"Aksiyanın tələbləri sərtləşdirilməlidir" - SƏRDAR CƏLALOĞLU
"Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimiz Azərbaycanın yuridisiyasına qaytarılmalıdır"
"Kreml tələblərimizə müsbət cavab verməyəcəyi təqdirdə, rəsmi Bakı konkret və daha sərt addımlar atmalıdır"
"İki il öncə bizim müqavilə bağladığımız Rusiya bu gün artıq cinayətkar dövlət kimi tanınır, odur ki, məhz bunu nəzərə alıb Azərbaycan dərhal üçtərəfli bəyanatdan imtina etməlidir"
Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə vətəndaş cəmiyyəti institutlarının, eko-fəalların, o cümlədən media təmsilçilərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə Şuşa-Laçın yolunda dekabrın 12-dən etibarən başlatdıqları etiraz aksiyası, ermənilərin Kəlbəcərdə yolu bağlamaları, xüsusi əməliyyat keçirib Arayik Arutunyan, Ruben Vardanyan və Viktor Balasanyanı Bakıya gətirilmə ehtimalı və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.
"Rəsmi Bakı Xankəndi şəhərində və sülhməramlıların nəzarətində olan digər ərazilərimizdə Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində konkret addımlar atmalıdır"
- Sərdar bəy, Rusiya "sülhməramlıları"nın komandanı, general-mayor Andrey Volkov nədən hələ də aksiyaçıların qarşısına çıxmır?
- Əvvəla, onu deyim ki, Volkovun aksiya iştirakçılarının qarşısına çıxmasına ehtiyac da yoxdur. Çünki o, müstəqil adam deyil. Ona nəyi necə etmək lazım olduğuna dair bütün təlimatlar Moskvadan gəlir. Məsələ burasındadır ki, sülhməramlılar 10 noyabr 2020-ci il tarixdə Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata əməl etməyə borcludurlar. Çünki bu, dövlətlər arasında imzalanmış bəyanatdır. Odur ki, aksiya iştirakçıları, o cümlədən, rəsmi Bakı Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi şəhərində və sülhməramlıların nəzarətində olan digər ərazilərimizdə Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində konkret addımlar atmalıdır. Xüsusən də Laçın yoluna nəzarət Azərbaycana keçməli, bizim orda sərhəd, gömrük və polis xidmətlərimiz yaradılmalıdır. Yəni, Xankəndi və sülhməramlıların nəzarətində olan digər ərazilərimiz Azərbaycanın yuridisiyasına qaytarılmalıdır. Eyni zamanda, Ruben Vardanyan kimi əvvəllər Xankəndidə yaşamamış şəxslərin ora gəlməsinin qarşısı alınmalı, Azərbaycan hökuməti onların dərhal Qarabağ iqtisadi rayonundan çıxarılmasını tələb etməlidir. Bununla yanaşı, İrandan və digər ölkələrdən gələn terrorçuların Qarabağ iqtisadi rayonundan təmizlənməsi tələbi ortaya qoyulmalıdır.
"Bu gün biz faktiki olaraq yenidən Rusiyanın 1988-ci ildə Qarabağda oynadığı oyunlara qayıtmışıq"
- Sirr deyil ki, Rusiya bütün bu sadalanan tələblərə müsbət cavab verməyəcək. Bəs, o zaman rəsmi Bakı hansı addıma baş vurmalıdır?
