“AİLƏMİN GÜNAHLARININ BAĞIŞLANMASI ÜÇÜN AQİL BABAYEVƏ 40 MİN MANAT VERDİM” - "12-ci İmam Mehdi"nin məhkəmə prosesində şok ifadələr…

2023-02-15 17:43:00

“AİLƏMİN GÜNAHLARININ BAĞIŞLANMASI ÜÇÜN AQİL BABAYEVƏ 40 MİN MANAT VERDİM” -

“ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı məhkəmə prosesində “zərərçəkmiş” şəxslər qismində Elmar Orucov, Cavad İslamov, Ayaz İslamov, Pərvin Məmmədov dindiriliblər.

Elmar Orucov ifadəsində bildirib ki, ailəsini dolandırmaq məqsədilə usta kimi fəaliyyət göstərir. Əsasən bağ evlərinin təmiri ilə məşğul olur. Deyir ki, dostları vasitəsilə Aqil Babayevlə tanış olub və onun bağ evinin və bina evinin təmir işlərini həyata keçirib.

E.Orucovun sözlərinə görə, A.Babayevi tanıdığı 20 il müddətində ona müəyyən fasilələrlə, hər ay 30 manat olmaqla, toplam 7 min manat zəkat pulu verib. O, həmin pulları Aqil Babayevin zəkat pullarını yığdıqlarını iddia etdiyi Samil, Polad və Rövşən adlı şəxslərə verdiyini bildirib.

Bundan əlavə, Elmar Orucov ailəsinin və özünün günahlarının bağışlanması və evinin “qara qüvvələr”dən təmizlənməsi üçün A.Babayevə 40 min manat da ayrıca ödəniş etdiyini vurğulayıb.   

“Zərərçəkən” A.Babayevə “12-ci İmam Mehdi” kimi inanmasının səbəblərinə də aydınlıq gətirib: “İslam dini ilə əlaqədar məni düşündürən bir sıra suallara cavab axtarırdım. Bu barədə bir çox din adamları ilə söhbət etmiş, lakin həmin suallarıma cavab tapmamışdım. Aqil Babayevlə söhbət zamanı isə, o, mənim bütün suallarıma ətraflı aydınılıq gətirdiyindən, həmin vaxtdan etibarən onun “12-ci İmam Mehdi” olduğunu qəbul etdim”.

Cavad İslamov isə ifadəsində “ŞaurmaN1” restoranda işlədiyini və ailəsini ordan aldığı pulla dolandırdığını deyib. Onun sözlərinə görə, hər ay maaşından Aqil Babayevə 10, 20 manat olmaqla, cəmi 1950 manat zəkat pulu verib. O bildirib ki, A.Babayevlə dostları vasitəsilə tanış olub və son vaxtlaradək ona hər zaman inanıb…

Digər “zərərçəkən” Ayaz İslamov da bildirib ki, “ŞaurmaN1” restoranında çalışıb, Aqil Babayevə hər ay aldığı maaşdan təxminən 40-50 manat olmaqla, toplamda 12 500 manat zəkat pulu verib. O, ifadəsində əlavə edib ki, A.Bababyevə dini mükəmməl bilən bir şəxs kimi hörmət edib və “12-ci İmam Mehdi” olduğuna inanıb. Onun sözlərinə görə, Bakıdakı məscidlərdən birinin tanınmış axundu ilə söhbət zamanı onu dini suallarla "bağlamasından" sonra Aqil Babayevə biət etməyə başlayıb.

Pərvin Məmmədov isə ifadəsində bildirib ki, heç bir yerdə işləməsə də, hər ay 10 manat olmaqla, Aqil Babayevə toplam 3690 manat zəkal pulu verib. 

Məlumat üçün bildirək ki, A.Babayev qeyd olunan ittihamların heç birini qəbul etməyib. O, sözügedən "zərərçəkənlər"in hər birinin vəziyyətinin acınacaqlı olduğunu və onlara hər zaman dəstək göstərdiyini bildirib. Deyib ki, Elmar Orucov onun evini təmir edən zaman zəhmət haqqını artıqlaması ilə verib, Cavad İslamovun isə yaşamağa evi olmadığından, ona mənzil hədiyyə edib. Bu səbəbdən, barəsində səslənən ittihamların absurd olduğunu, "zərərçəkən" şəxslərin öyrədildiyini ifadə edib.

Pərvin Məmmədovun ifadəsinə gəldikdə isə, prosesdə məlum olub ki, o, A.Babayevin bağ evində kababçı işləyib. Bu baxımdan, onun Aqilə zəkat pulu verdiyi haqda iddiaların tamamilə qondarma olduğu ortaya çıxır. Çünki A.Babayev ona verdiyi maaşdan necə zəkat pulu ala bilərdi?!

Qeyd edək ki, “zərərçəkənlər”in ifadəsindən sonra məhkəmə 22 fevral tarixinə təxirə düşüb.

Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. O, özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanları aldatmaqda, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.

Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Jalə FAMİLQIZI

P.S. Bu dəfə də bəzi zərərçəkmiş şəxslər “Hürriyyət”in əməkdaşına yaxınlaşaraq, adları gizli qalacağı təqdirdə məhkəmədə baş verən bir sıra həqiqətləri bizə açıqlayacaqlarını bildiriblər. Hansı ki, yuxarıda qeyd etdiyimiz fikirlər də məhz onların verdiyi məlumat əsasında oxucularımıza təqdim olunur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.169345