Ali Hərbi Məktəbin sabiq rəisi:"MTN-də məni döydülər, Səfər Əbiyevə qarşı ifadə almaq istədilər"

2021-10-14 15:09:00

Ali Hərbi Məktəbin sabiq rəisi:

Ləğv edilmiş MTN-nin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov hakim qarşısına çıxarılıb.

Hurriyyet.az Musavat.com-a istinadən xəbər ki, ayrı-ayrı idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov da generallarla birlikdə mühakimə olunur.

Qapalı keçirilən prosesdə zərərçəkmiş Mirzəli Yusifov ifadə verib.

Zərərçəkmiş bildirib ki, uzun müddət Müdafiə Nazirliyində polkovnik rütbəsində xidmət edib.

O, 2009-cu ildən 2013-cü ilədək Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsində xidmət etdiyini bildirib: "2007-ci ildə Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə çağırdılar. Məni saxta ittihamla şantaj edib 275 min dollar aldılar. Daha sonra 25 min və 15 min dollar aldılar.

Vəzifədən çıxandan sonra yenidən məni Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə çağırdılar. Elə döydülər ki, qulaqlarımın pərdəsi deşildi"- deyə sabiq polkovnik qeyd edib.

 Onun sözlərinə görə, MTN-də ondan o zamankı müdafiə naziri Səfər Əbiyevin əleyhinə ifadə almaq istəyiblər:

"İmtina edəndə dedilər ki, Səfər Əbiyev, general Məmməd Beydullayev və admiral Şahin Sultanovla bir həbsxanada olacaqsan.

Qəti etiraz etdim. Dedilər ki, səni tutduracağıq. Nəticə elə də oldu. Bir müddət sonra rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay həbs cəzası çəkmişəm”.