- Kreml tələblərimizə müsbət cavab verməyəcəyi təqdirdə, rəsmi Bakı konkret və daha sərt addımlar atmalıdır. Bildiyiniz kimi, indi də ermənilər Kəlbəcərdə yolu bağlayıblar. Onlar üçün Laçın yolu ilə Kəlbəcər yolu sanki eyni statusdadır. Halbuki, Laçında xarici dövlətdən Azərbaycana gələn yol bağlanıb, Kəlbəcərdə isə Azərbaycanın bir hissəsindən digərinə gedən yol bağlanıb. Əslində, bu hərəkət mənə 1988-ci ildə ermənilər atdıqları addımları xatırladır. Belə ki, o zaman ermənilər Ağdamdan və Laçından gələn yolu bağlayırdılar. Yəni, bu gün biz faktiki olaraq yenidən Rusiyanın 1988-ci ildə Qarabağda oynadığı oyunlara qayıtmışıq. Təbii ki, bu gün ermənilərin atdığı bütün addımlar bilavasitə Rusiyanın təşviqi, göstərişi ilə həyata keçirilir. Bu səbəbdən də Azərbaycan Kəlbəcərdəki erməniləri silib-süpürüb bir kənara atmalı, onlara başa salmalıdır ki, Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası ilə onların aksiyasında heç bir uyğunluq yoxdur. Hesab edirəm ki, Azərbaycan dövlətinin ərazisində yaşamaq istəməyən, açıq şəkildə ölkəmizin ərazi bütövlüyünə təhdid yaradan ermənilərin ərazilərimizdən təcili surətdə çıxarılması ilə bağlı məsələ qaldırılmalıdır.
"Etiraz aksiyası sonda nəticəsiz qurtararsa, o zaman bu, Azərbaycan üçün arzuolunmaz hallara yol aça, özümüzə qarşı yönələn ciddi prosesə çevrilə bilər"
- Zənninizcə, Şuşa-Laçın yolunda baş tutan dinc aksiya hələ neçə gün davam edəcək? Ümumiyyətlə, bu, sonda nə ilə nəticələnəcək və ya nəticələnməlidir?
- Mənə elə gəlir ki, artıq aksiyanın tələbləri sərtləşdirilməlidir. Belə ki, 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli bəyanat icra edilmədiyindən aksiya artıq rus qoşunlarının ərazilərimizdən çıxarılması tələbi ilə keçirilməlidir. Eləcə də Xankəndi və sülhməramlıların nəzarətində olan digər ərazilərimizin Azərbaycanın yuridisiyasına qaytarılması ilə bağlı şüarlar səsləndirilməlidir. Bu tələblərin arxasında isə Azərbaycan və Türkiyə dövlətləri rəsmi şəkildə durmalı, onları müdafiə etməlidir. Çünki hazırda bu qədər sosial enerji "Volkov gəlsin,cavab versin" kimi boş və mənasız tələbə sərf olunur. Onu da qeyd edim ki, sözügedən etiraz aksiyası sonda nəticəsiz qurtararsa, o zaman bu, Azərbaycan üçün arzuolunmaz hallara yol aça bilər. Bir məqamı da vurğulamalıyam ki, aksiya uzandıqca Azərbaycana qarşı beynəlxalq təzyiqlər də artmağa başlayır. Məsələn, artıq Litva və Kanada bəyanat verib, ABŞ-da Konqresdə dinləmələr keçirilib. Təəssüf ki, bu proseslər getdikcə davam edəcək. Azərbaycan Xarici İşlər Nazirliyi isə vaxtında bu məsələlərin qarşısını almaq imkanına malik deyil. Sual yaranır: Azərbaycana dost, Rusiyaya isə düşmən olan Litva kimi bir dövlət bu məsələdə nədən Rusiyanın maraqlarını müdafiə edir? Çünki Qarabağ iqtisadi rayonunda nələrin baş verdiyini başa düşmür, yaxud da bu barədə yetərincə məlumatlandırılmayıb. Bildiyimiz kimi, hazırda Rusiyaya qarşı ən kəskin mövqe nümayiş etdirən ölkələrdən biri də məhz Kanadadır. Lakin bu məsələdə o da Rusiyanın Qarabağdakı oyununu müdafiə edir. Yəni, bu baxımdan Azərbaycan Xarici İşlər Nazirliyi də bu məsələdə çox ləng, yarıtmaz fəaliyyət göstərir. Bu səbəbdən də bizim dinc aksiyamızla bağlı dünyanın müxtəlif ölkələrində ən kəskin təpkilər meydana çıxmağa başlayıb. Əgər vaxtında bunun qarşısı alınmasa, sonradan bizim aksiyamız özümüzə qarşı yönələn ciddi prosesə çevrilə bilər.
"Azərbaycan təcili şəkildə qoşun yeridib Laçın dəhlizini bağlamalı, eyni zamanda Xankəndi və rus sülhməramlıların nəzarətində olan digər ərazilərimizin silahsızlaşdırılması ilə bağlı konkret tədbirlər görməlidir"
- Necə düşünürsünüz, əgər bu aksiyada gözlənilən nəticə əldə olunmasa, Azərbaycan hərbi əməliyyatlara başlaya bilər?
- Azərbaycan suveren dövlətdir və buna görə də ekoloqların nəsə bir çağırış etmələrinə ehtiyac yoxdur. Yəni, Azərbaycan Rusiyaya müraciət etməli və bildirməlidir ki, mən öz sərhədlərimdə dövlət orqanlarımın fəaliyyətini təşkil edirəm. Rusiya nə əsasla buna "yox" deyə bilər?! Nə üçün bizim dövlət sərhədimizin müəyyən bir hissəsində nəzarətimizdən kənar ərazi olmalıdır ki, ordan bizə qarşı hər cür düşmənçilik hərəkətləri həyata keçirilsin?! Baxın, Qarabağdakı ermənilər bəyanat veriblər ki, əlimizdə kifayət qədər silah var, beynəlxalq ictimaiyyət bizimlə razılaşmalıdır. Halbuki, üçtərəfli bəyanatda Qarabağdakı ermənilərin silahsızlaşdırılması şərti var. Bu gün isə onlar deyirlər ki, bizim əlimizdə ən müasir silahlar var. Həmin silahlar isə Rusiya, İran və Fransadan gətirilib. Belə çıxır ki, üçtərəfli bəyanat Qarabağdakı ermənilərin daha yaxşı silahlanmasına, Azərbaycana qarşı daha böyük təhlükənin yaranmasına xidmət edir. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan təcili şəkildə qoşun yeridib Laçın dəhlizini bağlamalı, eyni zamanda Xankəndi və rus sülhməramlıların nəzarətində olan digər ərazilərimizin silahsızlaşdırılması ilə bağlı konkret tədbirlər görməlidir. Çünki biz bu məsələni uzatdıqca, yumşaq xətt tutduqca ermənilər daha kəskin mövqe nümayiş etdirəcəklər. Ermənilər elə xalqdır ki, ağzının üstündən vurmasan, qudurmuş it kimi səni qapmaqda davam edəcək.
"Rusiya sülhməramlılarının statusu təsdiqlənməyibsə, bu, o deməkdir ki, onlar bizim üçün işğalçıdır"
- Sərdar bəy, həm bütün bu deyilənləri, həm də rəsmi Bakının rus sülhməramlıların mandatını təsdiqləmədiyini nəzərə alsaq, Azərbaycan yaxın müddətdə onların ölkədən çıxarılması məsələsini qaldıra bilər?
- İlk öncə onu qeyd edim ki, Rusiya sülhməramlılarının statusu təsdiqlənməyibsə, bu, o deməkdir ki, onlar bizim üçün işğalçıdır. Əslində, bu, elə onların statusudur. Hesab edirəm ki, Azərbaycan dərhal Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi şəhərində və sülhməramlıların nəzarətində olan digər ərazilərimizdə xüsusi hərbi əməliyyat həyata keçirməlidir. Rusiya sülhməramlı qüvvələri dursun bir kənarda, bunun bizə aidiyyəti yoxdur. Biz öz ərazimizdə Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq silahsızlaşdırma və anti-terror əməliyyatı həyata keçirməliyik. Rusiya sülhməramlı qüvvələrinin missiyası Ermənistan ordusu ilə Azərbaycan ordusu arasında atəşkəsə riayət edilməsini təmin etməkdir. İndiki halda isə Ermənistan ordusu sərhədin o tərəfində, Azərbaycan ordusu isə bu tərəfindədir. Xankəndidə isə Ermənistan ordusu ola bilməz. Bu səbəbdən də Ermənistan ordusu ilə bizim aramızda atəşkəsin pozulma riski də yoxdur. Bax, bu halda sual olunur: Rusiya sülhməramlı qüvvələri Qarabağda üçtərəfli bəyanata uyğun olaraq nə kimi fəaliyyət göstərir?!
