Ankara və İrəvan əməkdaşlığı nə vəd edir? (ŞƏRH)

2023-02-17 22:24:00

Ankara və İrəvan əməkdaşlığı nə vəd edir? (ŞƏRH)

"Ankara Ermənistanla münasibətlər sistemini isti məcraya daşımaq adı altında dolayısı ilə İrəvanı Azərbaycanla sülh müqaviləsi imzalamağa şirnikləndirir”.

Hurriyyet.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın son zamanlar Türkiyə ilə yaxınlaşmaq cəhdləri və "Sürix protokolu”nun yenidən canlana biləcəyi fonunda prosesin Azərbaycana təsirləri barədə danışarkən deyib. Həmsöhbətimiz qeyd edir ki, Ermənistan düşdüyü dalan vəziyyətdən çıxmaq üçün Türkiyə ilə münasibətlərə möhtacdır:

"Çünki Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması anlamına gəlir ki, bu da Ermənistanın dənizə, Avropa və Yaxın Şərqə çıxışını təmin edir. Ona görə də mövcud vəziyyət Ermənistanın maraqlarını ifadə edir”. 

 

 

Ekspertə görə, bu məsələdə problem Ermənistanın müstəqil subyekt olmamasındadır:

"Ancaq məsələ ondadır ki, Ermənistan müstəqil subyekt deyil, ona bu haqqı tanıyan ölkələr yoxdur. Rusiya və Fransa Türkiyənin regionda möhkəmlənməsini istəməyərək, İrəvanı Ankara ilə yaxınlaşdırmaqdan çəkindirməyə çalışır. AB mülki missiyasının Ermənistana gəlişinin əsas niyyətindən biri də budur. Ona görə də Türkiyə ilə münasibətlərin qurulması, sərhədlərin açılması İrəvanın marağına xidmət etsə də, onun tam anlamda reallığa çevriləcəyi sual doğurur”. 

Natiq Miri deyir ki, Türkiyə İrəvanla əlaqələrdə maraqlıdır, çünki bu fonda qardaş ölkə regionda daha da güclənə bilər:

"Türkiyə Ermənistanla əlaqələrdə heç də ona görə maraqlı deyil ki, bununla Ermənistan kimi bazarı qazanacaq. Çünki Ermənistan bazar olaraq cəlbedici deyil. Sadəcə olaraq, Ankara İrəvanla münasibətləri normallaşdırmaqla həm regionda güclənir, həm də Azərbaycanla birlikdə digər güclərin təsir dairəsini zəiflədir. Eyni zamanda, regionda sülhə təminat olacaq əməkdaşlıq platformasını təmin edir. AB və Rusiya formatında Bakı ilə İrəvan arasında danışıqlar prosesi dalana dirənib. Belə olan halda, cözüm olaraq Azərbaycan, Ermənistan və Türkiyə üçlüyü çərçivəsində prosesi yenidən canlandırmaq niyyətləri mövcuddur. Ankara Ermənistanla münasibətlər sistemini isti məcraya daşımaq adı altında dolayısı ilə İrəvanı Azərbaycanla sülh müqaviləsi imzalamağa təhrik etmək istəyir. Onu da unutmayaq ki, İrəvan Azərbaycanın təqdim etdiyi sonuncu sülh müqaviləsi mətninə öz əlavələrini etməklə onu məhz Ankara vasitəsilə Bakıya ötürüb. Bu da Bakı ilə İrəvan arasında Türkiyənin növbəti vasitəçiliyini ortaya çıxara bilər. Hər şey Ermənistanın davranışlarından asılı olacaq”. 

 

Rüfət Sultan


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.158663