“Amerika Maduroya şans verir ki, ölkəni tərk etsin”-POLİTOLOQ
“Amerikanın hərbi gücü təbii ki, Venesueladan qat-qat artıqdır. Üstəlik də Amerika indi daha çox diqqətini Amerika qitəsinə cəmləyir və ehtimallar var ki, bu gün Trampın öncəliyi Güney Amerikadır. Yəni o çalışacaq ki, orada mövqeyini gücləndirsin”.
Bu sözləri politoloq Əli Mustafa Hurriyyet.az-a ABŞ-ın yaxın günlərdə prezident Nikolas Maduro hökumətini devirmək məqsədi ilə gizli əməliyyatlar aparmağa hazırlaşması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.
Əli Mustafa bildirib ki, konkret Maduranın bu gün Çinlə, Rusiya ilə əlaqələri Amerikanı qane etmir: “Üstəlik də Maduranın rejimi, siyasi dəsti-xətti də Amerikanın ürəyincə deyil və nəhayət onu diktator, yəni hakimiyyəti mənimsəmiş bir şəxs hesab edirlər. Baxmayaraq ki, Maduranın da kifayət qədər ciddi tərəfdarları var. Amma bildiyim qədər Senat da həmin o hərbi əməliyyatları dayandıran bir qərar verdi. Bütün hallarda Amerikanın o gücü var”.
“Düzdür, Tramp “dünyaya sülh gətirəcəm”, deyir. Açığı, bir əndişə var ki, belə olan təqdirdə, Venesuelada hakimiyyət gedəcəksə, nələr baş verəcək? Hərçənd onun da öz bəhanələri var ki, Venesuela həm də Amerikaya narkotika yayır, narkotika kartelləri var, hətta Maduranın özünü belə, narkotika karteli hesab edirlər. Yəni hesab edirlər ki, özü bu ticarətin başında durur. Yəni bildiyim qədər hazırlıqları var. Hətta təyyarə daşıyan gəmiləri, başqa hərbi qüvvələri var. Sadəcə olaraq mümkündür ki, hansısa anda Amerika hücum etsin. Amma bildiyim qədər orada arxada danışıqlar da gedirdi. Konkret Amerika Maduroya şans verir ki, ölkəni tərk etsin. Yəni o istiqamətdə də hansısa fəaliyyətlər var. Məncə, Tramp onu sıxıb, onun ənənəvi metodu var, həddindən çox aşırı təzyiq edir, sonra ortaq bir şeylə razılaşır. Görünür, hərbi güclə hədələyib, əslində, Maduronun özünün ölkədən getməsində maraqlıdır”,-deyə politoloq qeyd edib.
Ə.Mustafa nəzərə çatdırıb ki, Venesuela zəngin neft-qaz ölkəsdir: “Dünyanın hətta bir nömrəli neft ehtiyatı olan ölkəsi hesab olunur. Yəni belə bir yanaşma var ki, nəyin bahasına olur-olsun, ya dinc, ya da hərbi yolla Tramp Venesuelanı ələ keçirməyə çalışacaq. Sadəcə olaraq zaman məsələsində, planlaşdırma məsələsində problemlər ola bilir. Hətta Amerikanın içində Trampın da ciddi problemləri var. Epşteyn və baş məsələlər var. Hər halda, Rusiya-Ukrayna məsələsi var. Amma məncə, bugünləri Amerikanın hədəfində Venesuela bir nömrəli məsələdir, deyə bilərik”.
CAVİD
