Allahşükür Paşazadə Xameneinin cavabını verəcək?

2022-07-21 13:07:00

Allahşükür Paşazadə Xameneinin cavabını verəcək?

Cənubi Qafqaz bölgəsində yeni reallıqlar yarandıqdan sonra rəsmi Bakının Qərbin dəstəyini alması Antiazərbaycan qüvvələrini yaman qıcıqlandırıb.

İranın ali rəhbəri Əli Xameneyinin “Qarabağın qayıtmasına sevinirik. Ancaq əgər İran–Ermənistan sərhədinin bağlanması siyasəti olduğu halda İran buna qarşı çıxacaq. Ona görə ki, bu yol neçə min illik əlaqə yoludur” açıqlaması buna parlaq misaldır.

Qəribə paradoks yaranıb. Azərbaycan bölgənin təhlükəsizliyi və rifahı naminə İranın da təmsil oluna biləcəyi “6-lar” platformasını təklif edir. Bununla da dünyanın mütərəqqi qüvvələrinin illərdir haqlı olaraq üz çevirdiyi İranın da sosial-iqtisadi çətinliklərdən qurtulması yolunun qarşısını açır. İranın ali rəhbəri isə bölgənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması ilə bağlı xeyirxah niyyətin gerçəkləşdirilməsinə qarşı çıxır, İran-Ermənistan sərhədinin “neçə min illik (?!) əlaqə yolu” olmasından dəm vurur.

Post-müharibə dönəmində Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə qonşu ölkə ruhanilərinin və rəsmi şəxslərinin cavabını layiqincə verib. Dövlət başçımızın 2021-ci ilin oktyabrında Cəbrayıl şəhərində səfərdə olarkən “Azərbaycan müstəqil siyasət yürüdür və bu əsasda qonşularla münasibət qurur. Hansı ölkə ilə və hansı səviyyədə əlaqələr qururuq – bu, öz işimizdir. Ermənistanla yaxın dost olan ölkələrə qarşı iddialar irəli sürmürük. Bu, bizi incidə bilər, xüsusən də qonşu ölkə olanda, amma  biz bunu ifadə etmirik. Azərbaycan xarici əlaqələrini və daxili işlərini istədiyi kimi planlaşdırmağa davam edəcək. Qoy heç kim burnunu bizim işlərə soxmasın” sərt bəyanatı belə cavablardan biridir.

Hətta o zaman İlham Əliyev “6-lar” platforması təklifini xatırladaraq, İran rəsmilərinə xəbərdarlıq etmişdi: “Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.

Gözləmək olardı ki, İranın ali rəhbərliyi lazımi nəticəni çıxaracaq. Amma “çax-çax” baş ağrıtmaqdadır.

KONKRET.az artıq Ə.Xamneyinin son açıqlamasının sosial media şəbəkəsində doğurduğu qəzəbli reaksiya barədə məlumat yayıb. Sosial şəbəkə istifadəçiləri ali rəhbəri riyakarlıqda, saxtakarlıqda və savadsızlıqda ittiham ediblər. Onlar Xameneyinin “Qarabağın qayıtmasına sevinirik” ifadəsinə inanmadıqlarını vurğulayıblar, illər öncəyə qədər Ermənistan adlı dövlətin olmadığını, həmin ərazilərin Azərbaycana məxsus olduğunu xatırladıblar.

İndi beynəlxalq ekspertlərin etiraf etdiyi kimi, çox düşünülmüş, savadlı, həssas və uğurlu xarici siyasət yürüdən rəsmi Bakı, təbii ki, fəaliyyətini İrandakılara cavab vermək üzərində qurmur. Ölkəmizin daha vacib məsələləri var. Elə Azərbaycan Prezidentinin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına dair 10 noyabr Bəyannaməsinə əməl edilməməsi, Rusiyanın hərbi rəhbərliyini və Ermənistan hakimiyyətini ittiham etməsi barədə cəsarətli açıqlamasının dünya mediasının gündəminə düşməsi bundan xəbər verir.

Amma İranın ali rəhbərliyinin riyakar davranışına ölkəmizin dindar cameəsinin və vətəndaş cəmiyyətinin təpkisi harada qalıb?

Hər zaman Azərbaycanın milli və dövlət maraqlarından dəm vuran dini rəhbərlərin, siyasi partiya liderlərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin ölkəmizə qarşı yönələn düşməni münasibətə reaksiyası adekvatdırmı? Təbii ki, xeyr.

İranın ölkəmizdəki səfirliyinin qarşısında etiraz aksiyası keçirilməsinin vacibliyini bir tərəfə qoyuruq. Hanı dini qurumların, siyasi partiyaların, vətəndaş cəmiyyətinin sərt bəyanatları?

Nədən Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri zamanı məsciddəki namaza İranın ali rəhbərinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejatın imamlıq etməsinə imkan verən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin və təbəələrinin səsi çıxmır?

Niyə vətəndaş cəmiyyətinin nümayəndələri birgə mətbuat konfransları keçirib, İranın ali rəhbərinə etiraz səslərini ucaltmırlar? Məgər siyasi partiya liderləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin fəaliyyəti yalnız internet TV-lərə çıxıb, daxili siyasəti tənqid etməkdən, Şuşaya və ya Ağdama kimin aparılıb-aparılmamasına irad bildirməkdən ibarətdir?

Hanı Cənubi Azərbaycan mövzusundan danışmağı sevən yazarlarımız? 

Axı hakimiyyətdə kimin olmasından asılı olmayaraq, cəmiyyət məhz belə məqamlarda çəkici bir nöqtəyə vurmağı bacarmalıdır. Çünki söhbət hər hansı fərddən deyil, xalqımızın igid övladlarının canı və qanı bahasına qurulan müstəqil Azərbaycan dövlətindən gedir.

PKK quldurlarının Türkiyədə çoxlu sayda terror törətdikləri, qəhrəman türk hərbçiləri arasında şəhidlərin sayının artdığı dönəmdə azərbaycanlı jurnalistin “Nədən Türkiyə PKK terrorçularının qarşısını ala bilmir?” sualına qardaş ölkənin rəsmi şəxslərindən biri belə cavab vermişdi: “Türkiyə çox qüdrətli dövlətdir. Dövlətimizə silah yönəldənin gözlərini oyarıq. Havadarlarının dəstəklədiyi PKK terrorçularını da məhv edəcəyik”.

Bəlkə biz də, nə qədər gec deyil, ölkəmizə dil uzadanları ardıcıllıqla və çevikcəsinə peşman etməyi öyrənək?


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.072137