Saat:09:38
Haqqımızda

Aprelin 19-da beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib

2024-04-19 15:10:49

Aprelin 19-da beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib

Aprelin 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.

Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla bildirir.

Komitənin sədri Səməd Seyidov diqqətə çatdırıb ki, iclasın gündəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında  təqdim olunmuş  2 məsələ daxil edilib.

Səməd Seyidov, gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl son zamanlar beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslərə münasibət bildirib, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işlərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 14 fevral tarixində keçirilən andiçmə mərasimində söylədiyi nitqə diqqəti yönəldən komitə sədri qeyd edib ki, ölkə başçısının da vurğuladığı kimi bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır.

Sonra komitə sədri gündəliyin birinci məsələsi olan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məlumat verib, qanun layihəsinin iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutduğunu bildirib.

Gündəliyin ikinci məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi haqqında ətraflı məlumat verən Səməd Seyidov bildirib ki, təqdim olunan qanun layihəsi vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasını və vergidən yayınma hallarının qarşısının alınmasını, həmçinin bu sahədə bir sıra digər məsələlərin həllini təmin edəcək.

İclasda komitənin üzvü Nəsib Məhəməliyev məsələlər ilə bağlı öz fikirlərini səsləndirib, təqdim edilən qanun layihələrinin vacibliyini söyləyib.

Müzakirəyə çıxarılan qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Tədbirdə komitənin sədr müavini Sevinc Fətəliyeva, üzvləri Asim Mollazadə, Sahib Alıyev, Elman Nəsirov, Cavanşir Feyziyev və Ramil Həsən iştirak ediblər.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.306738