Saat:15:58
Haqqımızda

"Almaniyada tələbələr dərs oxumağa məcbur edilmir..." - Xaricdə təhsil alan həmvətənimizlə müsahibə

2024-02-24 19:10:56

Vaxt gələcək, elm xəyalı qabaqlayacaq. Məşhur fransız yazıçısı Jül Vernin bu sözləri sanki yaşadığımız əsri özündə ehtiva edir.

Müasir dövrdə hər şeyi elm, savad, bilik həll edir. Bunun fərqində olanlar təhsilə bağlanır. Xaricdə təhsil isə demək olar, hər gəncin arzusudur. Həm başqa ölkəni görmək, həm də daha yaxşı universitetlərdə oxumaq istəyirlər.

Bu niyyətlə Avropaya üz tutanlardan biri də Fərid Abbaszadədir. Beynəlxalq biznes və menecment üzrə  təhsil alan Fəridin müsahibəsini təqdim edirik :

- Özünüz haqqında məlumat verin...

- 19 may 2005- ci ildə Salyanda doğulmuşam. Birinci sinfə 240 nömrəli orta məktəbdə getmişəm. 5-8- ci sinifləri 53 saylı məktəbdə oxumuşam. Sonra təhsilimi Fizika Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində davam etdirmişəm.

2022-ci ildə ADA Univerisiteti Biznesin İdarə Edilməsi fakültəsinə daxil olmuşam. 2023-cü ildən isə Almaniyada UE, yəni Tətbiqi Elmlər üzrə Avropa Universitetində beynəlxalq biznes və menecment fakultəsində təhsil alıram.  

- Xaricdə təhsil fikri necə yarandı?

- 9-cu sinifdən bu haqda düşünürdüm. Orada həyat keyfiyyətinin daha yaxşı olması, görülən işə dəyər verilməsi və hərtərəfli imkanlar məni cəlb edirdi. 

- Niyə məhz Almaniya? Təsadüf idi, ya düsünülmüş qərar? 

- Təhsil ala biləcəyim ölkələri hələ 11-ci sinifdəykən araşdırırdım. İki ölkə məni özünə daha çox cəlb etdi. Amerika və Almaniya arasında qaldım. Sənədlərimi hər iki ölkə univerisitetlərinə göndərdim. 

Amerikanı daha çox istəsəm də, viza prosesindəki problemə görə Almaniyanı seçməli oldum. Bunu həm düşünülmüş, həm də təsadüfi qərar saymaq olar. Digər Avropa ölkələrini deyil, Almaniyanı seçməyimə səbəb keyfiyyətli təhsil, iş imkanları və təhsil xərclərinin daha sərfəli olmasıdır.  

- Yad ölkəyə uyğunlaşmaq çətin olmadı?  

- Tam uyğunlaşdığımı deyə bilmərəm. Bunun üçün azı bir il həmin ölkədə yaşamaq lazımdı. Amma ümumiyyətlə hələ ki, uyğunlaşmaqla bağlı  problem yaşamamışam. Oraya bəlli məqsədlə getdiyim üçün gördüyüm fərqlilik və yenilikləri qəbul edib, öyrənməyə çalışıram. Berlində bu vaxta qədər məni narahat edən və ya uyğunlaşa bilmədiyim nüanslarla qarşılaşmamışam.  

- Berlin necə şəhərdir?  

- Almaniyanın digər şəhərlərindən fərqlənir. Əhalisinin yarısını miqrantlar təşkil edir. Yerli almanların sayı azdır. Burada tez-tez çıxış, etiraz və tətillər keçirilir. Nəqliyyat 1 həftəyə qədər iflic vəziyyətində olur. Mərkəzi çox sıx və səs-küylüdür.  Ümumilikdə Berlini tələbələr üçün yaxşı şəhər hesab etmək olar.

- Bir az da təhsil aldığın universitetdən danış...

- “University of Europe for Applied” adlı universitet Berlinin mərkəzində yerləşir. Almaniyanın digər şəhərlərində, həmçinin Dubayda da filialları var. Özəl univerisitetdir. Təhsil ingiliscədir. Bizim qrupda məndən başqa bir azərbaycanlı da var. Ümumilikdə univerisitetdə 10-a yaxın həmyerlimiz təhsil alır.  

- Azərbaycan və Almaniya təhsili. Almaniya auditoriyasının üstünlükləri nələrdir? 

- Rahat təhsil rejimi... Almaniya universitetlərində tələbələr dərs oxumağa məcbur edilmir. Tələbə bizim ali təhsil müəssisələri ilə müqayisədə daha rahat olur. Lakin imtahanlar o qədər də asan deyil. Dərslərdə iştirak etməyənlər ya kəsilir, ya da çox aşağı nəticə göstərirlər. 

