“Almatıda 36 il öncəki qanlı olayda da Nazarbayevin rolu hələ də aydınlaşdırılmayıb…”

2022-01-15 16:35:00

“Almatıda 36 il öncəki qanlı olayda da Nazarbayevin rolu hələ də aydınlaşdırılmayıb…”

“O vaxtkı Almatı olaylarında qazaxlar Çingiz Aytmatovu da fitə basıb qovdu…”

“36 il öncəki Almatı, Tiflis, Fərqanə, Oş,  Vilnüs və s. qırğınları xalqlarda SSRİ-yə, onun başında duran M.Qorbaçova  qarşı nifrət oyandırdısa, indiki olaylar da MDB-yə və ona faktiki rəhbərlik edən Putinə qarşı kəskin etiraz duyğularını alovlandırdı...”

36 il öncə  -1986-cı ilin dekabrında Qazaxıstanın o vaxtkı  paytaxtı Almatı şəhərində keçmiş Sovet İttifaqında antisovet şüarların səsləndirildiyi ilk kütləvi mitinq və iğtişaşlar baş verdi. Sonralar bu cür mitinqlər SSRİ-nin dörd yanını saracaq və cəmi 5 il sonra bu nəhəng rus-sovet imperiyası parçalanıb dağılacaqdı. Bəs görəsən,  son günlər Qazaxıstandakı əsas episentri yenə də Almatıda olan kütləvi faciəvi olaylar Rusiya imperiyasının qalan hissəsinin də parçalanmasına gətirib çıxara bilməz ki? O vaxtkı olaylarla  indikilərin arasında hansı oxşarlıqlar var? 

Bu mövzuda Moderator.az-dakı yazımızda əsas yeri 1986-cı ildə  sovet ordusu tərkibində  zabit kimi Almatıdakı olayların yatırılmasında iştirak etmiş tanınmış Qarabağ qazisi, istefada olan döyüşçü polkovnik Azay Kərimovun şahidi olduqları haqda söhbətinə vermişik.

“1986-cı ilin avqustunda mən Ukraynada- Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbində hərbi təhsilimi başa vurduqdan sonra təyinatla Qazaxıstanın Almatı şəhərindəki hərbi hissəyə yollandım.  Şəhərdən cəmi 3-4 km məsafədəki aeroportunun yanındakı moto-atıcı alayda leytenant rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri kimi xidmətə başladım. Dekabr ayına kimi ərazidə tam sakitçilik idi. Amma dekabrın 6-da həmişəki kimi komandanlıq tərəfindən bir günlük məzuniyyətə buraxılmış 8 rus əsgərdən 5-inin, məlumata görə, qazaxlar tərəfindən  öldürüldüyü, 3-nün isə açıq bıçaq yarası aldığı məlum oldu. Bundan az sonra məlum oldu ki, SSRİ rəhbərliyi tərəfindən  Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Dinməhəmməd Kunayev vəzifəsindən çıxarılıb və onun yerinə qeyri-qazax, milliyyətcə rus, həmin vaxt Sovet İttifaqı Kommunist Partiyasının baş katibi olan Mixail Qorbaçovun sinif yoldaşı Gennadi Kolbin təyin edilib. Bu da  Almatıda çox sərt qarşılanıb və  qazaxların milli heysiyyətinə toxunub. Etirazçılar tədricən o vaxt Brejnev meydanı adlanan hazırkı Respublika meydanına toplaşdı. Əvvəlcə mitinqlər  Kunayevin vəzifəsinə qaytarılması tələbi ilə dinc şəkildə davam edirdi. Lakin o vaxt aldığımız məlumata görə, etirazçılar arasında təxribatçı qüvvələr olub. Onlar ali məktəblərə gedir, tələbələri mitinqə çağırır, meydana gəlməyənləri isə döyürdülər. Meydandakılar üçün ərzaq, su gətirilirdi.  Hətta görünür, kütləni daha da aqressivləşdirmək üçün meydana alkoqollu içki və nəşə də çatdırılıb. Aksiyaçıların sayı artdıqdan sonra alayımızın xeyli hissəsini meydanın ətrafına yerləşdirdilər və biz artıq baş verənləri aydın şəkildə müşahidə etməyə başladıq.

Artıq etirazların təhlükəli hal aldığını görən rəhbərlik mitinqçilərin qarşısına tanınmış ziyalıları, sənət adamlarını çıxarmağa başladı. Yadımdadır ki, qazaxların o vaxtkı məşhur estrada ulduzu Roza Rımbayeva tribunaya qalxdı və söylədi ki, rus xalqı bizim qardaşımızdır, mən özüm rusca təhsil almışam, rus dilində oxuduğum mahnılarla məşhurlaşmışam. Camaat onu tribunadan zorla çəkib aşağı saldı və kürkünü, üst paltarını cırdılar.  Sonra məşhur qırğız yazıçısı Çingiz Aytmatov da eyni mövzuda danışıb dedi ki, mən bütün əsərlərimi rusca yazmışam. Onu da fitə basıb qovdular. Səhv etmirəmsə, dekabrın 16-da mitinq  məcrasından çıxaraq siyasiləşdi. Etirazçılar dinc insanlara hücum etməyə, rusları döyməyə, bəzən hətta öldürməyə başladı. Ticarət, iaşə və digər obyektlərə hücumlar təşkil olundu, Almatıdakı beşmərtəbəli univermaq tamam yandırıldı. Şəhərdəki sərnişinləri marşrutlardan düşürür, hətta bəzən dayanacaqda duran avtobusları içindəki srənişinlərlə bərabər çevirib yandırırdılar. Bir sözlə şəhər xarabalığa çevrildi.  Səhv etmirəmsə, yuxarı  komandanlığa hər  bir böyük və kiçik komandirə, zabitə, əsgərə möhürlü əmr verildi ki, Almatının meydan və küçələrində etiraz edən şəxslər xəbərdarlıq edilmədən güllələnsin.  Əmri milliyyətcə qazax olan  general-leytenant S. Nurmaqambetov imzalamışdı... 

Onu da deyim ki, hərbi qüvvələr iğtişaşların ilk günündən meydanı mühasirəyə almışdı. Dekabrın 16-19-u ərzində Almatının girişlərində 50 min hərbçidən ibarət qüvvə yerləşdirilmişdi, Aktau buxtasının giriş-çıxışı SSRİ-nin Xəzər hərbi donanmasının gəmi və katerləri vasitəsilə blokadaya alınmışdı.. 

Dekabrın 17-də hərbçilərin, o cümlədən bizim alayın mühasirəsində olan meydanda yenə qızğın mitinq gedirdi. Gözlənilmədən ara qarışdı və dərhal bizə meydandakı insanlara atəş açmaq əmri verildi. Sonrakı araşdırmamızdan bəlli oldu ki, milliyyətcə rus olan bir əsgər təsadüfdənmi, yaxud plan üzrəmi,  bilmədik,  etirazçılara yaxınlaşıb onlardan siqaret istəyib. Mitinqçilər də onu bir anda qamarlayıb kütlənin içərisinə aparıb orada döyüb öldürüblər və meyidini də mühasirə yaradan hərbçilərin yaxınlığına atıblar. Bir də gördük ki,  “Ural” markalı hərbi yük maşını  sürətlə  etirazçıların üzərinə gedir, təkərlər altında qalmış onlarla insanın cəsədi meydana səpələndi. Etirazçılar meydana maşın sürən əsgəri də öldürdülər. Sonradan məlum oldu ki, həmin əsgər ondan öncə öldürülmüş əsgərin həmyerlisi və dostu imiş. Beləliklə,  “atəş” əmrindən sonra bizim alayda və digər hissələrdəki yüzlərlə qazax zabit və əsgərin də açdığı avtomat atəşləri nəticəsində meydan yüzlərlə insanın cəsədləri ilə doldu. Əvvəlcədən bizə təlimat vermişdilər ki, atəş açmayan hərbçilər cəzalandırılacaq. Həm də onu da deyim ki, milliyyətindən asılı olmayaraq hərbçi yoldaşlarının amansızlıqla qətlə yetirilməsi  ordu mənsublarında meydana toplaşan mülki əhaliyə qarşı  nifrət yaratmışdı... Təxmini hesablarımıza görə, 600-dən çox qazax qətlə yetirilmişdi. Amma qazaxlar azərbaycanlılardan fərqli olaraq bu faciəni siyasiləşdirə bilmədilər. Çünki onlara bir dənə də cəsəd əldə etmək imkanı verilmədi. Hərbçlər cəsədləri dərhal yığışdırır,  yanğınsöndürən maşınlar isə meydana axmış qanı yuyurdular. Bir dənə də iz qalmırdı. Bu minvalla 600-dən çox cəsədin hamısını yığıb yaxınlıqdakı Kapçıqay gölünə tökdülər. Həmişə demişəm, Bakıdakı  20 yanvar faciəsi Almatı faciəsi qarşısında heç nə idi...

Amma hələ bundan sonra da Almatıda vəziyyət tam stabilləşmədi. Şəhərdə ayrı-ayrı qruplar etirazlar təşkil etməkdə davam edirdi. Buna görə də ordu bütün şəhəri nəzarətə götürdü. Və həmin qruplar hissə-hissə zərərsizləşdirilməyə başlandı. Bu proses dekabrın 29-dək davam etdi. Və dekabrın 31-də o boyda qırğına rəğmən rəhbərlik Almatıda Yeni il şənliyi təşkil etdi. Mənə  ən ağır təsir edən odur ki, 36 il öncə də, indi də qazax xalqının öz nümayəndəsi tərəfindən qırğın əmri verildi. 1986-cı ildə general S. Nurmaqambetov, indi isə  prezident Tokayev qazaxlara qarşı silah işlədilməsi haqda əmr verdi...