"Biz nəinki Xankəndiyə, hətta sərhəddə 20-30 kilometr Ermənistanın dərinliyinə doğru girib orda panton bölgə yaradıb öz təhlükəsizliyimizi təmin edə bilərik"
- Bu gün bizim xüsusi əməliyyat keçirib Arayik Arutunyan, Ruben Vardanyan və Viktor Balasanyanı Bakıya gətirməyimizə nə mane olur?
- Əslində, heç nə mane olmur. Sadəcə olaraq bunun üçün cəsarətli addımlar atılmalıdır. Hesab edirəm ki, biz nəinki Xankəndiyə, hətta sərhəddə 20-30 kilometr Ermənistanın dərinliyinə doğru girib orda panton bölgə yaradıb öz təhlükəsizliyimizi təmin edə bilərik. Çünki uzun illərdir ki, Ermənistan ərazisindən Azərbaycana qarşı çox ciddi hərbi təhlükələr var. Son müharibələr də göstərdi ki, bu təhlükələr neçə min insanın həyatı bahasına başa gəldi. Həmçinin, bu, çox böyük maddi itkiyə səbəb oldu. Odur ki, Xankəndidə və Rusiya sülhməramlıların nəzarətində olan digər ərazilərimizdə silahlı ermənilərin olması Azərbaycan dövləti üçün ən böyük təhdidlərdən biridir. Dünyanın heç bir ölkəsi öz ərazisində ona qarşı öz vətəndaşlarının xarici dövlətlərin təhriki ilə silahlanmasına razı ola bilməz və olmur da. Bu halda biz niyə razı olmalıyıq?! Belə çıxır ki, dünya başqa, Azərbaycan isə tamam başqa qanunlarla idarə olunur.
"Hazırda baş verən hadisələr göstərir ki, Rusiyanın məqsədi Azərbaycan ərazilərinin işğaldan tam azad olunmasının qarşısını almaqdır"
- Sizə elə gəlmir ki, bütün bunlar Zəngəzur dəhlizinin açılmasını ləngitmək üçün Rusiya tərəfindən hesablanmış addımlardır?
- Düşünürəm ki, biz əvvəldən dəhliz məsələsinə razılıq verməklə, həm də Laçın dəhlizi ilə Zəngəzur dəhlizi arasında analogiya aparmaqla çox yanlış mövqe tutmuşuq. Belə ki, Zəngəzur dəhlizi bir xarici dövlətin ərazisindən keçməklə Azərbaycanın öz ərazisi ilə birləşməsi deməkdir. Laçın dəhlizi isə bir xarici dövlətlə Azərbaycan ərazisi arasında etnik qrupun rabitəsidir. Yəni, Zəngəzur dəhliz ola bilər. Çünki biz xarici dövlətin ərazisindən keçib öz ərazimizə gedirik. Amma Laçın dəhliz ola bilməz. Ona görə ki, xarici dövlətin vətəndaşı bizim ərazimizə icazəmiz olmadan gələ bilməz. Ona görə də Rusiya o vaxt Xankəndiyə qoşun yeritdi, Azərbaycana təzyiq etdi, Bakıya raket atdı, Xazərdə gəmilərini sahilə yaxınlaşdırdı və bizi tez-tələsik düşünülməmiş şəkildə həmin bəyanata imza atmağa məcbur etdi. Əslində, həmin bəyanat beynəlxalq hüquq normalarına, o cümlədən Azərbaycan Konstitusiyasına ziddir. Bu səbəbdən də indiyədək rus sülhməramllarının statusu ratifikasiya olunmayıb. Bu, Azərbaycan Konstitusiyasına zidd olması ilə bağlıdır. Çünki Konstitusiyaya görə, Azərbaycan ərazisində hər hansı bir xarici qoşun ola bilməz. Məsələnin siyasi səbəbi isə odur ki, Azərbaycan açıq şəkildə deməsə də, rus qoşunlarını işğalçı qüvvə kimi tanıyır. Ona görə də mənə elə gəlir ki, Azərbaycan qısa müddət ərazində bu məsələni hərbi variantla həll etməlidir. Çünki indi belə çıxır ki, müharibə Xankəndi və Rusiya sülhməramlıların nəzarətində olan digər ərazilərin işğaldan azad olunmaması üçün dayandırıldı. Yəni, hazırda baş verən hadisələr göstərir ki, Rusiyanın məqsədi Azərbaycan ərazilərinin işğaldan tam azad olunmasının qarşısını almaqdır. Baxın, bu gün bizim qarşımızdakı Rusiya ilə 10 noyabr 2020-ci il tarixdə üçtərəfli bəyanatı imzalamış Rusiya eyni dövlət deyil. O zaman onun bir imici vardı, BMT-də veto hüququ olan dövlət idi, BMT-nin insan hüquqları komitəsinin, həmçinin Avropa Şurasının üzvü idi. Bu gün isə Rusiya BMT-nin insan hüquqları komitəsindən, Avropa Şurasından çıxarılıb. Bundan başqa, Avropanın 40-a yaxın ölkəsi Rusiyanı terrora dəstək verən dövlət kimi tanıyır. Yəni, iki il öncə bizim müqavilə bağladığımız dövlət bu gün artıq cinayətkar kimi tanınır. Məhz bunu nəzərə alıb Azərbaycan dərhal üçtərəfli bəyanatdan imtina etməlidir. Çünki artıq Rusiyanın dünyada statusu dəyişib və az qala hər kəs onu terrorçu dövlət kimi tanıyır. Terrorçu dövlət isə heç bir halda sülhməramlı missiyasını həyata keçirə bilməz.
"Rusiya əvvəlki gücündə olsaydı belə, biz yenə də beynəlxalq hüquqa uyğun olaraq öz ərazimizdə qeyri-qanuni silahlı dəstələri təmizləməli, terrorçulara qarşı mübarizə aparmalıyıq"
- Sərdar bəy, necə düşünürsünüz, Rusiyanın beynəlxalq statusunun dəyişməsi, o cümlədən hərbi, siyasi və iqtisadi gücünün zəifləməsi Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün zəmin yaradırmı?
- Əslində, Azərbaycan öz ərazilərinin azad edilməsi üçün hansısa bəhanə axtarmamalıdır. Rusiya əvvəlki gücündə olsaydı belə, biz yenə də beynəlxalq hüquqa uyğun olaraq öz ərazimizdə qeyri-qanuni silahlı dəstələri təmizləməli, terrorçulara qarşı mübarizə aparmalıyıq. Çünki ABŞ, Rusiya, Fransa və dünyanın bütün ölkələri nəinki öz ərazilərində, hətta sərhədlərindən kənarda belə, terrorçulara qarşı mübarizə aparır. Odur ki, Azərbaycanın da Xankəndidə və Rusiya sülhməramlıların nəzarətində olan digər ərazilərimizdə silahlı erməniləri təmizləmək kimi bir hüququ var. Bu hüquq beynəlxalq qanunvericiliklə də təsdiqlənib. Ona görə də Azərbaycan dərhal ərazilərimizdəki erməni terrorçularının silahsızlaşdırılması istiqamətində qəti addımlar atmalıdır. Utunmaq lazım deyil ki, istər diplomatiyada olsun, istərsə də hərb sahəsində hücum ən yaxşı müdafiədir!
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU