Anası Hüseyn Abdullayevin infarkt keçirməsindən DANIŞDI - “İnfarkt keçirib, ürəyində çat yaranıb”
Həbsdə olan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin anası onun Bakı İstintaq Təcridxanasında infarkt keçirdiyini bildirib.
Zeynəb Abdullayeva Bizimyol.info xəbər portalına bildirib ki, oğlunun ürəyinin arxa divarında çat yaranıb, vəziyyəti ağırdır. Lakin onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürmürlər.
Anasının bildirdiyinə görə, təxminən 3 həftədir Hüseyn Abdullayevin vəziyyəti ağırlaşıb. Onun ürəyi kardioqramma olunsa da, nəticələr nə oğluna, nə də vəkillərinə verilib: “Elə deyiblər ki, “narahat olmayın, problem yoxdur”. Xəstəlik tarixçəsini veriblər, orada kardioqrammanın nəticələri yazılıb. Onu kənar bir həkimə göstərdik, dedi ki, burada yazılanlara görə, adam infarkt keçirib, ürəyinin arxa divarında çat yaranıb”.
Zeynəb Abdullayeva bildirir ki, oğlunun Müalicə Müəssisəsinə köçürülməsi üçün müxtəlif qurumlara müraciət edib. Lakin hələlik nəticə yoxdur: “Bu gün Ombudsmana da teleqram vurdum, Penitensiar Xidmətin rəhbərliyinin qəbuluna getdim. Tədbir görülməsə, onun ölüsünü mənə verəcəklər”.
Bizimyol.info Zeynəb Abdullayevanın söylədiklərinə münasibət öyrənmək üçün Penitensiar Xidmətə sorğu göndərib. Lakin hələ cavab almayıb.
Hüseyn Abdullayev 2018-ci ilin aprelin 18-dən həbsdədir. O, dələduzluq, vergidən yayınma və s. İttihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.
Bu il martın əvvəlində həbsdə ola-ola onun haqqında yenidən cinayət işi başlandı. Bu dəfə ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsilə ittiham irəli sürülüb.
Baş Prokurorluğun yaydığı məlumata görə, Hüseyn Abdullayev 5.5 milyon manatdan çox pulu yerli və xarici banklardakı hesablara köçürüb, yaxın qohumunun adına Azərbaycanda daşınmaz əmlaklar almaqla, leqallaşdırmaqda ittiham olunur.
Vəkillərinin bildirdiyinə görə, o, ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
Hüseyn Abdullayev deputat olduğu dövrdə - 2007-ci ildə parlamentdə deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, sonradan şərti cəza ilə azadlığa buraxılmışdı. O, daha sonra Almaniyaya gedərək, orada oturum almışdı.