Saat:13:29
Haqqımızda

AKADEMİYANIN MÜXBİR ÜZVÜNƏ QARŞI DƏLƏDUZLUQ - Qonşusu tərəfindən aldadılan Rahib Zeynalov illərdir öz haqqını əldə edə bilmir

2022-05-17 14:13:00

AKADEMİYANIN MÜXBİR ÜZVÜNƏ QARŞI DƏLƏDUZLUQ - Qonşusu tərəfindən aldadılan Rahib Zeynalov illərdir öz haqqını əldə edə bilmir

Şikayətçi iddia edir ki, Xanəliyev Ərəstun Niyazəli oğlu etimadından sui-istifadə edərək, ona məxus torpaq sahəsini ələ keçirib

“Hürriyyət” qəzetində zaman-zaman maraqlı yazıları ilə çıxış edən, Rusiya Mühəndislik Akademiyasının həqiqi, Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, dosent Rahib Zeynalov illər öncə dələduzluğa məruz qalsa da, hələ də öz haqqını hüquqi yollarla əldə edə bilmir. R.Zeynalovun sözlərindən belə aydın olur ki, qonşusu Xanəliyev Ərəstun Niyazəli oğlu onun etimadından sui-istifadə edərək, 1989-cu ildə Bakı Şəhər İcra Hakimiyyəti (XDS İcraiyyə Komitəsi) tərəfindən ona ayrılan 12 sot torpaq sahəsini saxtakarlıq yolu ilə mənimsəmişdir.

Rahib Zeynalov deyir ki, 1989-cu ildə Kirov adına Maşınqayırma Zavodunda çalışarkən, rəhbərliyin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə təqdimatı əsasında Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 2 iyun 1988-ci il tarixli, 95 nömrəli qərarı ilə ona 0.12 ha (12 sot) torpaq sahəsi ayrılıb. Dediyinə görə, Novxanı bağ massivindəki həmin torpaq sahəsi ona 76 saylı Bağ-tikinti kooperativinin üzvü kimi ayrılıb və “Baksovet” tərəfindən bu barədə 05.09.1989-cu il tarixli, 9 saylı order də verilir. O, həmin vaxtdan sonra torpaq sahəsini bir neçə il ailə üzvləri ilə birlikdə istifadə edib. Lakin sonra yaradıcı işlə əlaqədar olaraq uzun müddət həmin əraziyə gedib-gələ bilməyib. Bundan istifadə edən qonşusu isə, onun xəbəri olmadan sözügedən ərazini zəbt edib...

Şikayətçi deyir ki, əslində, həmin torpaq sahəsi ayrıldıqdan sonra, Nazirlər Kabinetinin qərarı əsasında 76 saylı Bağ-tikinti kooperativi həmin ərazidə onun üçün mənzil (bağ evi) tikməliydi. Lakin Sovetlər Birliyi dağıldıqdan sonra kooperativ də ləğv olunduğundan, mənzil tikintisi həyata keçirilmir. Bir neçə il sonra o, həmin ərazini özəlləşdirərək, şəxsi vəsaiti hesabına özünə bağ evi tikmək qərarına gəlir. Lakin 07.03.2014-cü ildə bu məqsədlə müvafiq qurumlara müraciət etdikdə, ona bildirilir ki, Bakı Şəhər Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən, onun üçün ayrılan 209 saylı bağ sahəsi digər fiziki şəxsin adına özəlləşdirilib. Sonradan zərərçəkənə məlum olub ki, həmin şəxs onun etimadından sui-istifadə edən qonşusu Xanəliyev Ərəstun Niyazəli oğludur.

Ən maraqlısı isə odur ki, həmin torpaq sahəsinin yeri və nə vaxt ayrılması haqda ətraflı bilgilərə malik olan Ə.Xanəliyev sözügedən ərazini, eləcə də onun yanında olan başqa bir torpaq sahəsini saxta sənədlər əsasında, qanunsuz olaraq özəlləşdirib. Belə ki, o, Rahib Zeynalovun adına olan torpaq sahəsinə dair sənəddə qonşusunun ad və soyadını pozub, yerinə özünün ad-soyadını yazaraq, torpaq sahibinin xəbəri olmadan, ərazini tanışları vasitəsilə özəlləşdirməyə nail olub. Eynilə, digər torpaq sahəsi üzərində də bu cür “əməliyyat” apararaq, yox yerdən 24 sot torpaq sahəsinə sahib olub.    

Rahib Zeynalov

Bundan sonra Rahib Zeynalov öz haqqını məhkəmə yolu ilə əldə etməyə cəhd edib. Bu məqsədlə o, 05.09.2014-cü ildə məhkəməyə müraciət edərək, Novxanı bağ massivində yerləşən 209 saylı 0,12 ha torpaq sahəsindən ibarət olan bağ sahəsinə dair Dövlət Torpaq Kadastrı kitabında 22.04.2011-ci il tarixli, 25016 nömrəli qeydiyyatın, üstəlik sözügedən torpaq sahəsində inşa edilən 108,28 kv.m ümumi sahəsi olan bağ evi üzərində Xanəliyev Ərəstun Niyazəli oğlunun mülkiyyət hüquqlarının ləğv edilməsini, həmçinin, bu torpaq sahəsi üzərində onun özünün mülkiyyət hüququnun tanınmasını xahiş edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.09.2014-cü il tarixli qərardadı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi cavabdeh, Xanəliyev Ərəstun Niyazəli oğlu isə üçüncü şəxs qismində işə cəlb ediliblər. Lakin prosesin yekununda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə Rahib Zeynalovun iddia tələbi qanunsuz olaraq rədd edilib.

Sonradan işə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Bu dəfə məhkəmə cavabdeh kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini deyil, Əmlak Məsələləri Dövlət Komitəsini tanıyıb. Bununla belə, Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2015-ci il tarixli qərarı ilə R.Zeynalovun iddiası yenə də qeyri-qanuni şəkildə təmin edilməyib.

Beləliklə, Rahib Zeynalov illərdir öz qanuni haqqını əldə etmək üçün hüquq müstəvisində mübarizə aparsa da, hələ də heç bir müsbət nəticə yoxdur. Bununla belə, şikayətçi qanunsuz zəbt olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə edənədək mübarizə aparacağını bildirir.

Qeyd edək ki, bütün bunlar sadəcə məsələnin hüquqi tərəfidir. Ən maraqlısı isə odur ki, R.Zeynalovun torpaq sahəsinin zəbt olunmasında vaxtilə yüksək vəzifələrdə çalışmış dövlət məmurlarının da bu və ya digər dərəcədə adı keçir. Üstəlik, bu dələduzluq faktının iştirakçısı olan hər bir şəxsin, o cümlədən məhkəmələrin nə üçün və hansı yollarla ədalətsiz qərarlar çıxarmasının bütün detalları da redaksiyamıza bəllidir. Bütün bunlar haqda növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Bizi izləyin.

Hazırladı: KƏNAN

   

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR