Almaniya Rusiyadan enerji asılılığını azaltmaq üçün yollar axtarır

2021-11-25 13:04:00

Almaniya Rusiyadan enerji asılılığını azaltmaq üçün yollar axtarır

Almaniyanın yeni hökuməti ölkəni alternativ enerjiyə köçürmək və bununla da Rusiya xammalından asılılığı kəskin şəkildə azaltmaq niyyətindədir. Yeni hökumət 177 səhifədə yazılmış bərpa olunan enerjiyə keçid strategiyasını təqdim edib. Mətn noyabrın 24-də Berlində təqdim olunub. Maraqlıdır ki, "Almaniya Sosial Demokrat Partiyası", eləcə də "Yaşıllar" və "Azad Demokratlar Partiyası"nın koalisiya müqaviləsində Rusiyanın “Şimal axını 2” qaz kəmərindən ümumiyyətlə bəhs edilmir.

Lakin eyni zamanda, AFR-nin gələcək hökumətinin enerji təchizatı marşrutlarını şaxələndirmək istəyi bəyan edilir. Beləliklə, məlum olur ki, Almaniyanın yeni hakimiyyət orqanları ölkəni Rusiyanın gələcək qaz şantajlarından qorumağa hazırlaşır. Alman siyasətçiləri bərpa olunan enerji mənbələri şəbəkəsinin genişləndirilməsi və modern qazla işləyən elektrik stansiyalarının yaradılması haqqında yazırlar. Sözügedən sənəddə qeyd edilir ki, qazla işləyən elektrik stansiyaları indi “iqlimə zərər verməyən texnologiyalara uyğun” tikilməli olacaq. Həmçinin, Almaniya hökumətinin nümayəndələri 2030-cu ilə qədər kömür enerji sektorundan çıxmaq məqsədinə sadiq olduqlarını təsdiqləyiblər. Bundan əlavə, koalisiya sazişini imzalayan hər üç partiyanın üzvləri hidrogen yanacağının tədarükünün vacibliyini vurğulayıblar. "Yaşıllar", SPD və FDP nümayəndələrinin fikrincə, bərpa olunan enerji mənbələri üçün infrastrukturun mövcudluğu və hidrogenin texnologuyasının tətbiqi 21-ci əsrdə Avropanın rəqabət qabiliyyəti üçün ən vacib şərtlərdən biridir. Xatırladaq ki, hidrogenə əsaslanan enerji istehsalı texnologiyası sudan istifadəyə əsaslanır.  
Ülviyyə, Hurriyyet.az