Aİ Ermənistanın enerji təhlükəsizliyinə 500 milyon avro ayıracaq - Rusiyadan uzaqlaşıb, Türkiyəyə yaxınlaşması üçün
Hurriyyet.az xəbər verir ki, Aİ enerji təhlükəsizliyini və şaxələndirilməsini gücləndirmək üçün Ermənistana 500 milyon avro sərmayə ayıracaq.
Bu barədə Aİ-nin genişlənmə siyasəti üzrə ali komissarı Marta Kos məlumat verib.
Komissar Kos deyib: "Bu, enerji sisteminizi Gürcüstanın enerji sisteminə birləşdirmək üçün 500 milyon avroluq bir investisiyadır və biz artıq Rusiya enerjisindən asılılığınızı azaltmaq üçün Ermənistan-Türkiyə enerji sisteminin qurulması üzərində işləyirik. Bu da bizim təcrübəmizə əsaslanır. İndi Moldova, Ukrayna və hətta özümüz üçün xüsusi enerji proqramlarımız var. Məsələn, 2022-ci ildə müharibə (Ukraynada - red.) başlayanda Avropa qazının 60%-ni, kömürünün 50%-ni və məncə neftinin 40%-ni Rusiyadan idxal edirdi. İndi kömür idxalı sıfırdır, neft sıfırdır və qaz sahəsində də tədricən sıfıra doğru irəliləyirik ki, bu da bildiyiniz kimi, həmişə asan olmur".
Onun sözlərinə görə, müvafiq razılaşma Daşkənddə əldə edilib. Razılaşmaya əsasən, Ermənistan enerji infrastrukturunu təkmilləşdirmək, enerji təhlükəsizliyini və şaxələndirilməsini gücləndirmək və xarici oyunçulardan asılılığı azaltmaq üçün "Qafqaz Enerji Sistemi" layihəsi çərçivəsində dəstək alır. Aİ bu sahədə Almaniyanın KfW inkişaf bankı ilə əməkdaşlıq edir.
Qafqaz Enerji Sistemi" layihəsinin məqsədi Ermənistan və Gürcüstanın enerji sistemlərini sinxronlaşdırmaqla Cənubi Qafqazda etibarlı və qarşılıqlı faydalı transsərhəd enerji mübadiləsini təmin etməkdir.
Hürr Tərcüman
