ALLAHSIZLAR – Şamil yazır

2023-03-12 10:00:00

ALLAHSIZLAR – Şamil yazır

Öz günahımız ucbatında bizi cənnətdən qovub, bu dünyaya yerləşdirən Allahın, arxamızca neçə əli kitablı elçisini göndərib, yaşayacağımız olduğu yer kürəsinin əşrəfi edərək, buranı öz evimiz bilib, baxmağımıza, dolanıb-keçinməyimizə hər şərait yaratmasına rəğmən, düşən ilk fürsətdəcə qədirbilməz bir qonaq olduğumuzu, nəinki ətrafımıza, hətta özümüzə də düşmən kəsildiyimizi  göstərməyə çalışdıq.

İki oğlundan birinin cani, qaniçən olduğu Adəmin arvadınınmı, şeytanınmı sözüylə etdiyi buğda oğurluğu əlimizə keçən birinici çörəyimizin halal olmadığına ən böyük sübut deyilmi? Dənizləri yarıb, bizi düşmən bildiklərimizin təqibindən qoruyan Musanın Allahına çox keçmədən buzovu şərik qoşmağımız, Lut qövmünün, Pompey əhlinin etdiyi utanmazlığa da bizi ortaq etmirmi? Ölümüzü dirildən, kor olmuş gözlərimizi açan İsanı çarmıxa çəkib, əlinə-ayağına mıx vurmaqla etdiyimiz sədaqəti bir tikə yal verdiyimiz heyvanda görə bilərikmi? “Tək olan Allaha sitayiş edin” deyəni öldürdükdən sonra əzizləyib, onu yaradana tən və ya övlad yerinə qaldırmağımız yer üzündə gəzən ruhuna da vurduğumuz ən böyük ləkə deyilmi? Gec də olsa sağlığında dəyər verdiyimiz, diri ikən Allahın elçisi saydığımız Məhəmmədin Quranı, əhli-beytini əmanət etdiyi bizlərin sonrakı həyatı əmanətə xəyanətlə keçmədimi? Nəvəsinin başını kəsib, kitabını sünni, şiə, vəhhabi adı altında min bir mənaya bölməyimiz ən böyük küfür deyil də, nədir?

"Haqq mənəm, haqq məndədir" kəlmələrini car çəkən Nəsimini "haqq"da olanların heyvanın belə etmədiyi hala salmaları, şairin törəmələrinin bu günə qədər dərilərinin soyulmalarına ehtiyac olmadan əyri yola düşmələrinə, rüşvət alıb-rüşvət vermələri adlı iyrənc bir işi özlərinə peşə seçmələrinə, haqqı qoyub, nahaqqı yazmalarına səbəbi keçmişdəmi axtaraq, günümüzdəmi?

Bəzilərinin intibah adlandırdığı cahil dövrdə çəkilən lüt rəsmlə düzəldilən çılpaq heykəllərə bu günkü ağıllı saydıqlarımızın xərclədikləri pullara, nə qədər paltarsıza paltar geyindirmək olduğunu düşünsək, o əsərlərin qorunduğu məkanları gəzib, bir dəfə görmək eşqi ilə alışanların, evsiz-eşiksizlərə, yetim-yesirlərə göstərdikləri laqeydliyə, insafsızlığa baxsaq, bəşərin əksəriyyətinin, hələ də Qabilin qoymuş olduğu yolla getdiyini görmərikmi? Bir alman başçının millətindən heç kimi üstün görmək istəmədiyindən, ağıllı bildiyi, lazımlı  başları lazımsız adı altında sobalarda yandırıb, qazla boğması ilə Habilin qardaşının xainliyi nəticəsində əzilən başı arasında nə fərq var ki? Yaxud da bugünki "sivil" saydığımız dünyada eyni soydan olanların azad yaşamaq istəklərinə görə, adlarını nasist qoyub, evlərini başlarına yıxmaqları necə? Bütün bu olanlara göz yummaq bir yana qalsın, kömək edib dron verən birisinin bayrağına faşist deyil, Allah yazanın kitabını imansız yandırmasın da, nə etsin?

Yaradanının buyurduğu kimi, gecəsini yatıb, səhərini açan, yediyi, içdiyi, uçduğu, qaçdığı, cücərdiyi, nə vaxt yaşıl geyinib çırıl-çıplaq soyunduğu bəlli, vəhşi sandığımız təbiətə gələn yad, əsl vəhşi elə insan özü deyil də, kimdir, nədir o zaman? Başqa aləmdən də qayda pozanlıq etdiyimizdən dışlanan bizlər haqqında nə yazılmış olduğunu yandırdığımız, oxuyub əməl etmədiyimiz Allahın kitablarına baxsaq, gözəl bir məkandan, cənnətdən qovulub bu dünyaya atıldığımız və burda da etdiyimiz əməllərin nəticəsində, içimizdən bir-ikimizi çıxmaq şərtiylə, gedəcəyimiz son ünvanımız yazılıb. Artıq bizim nazımızla oynanılmayacağı məkan, Cəhənnəm!

ŞAMİL


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.230501