Saat:07:06
Haqqımızda

"Ancaq torpaq itkisi orta statistik rusiyalıya təsir edə bilər" - NATİQ CƏFƏRLİ

2022-05-25 15:45:00

"Çünki əsrlərdir imperiya düşüncəsi ilə zəhərlənən toplum ölkələrinin "uğur hekayəsini" rifahda, azad yaşamaqda deyil, torpaq almaqda görür"

"Qərbin Rusiyanı analiz etməklə bağlı ciddi problemləri var. Müharibə başlayandan bəri, hətta müharibədən öncə də ən çox yayılan tezislərdən biri o idi ki, Rusiya hərbçilərin itkilərinə, iqtisadi çətinliklərə görə çox tez bir zamanda çökəcək, orta statistik rus vətəndaşı insan itkilərinə və iqtisadi çətinliklərə görə ayağa, etiraza qalxıb Putin rejimini devirəcək. Çox yanlış analiz və gözləntidir. Bu haqda dəfələrlə yazmışam, publik danışmışam, Rusiya yaranandan bəri bütün hakimiyyətləri insan həyatını heçə sayıblar, onlar üçün əsgər-zabit ölümləri faciə deyil, ancaq statistikadır". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

İqtisadiyyata gəldikdə isə politoloqun sözlərinə görə, orta statistik rus deyir ki, ac olaram, amma torpaqlarımı qaytararam, yoxsul olaram, amma imperiyamızı quraq: "Yəni, bu gün müharibəni başlayan, aparan “kollektiv” Putindir, o rus cəmiyyətinin, orta statistik rusiyalının sözçüsü, onların arzularının ifadəçisidir. Ukrayna və Qərb mətbuatı həm də müharibəni başqa cür təqdim edir, sanki artıq Ukrayna tam qələbə qazanır, lap az qalıb, hər gün Arestoviç milli “valeriyanka”, ölkədaxili sakitləşdirici “həb” rolunda çıxış edir, hər şeyin yaxşı olduğunu-olacağını söyləyir. Amma 2022-ci il fevralın 24-nə qədər Rusiya Ukraynaın 7% torpağını işğal etmişdi. Bura Krım və iki qondarma “respublikanın” əlində olan ərazilər daxil idi. Həmin günə işğal olunan torpaqların ümumi sahəsi 43.300 kvadratkilometr idi. Bu gün, müharibədən 3 ay keçəndən sonra isə Rusiyanın işğal etdiyi ərazinin həcmi 125.570 kvadratkilometrdir. Rusiya Ukrayna ərazisinin 20,8%-ni işğal edib və bu ərazi Macarıstanin, Bolqarıstanın ərazisindən böyükdür".

Natiq Cəfərlinin bildirdiyinə görə, bu gün Qərb hələ də düşünür ki, Rusiya Ukraynada 30, 40, 50, 100 min itki versə, müharibə dayana bilər: "Məncə, səhv analizdir. Rusiyanı müharibəyə son verməyə vadar edən tək məsələ tutduğu ərazilərin böyük bir qismindən vurulub-çıxarılması ola bilər. Məhz bu faktor, torpaq itkisi orta statistik rusiyalıya təsir edə bilər. Əgər yaxın 2 ay ərzində Ukrayna ordusu Xerson və Zaparojye viyalətlərinin ərazisini işğalçı Rusiya ordusundan təmizləyə bilməsə, Rusiyada heç bir daxili etiraz olmayacaq. Çünki əsrlərdir imperiya düşüncəsi ilə zəhərlənən toplum ölkələrinin "uğur hekayəsini" rifahda, azad yaşamaqda deyil, torpaq almaqda görür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR