Saat:04:57
Haqqımızda

Almaniya Bundestaqının nümayəndələri Milli Məclisdə olublar

2024-03-01 20:30:31

Almaniya Bundestaqının nümayəndələri Milli Məclisdə olublar

Martın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin üzvlərinin ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Hüquq siyasəti komitəsinin nümayəndə heyəti ilə görüşü keçirilib.

Hurriyyet.az bu barədə Milli Məclisin Media və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla bildirir.

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qonaqları salamlayaraq, xalqlarımız arasında münasibətlərin tarixi köklərindən, parlamentlərarası əlaqələrimizin səmərəli təcrübəsindən söz açıb, Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsində almaniyalı mütəxəssislərin rolunu  qeyd edib.

Birinci vitse-spiker  Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh perspektivləri barədə qonaqlara məlumat verib. Azərbaycanın normallaşma və sülh gündəliyinə sadiqliyi vurğulayan Əli Hüseynli bu prosesdə Avropa strukturlarının obyektivliyi, xüsusən Almaniyanın ədalətli mövqeyi ilə bağlı Azərbaycan xalqının gözləntilərini diqqətə çatdırıb.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycanın Almaniya ilə əlaqələrə böyük önəm verdiyini qeyd edib. O, torpaqları 30 il Ermənistanın işğalı altında olan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa etməsindən sonra bəzi Qərb dairələrində, o cümlədən Avropa İttifaqı strukturlarında  ölkəmizə qarşı qarayaxma və böhtan kampaniyalarının qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Görüşdə çıxış edən komitə sədrlərinin müavinləri Tahir Kərimli və Qüdrət Həsənquliyev torpaqlarımızın uzun illər ərzində işğalı faktına Avropa dairələrinin biganə və qərəzli münasibətindən bəhs ediblər, Azərbaycan və Ermənistan arasında sülh və etimad mühiti yaradılmasının vacib məqamları haqqında fikirlərini bölüşüblər.

Alman Bundestaqının Hüquq siyasəti komitəsinin nümayəndə heyətinin rəhbəri Elizabet Vinkelmayer-Beker, komitə üzvləri Sonya Ayxvede, Canan Bayram Cənubi Qafqazda sabitliyin, əməkdaşlığın və rifahın inkişafı baxımından sülhün davamlılığının  önəmini vurğulayıblar, bölgədəki vəziyyət və ölkəmiz haqqında doğru təəssüratlara malik olmaq üçün buradakı proseslərlə birbaşa tanış olmağın vacibliyini bildiriblər.

Görüş tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi ilə davam etdirilib.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207321