Ağır qəlpə yaraları olan XTQ kəşfiyyatçısına əlillik müavinəti verilmir - ANASININ ÜZÜYÜNÜ SATMAQ MƏCBURİYYƏTİNDƏ QALDI

2021-11-25 16:19:00

Ağır qəlpə yaraları olan XTQ kəşfiyyatçısına əlillik müavinəti verilmir - ANASININ ÜZÜYÜNÜ SATMAQ MƏCBURİYYƏTİNDƏ QALDI

"Anamın üzüyün gətirmişəm ki, satıb özümə yol pulu edə bilim"

Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı, gizir Həsənov Mübariz Əli oğlu "Hürriyyət"in redaksiyasına müraciət edərək, əlillik müavinətini ala bilməməsindən və digər problemlərlə bağlı şikayətini danışıb. Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edən qazimiz bədəninin müxtəlif nahiyələrindən ağır qəlpə yaraları alıb. Amma, ən ağır qəlpə yarasını Hadrut istiqamətində hücuma keçərkən alıb. Mübariz Həsənov ağır qəlpə yaraları almasına baxmayaraq Şuşaya kimi gedib:

"2011-ci ildən hərbi xidmətdəyəm. N saylı hərbi hissədə xidmətdə olmuşam. 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin kursuna qəbul olmuşam. O kursu bitirmişəm. 2015-ci ildə həmin kursun tərkibində Türkiyənin Bordu bərəli kursunu keçmişəm. Daha sonra 2016-cı ildə aprel döyüşlərində iştirak etmişəm. Həmin döyüşlərdə yaralanmışam. Həm dizimdən, həm də gözümün alt hissəsindən qəlpə yarası almışam. Vətən müharibəsində də iştirak etmişəm. Bu döyüşlərdə üç yerdən yaralanmışam. Kəlbəcər rayonunda Ömər Aşırımında yaralandım. Oktyabrın 3-də mənə ilk tibbi yardım göstərildi. Daha sonra Füzuli və Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə iştirak etdim. Cəbrayıl rayonu azad olunduqdan sonra yaralandım. Sonra Hadrut istiqamətində hücuma keçəndə yaralandım. Qəlpə qolumdakı bütün damarları qırıb. Qolumda iki sümüyün arasında dəlib keçən qəlpə yarası var. Bir neçə qəlpə yarası da almışam. Amma, ən ağırı budur. Daha sonra başımdan qəlpə yarası aldım. Sonra müalicə almaq üçün təxliyyə olundum. Yaralarım sağalandan sonra Şuşaya getdim. Bir ay müalicə aldım. 10 gün psixoloji və nevraoliji müalicə aldım. 20 gün isə Travmatologiyada qolumun vətərlərinin qopması ilə bağlı müalicə aldım. Daha sonra Maştağada üç ay müalicə almışam. Bir ay isə Müdafiə nazirliyinin tibb mərkəzində müalicədə oldum".

XTQ-ni döyüşçüsü Vətən müharibəsindən sonra qarabasmalarının olduğunu deyib. Səhhətində olan psixoloji problemlə bağlı istəmədən evdəki əşyaları da qırdığını deyən qazimiz Aprel döyüşlərindəki xidmətlərinin isə qeyd edilmədiyini vurğulayır:

"Gözümün önünə  qarabasmalar gəlir. Hər şeyə istəmədən əsəbləşirəm. Evdə qırmadığım əşya qalmayıb. Əlimdəki şəxsi telefonu da qırmışam. Aprel döyüşlərində iştirak etməyimə baxmayaraq, o qeyd edilməyib. Amma, ikinci Qarabağ müharibəsində iştirakım qeyd edilib. Aprel döyüşlərində daha ağır yaralılar var idi. Onların qeyd edilməsini gözləyirdim. Mən isə yüngül yaralanmışdım. Buna baxmayaraq, psixoloji problemlərim yaranmışdı. İkinci Qarabağ döyüşlərindən əvvəl həkimə getmişdim. Həkim müalicə olunmağımı tövsiyyə etmişdi. Lakin keçirilən təlimlər və işlərimlə əlaqədar müalicə oluna bilmədim. Mənə dedilər ki, əlində sənəd olmadığına görə Aprel döyüşlərində iştirakını qeyd edə bilmərik. Halbuki mən hərbi hissədən döyüşə gedib və yaralanmışam. Bunu araşdırmaq bu qədər çətindir?...Hərbi hissə rəhbərliyi də bilir ki, Aprel döyüşlərində kimlər iştirak edib. Hazırda aprel döyüşlərində iştirak edənlər barmaqla sayılası adamlardır. Aramızda şəhid olanlar da olub".

Mübariz Həsənov deyir ki, qəlpə yarası alması ilə bağlı əlində sənədlərinin olmasına baxmayaraq ona əlillik müavinəti verilmir:

"Vətən müharibəsində iştirak edib, yaralanmışam. Buna baxmayaraq, əlillik müavinəti ala bilmirəm. Əlillərin Bərpası Mərkəzinə getdim. Təxminən 22-23 müxtəlif xəstəxanaya göndərilmişəm. Hamısından da keçmişəm. Ağır qəlpə yaraları almağımla bağlı əlimdə sənədlər də var. VTEK-ə də getdim. Onlar mənə iki ay müalicə olunmağımı bildirdilər. Daha sonra isə əlillik veriləcəyini dedilər. Əgər müalicə alıb sağalacamsa, problem yoxdur".

XTQ döyüşçüsü olan qazi qeydiyyatda olduğu Kəlbəcər rayon icra Hakimiyyətindən də olan şikayətini danışıb. O icra başçısı tərəfindən ona yalan vədlər verildiyini vurğulayıb. Mübariz Həsənov Cəbrayıl, Füzuli və digər yerlərdə döyüşməsini deyərək, ona yalnız bir medalın verildiyini qeyd edib:

"Ailəliyəm, iki övladım var. Xidmətdə olduğum zamanlarda Göygöl rayonunda ev tikmək istəyirdim. Evi yarımçıq tikə bilmişəm. Övladımın biri qaynanamın yanında qalır. Mən də hər dəfə Bakıya gedib-gələ bilmirəm. Hazırda anamın üzüyün gətirmişəm ki, satıb özümə yol pulu edə bilim. YAŞAT fondu deyir ki, əlilliyin olsun ki, sənə yardım edə bilək. Aprel döyüşlərində iştirakıma görə mənə medal da verilməyib. Eyni zamanda, veteranlıq da verilməyib. İkinci Qarabağ döyüşlərində iştirakıma görə isə medallarla çox maraqlanmamışam. Bildiyim qədərilə medal verilib, orden isə yox...Cəbrayılın azad olunmasına görə "Cəsur döyüşçü" medalı verilib. Kəlbəcər rayonun icra başçısı da problemlərimi dinləmir. Özü də görürür ki, evimiz pis gündədir. Yalandan vədlər verilir. Səhhətimlə əlaqdar hər dəfə müraciətə getmək imkanım da olmur".

 YƏHYA