AMEA-da növbəti ÇƏKİŞMƏ – Elmi işçi institut rəhbərini MƏHKƏMƏYƏ verdi

2022-08-30 10:37:00

AMEA-da növbəti ÇƏKİŞMƏ – Elmi işçi institut rəhbərini MƏHKƏMƏYƏ verdi

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi Lola Hüseynova institut rəhbərliyini məhkəməyə verib. Səbəb kimi Lola Hüseynova ilə institutun baş direktoru Abbas Seyidov və Kadrlar şöbəsinin müdiri Leyla Rüstəmova arasında bir neçə il əvvəl başlayan şəxsi münasibətlər zəmnindəki problemlərdir. 

Bu iddia ilə Lola Hüseynova çıxış edib. Bildirdiyinə görə Abbas Seyidov və Leyla Rustəmova vəzifəyə gəldiyi gündən etibarən təzyiqlərə, şantaja məruz qalıb, onu işdən çıxarmaq üçün səfərbər olublar.

Şikayətçinin iddiasına görə rəhbərlik "işdən uzaqlaşdırma planlarını" Leyla Rüstəmovanın köməyi ilə vəzifəyə gətirilmiş İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sədaqət Məmmədlidən istifadə edərək  reallaşdırmağa çalışır:

“Abbas Seyidov mənə şiddətli töhmətlə bağlı əsassız qərar verib. Bu günə qədər işimlə bağlı mənə xəbərdarlıq belə olunmayıb. Hesab edirəm ki, şiddətli töhmətin verilməsi işdən uzaqlaşdırılmağım üçün olub

Qərarda heç bir əsası olmayan məsələlər qeyd edilib. Bildirilib ki, guya mən icazəsiz qazıntı yerini tərk etmişəm. Halbuki işdəkilər də bilir ki, bəlkə də son günə qədər ezamiyyətimdə iştirak edən 10 işçidən biriyəm. Bunu əminliklə deyə bilərəm. Sadəcə mən icazə almışam və direktorun çağırışı ilə instituta gəlmişəm. Şəxsi qərəzdir, belə istəyiblər və ediblər. Amma kimin qərəzi varsa, küçədə aparsın. İnstitut qərəz yeri deyil axı...”

Lola Hüseynovanın sözlərinə görə 6 ilə yaxındır ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda çalışır və nümunəvi işçilərdən sayılır:

“Elə bir ezamiyyəm yoxdur ki, adım sənəddə getsin, özüm isə orada olmayam. Şiddətli töhmətə laqiq deyiləm. Ona görə də məhkəməyə müraciət etmişəm və haqqımı tələb edirəm. Abbas müəllimlə dialoqumuz olmayıb. Direktora hörmətsizlik və sayğısızlığım olmayıb. Əgər institutun direktoru hansısı işçini başqa bir işçidən seçirsə, demək atdığım addımın da bir əsası olmayacaq”.

Lola Hüseynova qeyd edib ki, ən böyük problemi  institutun Kadrlar şöbəsinin müdiri Leyla Rüstəmova ilədir:

“Maraqlıdır ki, çox yaxşı dost və bir şöbənin əməkdaşı olmuşuq. Sonradan mənlə bağlı həmkarların qondarma iclasını düzənlədilər. Orada da üzümə durdu və and içdi. Şoka düşdüm. Sözün düzü ondan gözləmirdim.

Leyla Rüstəmovanın mənə düşmənçiyi nədir, hələ də bilmirəm. Niyə Abbas Seyidov və Leyla Rüstəmova birləşib Sədaqət Məmmədli üzərindən üstümə gəldilər, anlamıram. Bilirəm ki, işdən getməyimi istəyən elə o iki şöbə yoldaşımdır.

Mən heç kimin çörəyinə bais olmamışam. Bizim Abbas Seyidov, Leyla Rüstəmova və Sədaqət Məmmədli ilə şəxsi problemlərimiz 2 il əvvəl başlayıb. Onlar işə gələn kimi ilk məqsədləri məni işdən atmaq olub. Halbuki Abbas Seyidov sevinməlidir ki, məni kimi işçisi var. Görünür, kimsə direktor haqqında qeybət etmək istəyib.

Bilib ki, bizim də belə problemlərimiz var. Yəqin düşünülmüş şəkildə adımı ortaya salıblar. Amma məhkəmədə də bu məsələlərin açılmasını istəyirəm. Direktorun məni işdən uzaqlaşdırmaq fikri olmasaydı, ilk növbədə mənə xəbərdarlıq verərdi. İşçiyə birinci xəbərdarlıq, ikinci töhmət, daha sonra şiddətli töhmət verilir.

Hətta bir neçə şəxsin yanında “mən onu işdən kənarlaşdırdıqdan sonra ömrünü məhkəmələrdə çürüdəcəyəm” deyib. Olsun, mən həvəsdən düşmürəm və işimdən kənarlaşmamaq şərtilə sonadək gedəcəyəm”.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov məsələyə münasibət bildirib. O,  əslində Lola Hüseynovanı işdən azad etmək istəyində olduğunu bildirib:

“O insan işdən azad olunmalı idi. Çünki icazə almadan iş yerini tərk edərək qanundankənar instituta qayıdıb və burada vəzifəli şəxsi təhqir edib. Şöbə müdirini qolundan tutub sürüyüb. Bura qoçuluq meydanı deyil ki, kimsə istədiyini etsin. İş yerini tərk etdiyi, vəzifəli şəxsi təhqir etdiyi və ictimai yerdə xuluqanlıq hərəkəti etdiyi üçün mən onu işdən azad etmək istəyirdim. Bir neçə şəxsə üz vurdu. Onların xahişi və minnəti ilə onu şiddətli töhmətlə işdə saxladıq. Amma belə hərəkətlərini təkrarlasa, biz onu işdən kənarlaşdıracağıq”. 

Abbas Seyidov Lola Hüseynova ilə köklü problemi və ya qərəzi olmadığını qeyd edib:

“Şəxsən ona qarşı heç bir prinsipim yoxdur. Adi bir işçidir. Elə bir səviyyəli işçi də deyil ki, deyək bundan yoxdur. İki elmi rəhbər və iki mövzu dəyişib, amma heç bir iş görməyib. O qadın şər-böhtanla məşğuldur.

Onları rəhbər olaraq düz yola çəkirəm və işləmək üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Bütün işçilər kimi onun da hüququ qorunur. Amma heç kimə icazə verilmir ki, iş yerini buraxıb gəlsin və başqa bir şəxsi təhqir etsin.

Gedib məhkəməyə müraciət etsin. Dövlətin ali orqanı Lola Hüseynova haqqında müsbət qərar çıxararsa, şiddətli töhməti aradan qaldırarıq”, -deyə institut direktoru fikirlərini yekunlaşdırıb.

Bizim.media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069741