Ali təhsil müəssisələrinin akkreditasiyadan keçməsi niyə vacibdir?
Akkreditasiya müddəti ali təhsil müəssisələrinin fəaliyyət keyfiyyətinin qiymətləndirilməsi və tədris prosesinin standartlara uyğunluğunun təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, qanunvericiliyə əsasən ali təhsil müəssisələrinə akkreditasiya beş il müddətinə verilir və hazırda bir sıra universitetlərin akkreditasiya statusu qüvvədədir. Həmin ali təhsil müəssisələrinin sırasında ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, eləcə də BDU-nun Qazax filialı, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti və digər ali təhsil müəssisələri yer alır.
Bununla yanaşı, Milli Aviasiya Akademiyası və Azərbaycan Universiteti də daxil olmaqla bir neçə universitetin akkreditasiya müddəti yaxın zamanda başa çatır. Bu səbəbdən həmin təhsil ocaqlarının yenidən akkreditasiyadan keçməsi üçün müvafiq proseslərin həyata keçirilməsi planlaşdırılır.
Bu fonda ictimaiyyəti ən çox düşündürən ali təhsil müəssisələrinin akkreditasiyadan keçməsinin əhəmiyyəti, müvafiq prosesdən keçməyən universitetləri nə gözlədiyi, eləcə də təhsil müsəssisələrinin daha çox hansı səbəblərə görə akkreditasiydan keçə bilməməsi ətrafında olan suallardır.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, akreditasiyanın keçirilməsi ali təhsil müəssisələri üçün mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, bu proses onu göstərir ki, hər hansı ali təhsil müəssisəsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlamadan keçir.
“Yoxlama zamanı universitet bütün parametrlərə cavab verərsə, o zaman “uyğundur”, qismən cavab verərsə “qismən uyğundur”, tələbləri ödəmədiyi halda isə “uyğun deyil” qərarı çıxarılır.
Belə hallar olduğu təqdirdə ali təhsil müəssisələrinə təkrar 2 il müddətinə akreditasiya təyin olunur. Qanunvericiliyə əsasən, 5 il müddətinə müvafiq olaraq akkreditasiyadan keçən ali təhsil müəssisəsi yenidən akkreditasiyaya cəlb edilmir. Əsasən, 65 bal və daha aşağı nəticə göstərən universitetlərə isə çatışmazlıqları aradan qaldırmaq üçün 2 il vaxt verilir. Bu müddət tamamlandıqdan sonra onlarda təkrar akreditasiya prosesi həyata keçirilir”.
Ekspert vurğulayıb ki, müntəzəm olaraq akreditasiya prosesindən keçməyən ali təhsil müəssisələri bağlanma riski ilə üzləşə bilərlər:
“Akreditasiya zamanı müvafiq qurum tərəfindən müəllim-professor heyəti, tədris proqramlarının mövcudluğu və keyfiyyəti, ixtisaslar üzrə kadr hazırlığının düzgün təşkili və digər vacib elementlər qiymətləndirilir. Universitet bu tələblərə cavab vermədikdə onun akreditasiyadan keçməməsi barədə qərar qəbul olunur və fəaliyyətinə xitam verilir”.
E.Əfəndi Azərbaycan universitetlərinin akreditasiyadan keçməməsinin səbəblərini belə izah edib:
“Yataqxanaların olmaması və ya standartlara cavab verməməsi, tədris proqramlarında ziddiyyət, ciddi çatışmazlıqlar, professor-müəllim heyətinin yetərsizliyi, dərslərin düzgün təşkil olunmaması və digər oxşar problemlər akkreditasiya prosesindən keçməməsinə təsir edir.
Bundan fərqli olaraq, akreditasiyadan keçən universitetlərə isə bir sıra üstünlüklər verilir. Belə ki, həmin ali təhsil müəssisələri müvafiq olaraq, ən azı 5 il fəaliyyət göstərə bilir, iş prosesini daha rahat və səmərəli qurur. Tələbələr və valideynlər isə bu universitetin akreditasiyadan keçdiyini, tələblərə cavab verdiyini bilirlər ki, bu da ali təhsil müəssisəsinin nüfuzuna müsbət təsir göstərir”,- deyə o bildirib.