Onu da deyim ki,  Almatıdakı qırğın qazax xalqının gözünü çox qorxutdu və 1990-cı ilədək, mən oradan çıxıb Azərbaycana gələnədək Almatıda, yaxud  ölkənin harasındasa SSRİ-yə qarşı hansısa ciddi etiraz aksiyasının keçirildiyini eşitmədim...

Amma  1989-cu ilin iyunun 1-dən 5-nə qədər olan tarixlərdə  Özbəkistan Fərqanə hadisləri deyə bir iğtişaş baş verdi. Ermənilərin fitvası ilə Axısqa türklərinə qarşı yerli özbəklər tərəfindən qırğınlar başladıldı. 1990-cı ilin iyununda  Qırğızıstanın Oş vilayətində də eyni tipli iğtişaşlar oldu.  Bizim hərbi hissə də hər iki etirazların yatırılmasında iştirak etdi... Və bütün iğtişaşların sonluğu  Almatıdakına bənzər sonluqla bitdi. Bu o deməkdir ki, Rusiya komandanlığı altında olan hərbçilər girdikləri ərazilərdə heç də “sülhməramlı” olmurlar...

Bütün bunlardan sonra mən 1989-cu ilin sonlarında  Bakıda da artıq Moskvaya münasibətdə vəziyyətin gərginləşdiyini bildiyimdən xalq hərəkatının tanıdığım nümayəndələrinə göndərdiyim məktublarda onları üstüörtülü şəkildə xəbərdar etdim ki, Qazaxıstandakı, Orta Asiyadakı faciəli olaylar Azərbaycand da təkrarlana bilər. Yəni sovet ordusu Azərbaycan xalqının da üzərinə yeridilə bilər...”

Şahidin nəql etdiklərindən göründüyü kimi, 36 il öncəki Qazaxıstan, Almatı qanlı olayları ilə bu dəfəki hadisələr arasında fərqli cəhətlər olsa da, xeyli oxşar cəhətlər də vardı. 1986-cı ildə Almatıdakı iğtişaşlar indikindən fərqli olaraq sosial etirazlar dalğasında başlasa da, hər iki olay oxşar təxribat və talanlarla müşayiət olunub: dükanların, kafelərin dağıdılıb yandırılması, maşınların devrilməsi...  Hər ikisində xalqın üzərinə daxildən də, xaricdən də, yəni Rusiya ərazisindən ordu yeridilib, yüzlərlə insan birbaşa atəşlə qətlə yetirilib. 

Sovet dövründəki və indiki Qazaxıstan olayları arasındakı oxşar cəhətlərdən biri də hər iki faciəvi hadisədə 1986-cı ildə respublikanın Nazirlər Kabinetinin sədri, indi isə 30 ilə yaxın prezident olduqdan sonra Təhlükəsizlik Şurasının sədri və Elbaşı olmuş  Nursultan Nazarbayevin rolunun hələ də aydınlaşdırılmamasıdır...

1986-cı il Almatı olayları  Sovet İttifaqında ilk kütləvi etiraz aksiyası olmaqla SSRİ-nin çöküş prosesinin katalizatorlarından biri kimi tarixdə qaldı. Bundan sonra Gürcüstanda, Özbəkistanda, Azərbaycanda, Litvada və s. oxşar olaylar bu prosesi daha da sürətləndirdi. Amma fərq ondaydı ki, o vaxtkı hadisələr vahid bir ölkənin - SSRİ-nin tərkibində baş verirdi, Almatı olayları isə Rusiyadan xaricdə baş verdi. Və bundan yalnız 5 il sonra 1991-ci ilin 16 dekabrında Qazaxıstan müstəqilliyini elan etdi və cəmi 10 gün sonra isə SSRİ-nin çökməsi rəsmən  elan olundu. Bunun əvəzində isə Qazaxıstan və Azərbaycanın da daxil olduğu Müstəqil Dövlətlər Birliyi yarandı. Yəni o vaxtkı Almatı, Tiflis, Fərqanə, Oş,  Vilnüs və s. qırğınları xalqlarda SSRİ-yə, onun başında duran M.Qorbaçova  qarşı nifrət oyandırdısa, indiki Almatı olayları da MDB-yə və ona faktiki rəhbərlik edən Rusiya prezidenti Putinə qarşı daha kəskin etiraz duyğularını alovlandırdı...

Allah Qazaxıstanda, bütün türk dünyasında, o cümlədən Azərbaycan və Türkiyədəki olay və proseslərin sonunu xeyrə calasın!..

moderator.az