“AQİL BABAYEV DUA ETDİ, AYI GÖYDƏ GENİŞLƏNDİRDİ” – Şahid: “Bu zaman biz Ayı yaxınlığımızda gördük və bundan sonra onun “12-ci İmam” olduğuna inandım”

2023-01-24 21:14:00

“AQİL BABAYEV DUA ETDİ, AYI GÖYDƏ GENİŞLƏNDİRDİ” – Şahid: “Bu zaman biz Ayı yaxınlığımızda gördük və bundan sonra onun “12-ci İmam” olduğuna inandım”

Özünü “İmam Mehdi” kimi təqdim edərək, dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında bu dəfə “zərərçəkmiş” qismində Polad Mustafayev dindirilib.

Hakim Eldar İsmayılovun sədirliyi ilə keçirilən prosesdə P.Mustafayev A.Babayevi 2001-ci ildən tanıdığını bildirib. O deyib ki, Aqil Babayevə dua edən zaman onun möcüzə yaratdığının şəxsən şahidi olub. Onun sözlərinə görə, Aqil Ayı göydə genişləndirib, sonra isə dualar edib: “Bu zaman biz Ayı yaxınlığımızda gördük. Bundan sonra onun “12-ci İmam” olduğuna inandım. Beləliklə, digərləri kimi, hər ay mən də 50 manatdan zəkat verməyə başladım”.

“Zərərçəkən” şəxs deyib ki, Polad Mustafayevə hər ay zəkat olaraq cəmi 8500 manat verib: “2001-2004-cü ilə kimi zəkatı mən yığırdım. İlk vaxtlar zəkat az toplanırdı. Sonralar ay ərzində 6-8 min manat zəkat yığılırdı”.

Cavabdeh Aqil Babayev isə Polad Mustafayevin iddialarını rədd edib: “Polad Mustafayev və yanında 2 nəfər şəxs mənə yaxınlaşaraq bildirdilər ki, Polad Mustafayev İsa peyğəmbər, yanındakı 2 nəfərdən də biri Həzrəti Əli, digəri isə Həzrət Abbasdır. Onlar vaxtları çatmadıqları üçün hələ aşkara çıxmaq üçün  Allahdan icazə yoxdur. Və məndən xahiş etdilər ki, dindar bir şəxs kimi onlara rəhbərlik edim”.

Qeyd edək ki, sonuncu məhkəmə prosesi də heç sakit keçmədi. Hətta içəridən gələn səs-küy, davasəsi məhkəmənin həyətindən də eşidilirdi. Məlumata əsasən, Polad Mustafayev və digər dostları yalanlarının ortaya çıxdığını görüb, Aqil Babayevə və onun vəkillərinə hücüm çəkiblər. Jurnalistlərin zala girişi qadağan olunsa da, qapıdan və yaxud da həyətdən davanı eşitmək mümkün idi.

Beləliklə, bu prosesdə də yalan-yanlış, gülünc ifadələr verən zərərçəkmişlər növbəti dəfə çıxış yolunu davada görüblər. Bəlkə də bu oyunu quran şəxslər onlara tapşırıq verib ki, “sakitçiliyiniz bizi ələ verir”.

Onu da qeyd edək ki, adətən iki həftədən bir keçirilən məhkəmə prosesi bu qalmaqaldan sonra bir həftə sonraya - yanvarın 31-nə təyin edilib.

Maraqlıdır ki, Aqil Babayev bu qədər “möcüzələr yaradıb” Ayı yerə yaxınlaşdırıbsa və Polad Mustafayev bunun şəxsən şahidi olubsa, o, indi niyə A.Babayevə inanmır? Bəlkə, artıq o, özünü İsa peyğəmbər kimi tanıtmaq fikrindədir?! Hər halda, yaxında bütün bunlar ortaya çıxacaq…

Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. O, özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanları aldatmaqda, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.

Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc edə bilərik.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.168586