- Orada müəllim-tələbələrin münasibətləri necədir? 

- Müəllimlər alışdığımız ''ciddi'' müəllim obrazında deyillər. Tələbələrlə çox rahat və səmimidirlər. Əslində mən belə münasibəti ADA Univerisitetində də görmüşdüm. Lakin məncə Almaniyada müəllimlərlə əlaqə daha rahatdır.  

- Almanlar Azərbaycanı necə tanıyır? Ətrafdan sənə qarşı necə münasibət hiss edirsən?

- Çox yaxşı. Danışdığdım bir alman tələbə azərbaycanlı olduğumu biləndə təəccüblənmişdi. Bu ölkə haqqında çox məlumatı olduğunu bildirmişdi. Qarabağ münaqişəsi, SSRİ, Azərbaycan nefti və ölkəmizin Avropa ilə münasibətləri haqqında uzun söhbət etdik.

- Universitetdə Azərbaycanı tanıtmaq üçün hansı işlər görürsünüz?

- Azərbaycanı çox insana tanıtdığımı düşünürəm. Çünki bəzi xalqların nümayəndələri ölkəmiz haqqında sıx məlumatlı deyillər. Daha çox Avropa və Mərkəzi Asiyadan olan tələbələr dövlətimiz barədə məlumatlıdırlar. Məsələn, Amerika qitəsindən olanların əksəriyyəti Azərbaycan haqqında ilk dəfə eşitdiklərini deyirlər. ABŞ, Meksika, Koreya, Çin, Latın Amerikasından gələn çox tələbələrlə danışmışam. Ölkəmizin yerləşdiyi ərazini, bayrağımızı onlara göstərib qısa məlumat vermişəm.

- Almaniyada təhsil almaq üçün təqribi  nə qədər aylıq xərc tələb olunur?

  Bu, kirayə qaldığın evin qiymətindən asılıdır. Qrup yoldaşlarım arasında bir otaq üçün 250 avro da ödəyən var 1000 avro da. Ortalama bir ay üçün bütün xərclər daxil olmaqla 800-900 avro lazım olur. Onu da bildirim ki, attestat və DİM buraxılış imtahanında nəticəm yaxşı olduğu üçün təhsil haqqına 50% endirim qazanmışam.

- Almaniyada azərbaycanlı tələbələr əsasən hansı problemlərlə üzləşirlər? Ən çox nədə çətinlik çəkirsən?

- Almaniyanın əsas problemlərindən biri bürokratiyadır. Sənədləşmə işləri çox ləngdir. Nə qədər inkişaf etmiş ölkə olsa da elektron sənədləşmə  aşağı səviyyədədir. Sənədlərin kağız versiyasından istifadəyə üstünlük verirlər.   

İkinci çətinlik isə münasib ev tapmaqdır. Bura gəldikdən 3 ay sonra, fasiləsiz axtarış nəticəsində uyğun bir yer tapa bildim. Amma çox qrup yoldaşlarım hələ də kiçik ölçülü otaq üçün astronomik məbləğ ödəyirlər. 

Son olaraq dil problemini qeyd etmək istərdim. Düzdür, ingilis və türk dillərini bilməyim Berlində mənə günlük yaşam üçün yetərlidir. Lakin alman dilini bilmədən iş tapmaq ev axtarmaq qədər çətindir. 80% iş yerləri alman dili tələb edir. Yerdə qalan 20 % müəssisələrdə isə işə qəbul çox çətindir.  Dünyanın hər yerindən təhsil üçün bura üz tutan tələbələr arasında iş yerləri uğrunda güclü rəqabət var.  

- Xaricə gedən tələbələr çox zaman  qayıtmaq istəmir. Bəs, sən? Gələcək planların nədi?  

- Həyatımı Avropa və ya Amerikada davam etdirmək istəyirəm. Hədəflərimə çatmaq, uğurlu biznesmen olmaq üçün orada daha münbit şərait var. Gələcəkdə situasiyadan asılı olaraq yatırım etmək və ya əməkdaşlıq üçün Azərbaycana qayıda bilərəm. Hələ yolun başlanğıcındayam, gələcəkdə Almaniyada nələrlə qarşılaşacağımı bilmirəm.  

- Almaniyada təhsil almaq istəyənlərə məsləhətin nədir? 

- Xaricdə təhsil şansı varsa bunu mütləq dəyərləndirsinlər. İnkişaf üçün komfort zonadan çıxmaq mütləqdir. İnsan çətinliklərlə üzləşdikcə, onları tək həll etməyi bacardıqca, öz potensialını kəşf edir. Daha da yetkinləşir.



Günel Qurbanova
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR