsatətlərini qəbul edir. Sanki hakim Eldar İsmayılov yox, “zərərçəkmişlər”dir.

Ümumiyyətlə, Aqil Babayevin məruz qaldığı şər-böhtanı görməmək üçün kor olmaq lazımdır.

Xatırladaq ki, Aqil Babayev özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanları aldatmaqda, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.

Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR