Aksiyada nazirliyin işçisinin yaxasından yapışan qazi: - “Dedilər ki, mən susmasam...”

2022-06-10 12:22:00

Aksiyada nazirliyin işçisinin yaxasından yapışan qazi: - “Dedilər ki, mən susmasam...”

"Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələr üzərindən mənim üzərimə gəlir. Mənə qarşı amansız basqılar, qarayaxma kampaniyası var".

Hurriyyet.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya bir neçə gün öncə ƏƏSMN qarşısında aksiya zamanı nazirliyin mətbuat katibi Fazil Talıbovun yaxasından yapışan Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev deyib.

Qazi bildirib ki, guya onun qardaşını qazi olduğuna görə DOST Mərkəzində işə götürüblər:

"Bu, ağ yalandır. Qardaşım 2018-ci ilin may ayından xidmətdən yararlanıb, orada işləyib. Əslində mənim qardaşıma təzyiqlər olub ki, mən susmasam, onu işdən çıxaracaqlar. Təxminən 6-7 ay bundan əvvəl bir dəfə belə təzyiqlər olub, 2-3 ay bundan qabaq da bir dəfə sərt şəkildə nazirliyin fəaliyyətini tənqid etdiyimə görə xəbərdarlıq edilib".

Qazi nazirliyə çağırılanlardan bəzilərini araşdırdığını bildirib:

"Məndə siyahı var - Nuralizadə Allahverən, Seyfəddinli Namik, Əhmədzadə Mobil... Qurbanəli adlı qazi var, Suraxanı rayon İcra Hakimiyyətində işləyirdi. Yaxşı "fəaliyyətinə", qazilərə qarşı süründürməçilik etdiyinə görə icra başçısı tərəfindən vəzifəyə təyin edilib. Bu adamın Suraxında ikimərtəbəli obyekti, maşını, işi, hər şeyi var. Digərləri də dövlətdən yaxşı məvacib alan şəxslərdir".

Hacı Vəliyev həmin hadisədən öncə nazirliyə siyahı təqdim etdiyini açıqlayıb:

"Həmin siyahıdakı bir-iki nəfərə əlillik veriblər, qalanına imtina gəlib. Mənə 10-a yaxın qazi zəng vurub. Bizim nazirliyin qarşısındakı hadisəylə bağlı videonun altına Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin trolları "Sizə əlillik veriləcək guya? iİmtina veriləcək" yazırdılar. Həmin imtinalar bu gün öz əksini tapır. Mayor Novruzov Rövşən Rəfail oğlunun inzibati və Apellyasiya Məhkəməsində işi olub. Ali Məhkəmənin qərarı var ki, adama 2-ci qrup əlillik ömürlük təyin edilsin. Həmin şəxs Azərbaycan ordusunda 20 ildir ki, xidmət edib. Ali Məhkəmənin qərarını icra etməyən nazirlik hansısa ucqar rayondakı kasıbın, yetimin məhkəmə qərarına icra edəcəkmi? Hər şey göz qabağındadır. Bizə deyirlər ki, gedib konkret olaraq məhkəməyə verin".

Sonda qazi hadisədə nazirliyin kompüterlərin, qapılarının sındırılması ilə bağlı hələ heç kəsin çağırılıb istintaqa cəlb olunmadığını da bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya