AQİL BABAYEVƏ TƏLƏBƏ VAXTLARINDAN “ZƏKAT VERDİYİNİ” İDDAİ EDİB… - Xəyal Mustafayev bu məqsədlə hər ay atasından 100 manat aldığını bildirib

2023-03-01 16:07:00

AQİL BABAYEVƏ TƏLƏBƏ VAXTLARINDAN “ZƏKAT VERDİYİNİ” İDDAİ EDİB… - Xəyal Mustafayev bu məqsədlə hər ay atasından 100 manat aldığını bildirib

“ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı məhkəmə prosesində “zərərçəkmiş” şəxs qismində Xəyal Mustafayev dindirilib.

X.Mustafayev ifadəsində bildirib ki, Aqil Babayevi 2003-cü ildən, yəni tələbə olduğu vaxtlardan tanıyıb. Dediyinə görə, onunla dostu Anar Kərimov vasitəsilə tanış olub.

İfadəsində deyib ki, A.Babayevi dərin dini bilgilərə sahib bir şəxs kimi qəbul edərək, ona biət etməyə və tələbə olduğu vaxtlardan hər ay zəkat verməyə başlayıb. O, bu məqsədlə hər ay atasından 100 manat aldığını və A.Babayevə ümumilikdə 20 min manat zəkat verdiyini iddia edib.  

Qeyd edək ki, məhkəmədə “zərərçəkmiş” şəxs qismində iştirak edən 2 nəfər – Azər İslamov və Bəhruz Kavə hakim tərəfindən zaldan qovulublar. Əldə etdiyimiz məlumata əsasən, onlar səs-küy salaraq, prosesin gedişinə mane olmağa çalışıblar.

Onu da qeyd edək ki, “zərərçəkənlər”in ifadəsindən sonra növbəti məhkəmə prosesi 15 mart tarixinə təyin olunub.

Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12 İmam” adı altında həbs ediblər.

Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.

Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.176590