ALLAHIN MONARXİYASI – Şamil yazır

Dünyaya gələn ilk qız övladını diri-diri torpağa basdıracaq qədər insafsız bədəviyə göndərilmiş olan İslam əsl demokratiya deyildi də, bəs nə idi? Yaxud da ağlımıza gələn hər nə varsa, yaxşı ya pis, adını demokratiya qoyub, millətlərə kiməsə sərf elədiyi tərzdə sırımaq necə, bədəviliyə oxşayırmı? Bəşərin, "ölüsünü də nəzarətsiz qoymaq olmaz" deyiminə diqqət eləsək, o zaman dinsiz birisinin nələr edəcəyini ağıla gətirməyə ehtiyac yoxdur, sadəcə görmək lazım.
Peyğəmbərə gələn ilk ayəsi "oxu" olan müqəddəs kitabımızı ərincəkliyimizdənmi, mollaların çox bilmişliklərindənmi, yaxud da başqa dindən olanların aramızda yaratdıqları süni maneələrdənmi, dəqiq deyə bilmirəm, min dörd yüz il keçdikdən sonra oxumağa başlamışıqsa, buna Quran neyləsin? Ömrü boyu həmin kitabı ərəbcə oxuyub mənasını bilməyənin hərəktlərinə görə dinimiz qınanılacaqsa, İslamın nə günahı?
Əsl müsəlman görmək istəyənlər iki gün əvvəl mənə desəydilər, göstərərdim onlara. Artıq gecdir, haqqın dərgahına qovuşdu erkən yaşında, yəqin ki, bizim dərdimizdən. Demokratı da, mügənnisi də, alimi də, idmançısı da, dilənçisi də küçələrə tökülüb göz yaşı tökdü onun üçün. Sözün düzü, mən özüm də bundan sonra gördüm onun hansı mərtəbədə olduğunu. Bəlkə də hələ də çoxdur belələri aramızda, ancaq indi bildim ki, rəhmətə getməyincə deyə bilmərəm.
Təsəvvür edin, diri olan əksər hacılardan uzaq, mərhum Hacımızın əxlaqına tay insanlardan ibarət bir cəmiyyət, adı monarxiya olsa da olar, kişisiylə qadını bilinməyən, övladına bir heyvan qədər hörmət qoymayan, dərdsizlikdən intihar edən hansısa inkişaf etmiş, demokratik ölkədən yaxşı olmazmı? Bəlkə də büs-bütün İslam dəyərlərinə sadiq bir dövlətin günümüzdə yoxluğundandır, bəzilərinin biz müsəlmanları gic yerinə qoymalarının səbəbi. Gündə birisini dar ağacından asan İran kimisin demirəm, mərhəmətli, rəhmli olanı gərək. Bircə türk qardaşlarım gəlir ağlıma ki, ona da qaçqın, terrorçu doldurub, əngəllər qoydular, sonrada dedilər niyə səndə demokratiya yoxdur?
Qədim zamanlarda dinimizin işığına yığışıb rəsədxanalar, xəstəxanələr, kitabxanələr açmışdıq, parıltısına ilk gələn oxucumuz "səlib yürüşü" adlı indiki mədəni demokratların əcdadları oldu. Qol-qabırğamızı sındırıb elə hala saldılar ki, bu günə qədər müalicəmizi edəcək bir dənə xəstəxanamız yoxdur. İbin-Sinanın kitabından “Avisenna” adı altında bu günə kimi dərs keçirlər bizə, "dağlıya şor öyrədər kimi", hamamı, sabunu ilk dəfə bizdə görənlər, indi bizdən çimçəşirlər, qaşığımızı oğurlayanlar çəngəl göstərir bizə, amma ki, hara yazasan, kimə deyəsən, "min bir gecə nağılı" adlandırıb gülürlər, içi özümüzünkülər qarışıq.
O üzdən məni qınamayın, başqasını bilmirəm, mən hansısa əvvəlini-axrını bilməyən, riyakar, dünyaya öz bagçası kimi baxan, insafsız, ac uşağa bir tikə çörək vermək əvəzinə, onun yırtıcıya necə yem olacağının şəklini çəkənin demokratiyasını deyil, kainatı yoxdan var edən,"ol" deyib bizi olduran, "bu dünya sizin üçün bir sınaqdır" deyən, mərhəmətli, rəhmli, bağışlayan, bizə daima düzgün olan yolu göstərən Allahın monarxiyasını seçirəm.
ŞAMİL
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya