Saat:06:02
Haqqımızda

"Aparıcılar "aradüzəldənlik" edirlər, hamını boğaza yığıblar" - Tanınmış yazıçı SƏRT DANIŞDI

2024-03-27 20:08:08

Bir müddət əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olundular. Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirildi. 

Ötən gün çıxan qərara əsasən, tədbir kimi bəzi verilişlərin yayım saatı qısaldılıb. Bu isə ciddi etirazlara səbəb olub. Sosial şəbəkələrdə gedən müzakirələrdə bir qrup insan bu tip verilişlərin ümumiyyətlə bağlanmasının tərəfdarı olduqlarını bildiriblər.

Hurriyyet.Az-ın məlumatına görə, mövzu ilə bağlı yenisabah.az-a danışan yazıçı, publisist Xeyrəddin Qoca bildirib ki, cəmiyyət verilişlərdən deyil, onların aparıcılarından narazıdır və yayım saatını qısaltmaq məsələyə çözüm yolu deyil:

“Sosial verilişlərin vaxtını qısaltmaq tədbir görmək, tamaşaçıların narazılığına son qoymaq demək deyil! Tamaşaçılar verilişlərdən yox, həmin verilişlərin aparıcılarından narazıdırlar! Çünki onların danışıqları, fikirləri, hərəkətləri, ekspertlərin özlərini müstəntiqlər kimi aparmaları, cəmiyyətdə heç bir yerləri olmadıqları halda, kimlərə isə “yol göstərmələri”, efir mədəniyyətinin olmaması hamını boğaza yığıb!

Efirdə nə qədər üzgörənlik etmək olar, nə qədər “qaqqıldamaq” olar, nə qədər özünü “burada mənəm, Bağdadda kor xəlifə” kimi aparmaq olar?

Belə verilişlər Türkiyə kanallarında da nümayiş etdirilir. Mən Didəm Yılmazın verilişlərinə maraqla baxıram. Niyə? Çünki, məntiqli danışır, mənalı danışır, əsaslı danışır, bütün faktları sübuta yetirir. Axırda da nəticəsi olur. Təqsirkarlar ifşa edilir, Türkiyə polisi tərəfindən məsuliyyətə cəlb olunurlar. Bizim efirlərdə isə küçə adamları 70-75 yaşlarında kişi, qadın evlənməyə çıxırlar, şit-şit ağızlarına gələni danışırlar. Biri cavan qız axtarır, biri cavan oğlana meyl salır. Aparıcılar isə “aradüzəldənlik” edirlər! “Bəyə”, “gəlinə” “axı, sən onu niyə bəyənmirsən” deyəndə, əsəbləşirəm! Elə bil, bunların qarşısına plan qoyublar ki, mütləq kimləri isə ” baş-göz” etsinlər!”

X.Qocanın sözlərinə görə, insanlar efirlərdə hər dəfə eyni simaları görməkdən beziblər:

“Verilişlərin birini bildiyiniz ər-arvad aparırlar. Evdə elədikləri hərəkətləri utanmadan, çəkinmədən efirə gətirirlər. Arvad (bilərəkdən “qadın” demirəm…) qabı yamaq, götürüb hara qoymaqsa istəyir, əri deyir ki, “sən bunu etmə, təzə gəlinsən, əlin inciyər”! Qaqqıltıları da camaatın ətini tökür!

O biri aparıcı tez-tez ailəsini, atasını, anasını nümayiş etdirir, təntənəli günlər keçirir, plov bişirib camaatı başına yığır, evini, villasını, bağını-baxçasını göstərir! Bu görməmişlik deyil, nədir?

Efirə çağrılan müğənnilər aparıcıların şəninə təriflər deməkdən yorulmurlar! Nə var, nə var, guya efirlərdə tanınırlar, toy tuta bilirlər….

Bir neçə gün əvvəl ər-arvad dediyimin arvad hissəsi ərini müdafiə edən fikirlər söyləyib. Sözümüz yox, arvadın ərini müdafiə etməsi təbiidir. Amma görün, nə deyir? Deyir ki, biz nə qədər adama yardım etmişik. Mən soruşuram, hansı pulla? Jurnalistlər aldıqları maaş və qonorarla birtəhər dolanırlar, siz də jurnalistsiniz… Deyir, nə qədər xəstələrə kömək etmişik. Nə yolla? Pul alıb, həkimləri efirə çağıraraq, reklam etməklə? Siz Səhiyyə Nazirliyində yüksək vəzifə tutursunuz?

Bütün belə aparıcılara meydan verənlər onların işlədikləri televiziyalara rəhbərlik edənlərdir! Onlar bunu nəyin müqabilində edirlər, özləri bilirlər!”

O, vurğulayıb ki, hazırda gündəmi zəbt edən aparıcılar telekanallardan uzaqlaşdırılmalıdır:

“Qaldı verilişləri bağlamaq məsələsinə, buna ehtiyac yoxdur. Aparıcılar dəyişilməlidir, tamaşaçıların tələblərinə cavab verməlidirlər!

Eyni “oxuyanlar”,  eyni ekspertlər hər gün bir neçə verilişdə olmaqla camaatın gözlərini yağır edirlər! Adam tapmırsınız? Bilirəm, tapmırsınız! Abırlı adamlar həmin verilişlərdə iştirak etməkdən boyun qaçırırlar!

Görünən odur ki, televiziyalarımız uzun müddət düzəlməyəcək!

Çox təəssüflər olsun…”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR