Saat:17:16
Haqqımızda

""AĞILLI" VƏ "ÇOXBİLMİŞ" OLMALISAN Kİ..." - İDRİS ABBASOV

2021-07-24 21:08:00

Azərbaycanda ən yaxşısı - alim qiyafəsi ilə bəzənib elmlə məşğul "akademik-alim" olmaq, büdcənin köksündə oturub xımır-xımır yemək, xalqı, dövləti ələ salmaq, xudmani həyat sürməkdir...

Prezidentə, onun həyata keçirmək istədiyi islahatlara dəstək vermək əvəzinə, yaltaqlıq edib xala-xətrin qalmasın deyə yola verirsən. Nə islahat?! Bəyəm, o qədər axmağıq ki, öz ayağımızın altını qazaq? Naparnikim elə bu soxaya qalmış islahata görə vəzifəsini itirmədimi? Bu xalqa da, onun Prezidentinə də zülm etməyə gücümüz və təcrübəmiz yetər...

Deməli, akademik tituluna (professor da kifayət edir çox vaxt) sahibləndikdən sonra valideynləri nazir, oliqarx, biznesmen, icrakom və s. olan tələbə, aspirant, dissertant, müəllim, laborant, elmi işçi, mütəxəssis və müxtəlif təbəqənin nümayəndələri sənə təzim edir, xanımlar qabağına sonsuz ehtiramla çay gətirmək üçün növbəyə dururlar, çevrilib olursan ALİMİ-ZATİ-MÜQƏDDƏS!

Artıq davranışlarında, dövlət maraqlarını "müqəddəs" (qəbih) canına qurban etməkdə azadsan! Şişdikcə, şişir, köpdükcə köpürsən, nəsil-nəcabətinə, var-yoxuna gün ağlayırsan. Dəyən yox, toxunan yox! Daxildən, xaricdən səni söyən yox, təhqir edən yox! Zatən bütün günahları ölkənin birinci şəxsinin və xalqın boynuna yükləmisən, təcrübəli təbliğatın bəhrə verib!

Yaşamağın taktika və strategiyası budur da. Hökmdarın təhqir olunması kefinə kef qatır, mülk yığmaq şansını və səlahiyyətlərini daha da artırır, ətrafında daha çox dəstə cəmləşir, ələ alınmış tərəfdarların çoxalır, dövlətin ən ali pilləsinə diktə etmək şansı qazanırsan.

Bəli, Azərbaycan mirələmlərin, hacıbalaların, ramizlərin, abellərin, rövnəqlərin, əlilərin, isaların, hadıların, möhsünlərin, cəfərlərin, abdullaların, elçinlərin və yüzlərlə digər "çoxbilmiş" alim-akademiklərin, milyona sahib rektorların, direktorların kef etməsi, xalqa, onun rəhbərinə kələk gəlinməsi, xalqın namuslu kəsiminin və onun Prezidentinin günah obyekti edilməsi üçün ideal məkandır. Sadəcə, baş akademik kimi "ağıllı" və "çoxbilmiş" olmalısan ki, işlər "qaydasında" getsin!

PS. Kaş ölkəmizdə tək bir hökmdar olaydı və xalqla hökmdarı bir-birindən ayırıb girinc edən, ölkəni sosial-siyasi fəlakətin içinə soxan kiçik hökmdarlar, krallar institutu ləğv ediləydi və onun liderləri lazımınca cəzalandırılaydı!

Ölkəni məhvə aparan bu zərərli ünsürlərin arxivləşdirilməsi üçün xalqın toparlanması yeganə çarədir!

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun filologiya elmləri doktoru İDRİS ABBASOV

Hurriyyet.org

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR