Ağdərədəki “traktorçu”nu güllələyən onlardır, Rusiya!

2021-10-14 11:15:00

Ağdərədəki “traktorçu”nu güllələyən onlardır, Rusiya!

Oktyabrın 9 -da Ağdərə bölgəsində “kənd təsərrüfatı işləri aparan” bir mülki şəxsin guya Azərbaycan hərbçisi tərəfindən atəşə tutulması nəticəsində ölməsi barədə xəbərin ermənilər tərəfindən çeynənməsi təəccüb doğurmur. Çünki bu toplum hər zaman şər-böhtanla məşğul olub və növbəti dezinformasiyalar da gözləniləndir. Ancaq Rusiyanın sülhməramlı kontingentinin komandanlığından məlumata verilən reaksiya artıq adamda qıcıq yaradır.

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Ağdərə şəhəri “Mardakert” adlandırılır, üstəlik, “traktorçu” ilə bağlı erməni tərəfin yaydığı xəbəri dolayısı ilə təsdiq etməyə çalışılır. Hansı ki, Azərbaycan tərəfi məlumatı dərhal təkzib etmişdi, məntiqlə Rusiya tərəfi Qarabağdakı erməni separatçılarına deyil, Azərbaycanın rəsmi qurumuna istinad etməli, ehtiyac yaranarsa, məsələ məhz Bakı ilə müzakirə olunmalıydı. Son ayda artıq ikinci haldır ki, Rusiya tərəfi erməni quldurlarına istinad edir. İstənilən halda qəbulolunmaz haldır! Həm də Azərbaycan dövləti 10 noyabrdan sonra artıq təmas xətti anlayışına son qoyulduğunu bəyan edibsə, indi nə “təmas xətti” söhbəti gedir ki, orada hələ traktorçu da yer şumlasın?

Yenə məntiqə istinad edək: Azərbaycan əsgəri hətta Ermənistandan Gəncənin dinc sakinlərinə ballistik raketlər atılanda belə, mülki erməniləri hədəfə almadı, Prezident bu faktı dəfələrlə xatırladıb! Azərbaycan Ordusu döyüşlərin ən qızğın vaxtında belə, nəinki Şuşanı, Xankəndini, hətta kəndlərdəki mülki obyektləri bombalamadı. Ermənilərin atıb getdiyi Hadrut sakinlərini, qoca ər-arvadı xilas edən Azərbaycan əsgəridir bu! Belə olduğu halda bu gün əsgərimiz erməni tərəfin iddia etdiyi və rus sülhməramlıların şübhə toxumu səpdiyi kimi, bir tarktorçuya niyə atəş açsın ki? Özü də snayperlə?! Tam şər-böhtandır!

Bəs əgər doğrudan da ortada güllə atəşindən ölüm faktı varsa, o halda atəşi kim açıb, onu araşdıraq. Bunun üçün situasiyaya ötəri diqqət yetirək. Hazırda Azərbaycan və Ermənistan arasında bir neçə ayla müqayisədə belə, gərginlik mövcud deyil. Azərbaycan lideri sülhə hər zaman hazır olduğunu deyib, Ermənistanın baş naziri də müsbət qarşılıq verib - bəzi artıq-əskik fikirlər səsləndirsə də. Üstəlik, artıq uzun fasilədən sonra tərəflər arasında təmaslar başlayıb.   

Oktyabrın ilk günlərində Vyanada, Avstriyanın “beyin mərkəzi” və dövlət qurumlarının təşkilatçılığı ilə Azərbaycan və Ermənistandan olan deputatlar arasında görüş keçirildi. Azərbaycan tərəfi həmin görüşdə Xankəndindən olan millət vəkili Tural Gəncəliyev və REAL təmsilçisi olan deputat Erkin Qədirli, erməni tərəfini isə deputatlar Armen Aşotyan və Edmon Marukyan təmsil etdi. Bugünlərdə həm Tural bəydən, həm də Erkin bəydən soruşdum: “Qənaətiniz necədir: ermənilərlə danışmaq olarmı?” Hər ikisi “mümkündür”, dedilər.

Zəruri xatırlatma: Tural Gəncəliyev icma rəhbəri olan vaxt erməni tərəfə görüş üçün dəfələrlə müraciətlər edilmişdi, ancaq cavab müsbət olmamışdı. Düzdür, hələlik görüş Qarabağ erməniləri ilə keçirilməyib, ancaq bu da mümkündür, təbii ki, onlar Azərbaycan vətəndaşlığını qəbul edərək, Xankəndinin deputatına müraciətlər edə bilərlər. Ancaq Tural Gəncəliyev bir faktı da söylədi, Qarabağdakı ermənilər onun ofisinə müxtəlif məsələlərlə bağlı müraciətlər edirlər. Hələlik təhlükəsizlik baxımından bu müraciətlərin müəllifləri gizli saxlanılır, amma irəliləyişdir. Deməli, Ağdərədə açılan atəş həm də belə təmaslara açılıb əslində, traktorçuya yox!

Görüşlərinsə davamı gəlir. Oktyabrın 13-də Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş keçirilib. Bu dəfə də vasitəçi Rusiyadır. Bundan başqa, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər və bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da təsdiqləyib.

Bu təmasların kluminasiyası kimi, təbii ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü ola bilər, bu istiqamətdə də gözləntilər, məlumatlar var. Həm proseslərin müsbət dinamika üzrə inkişafı, həm də məntiq onu deyir ki, erməni “traktorçu”ya atəş açan Azərbaycan əsgəri deyil. Bəs kimdir, “kazaklar”mı? Bu barədə mühakimə yürütmək çətindir və əsaslarımız da yoxdur. Üstəlik, hazırda tərəflərin görüşlərini təşkil edən Kremlin gərginlikdə maraqlı olması inandırıcı görünmür. Ancaq hansısa çəlimsiz erməniyə atəş açmaq yalnız Qarabağdakı erməni quldurlarının, silahlı birləşmələrin əməli ola bilər. Həmin qanunsuz silahlı qüvvələr kimə tabedir? İlk baxışda Araik Arutyunyan deyilə bilər. Ancaq biz bilirik ki, Arutyunyanın seçki günü Paşinyanın qərargahında peyda olması əks cinahın ona qarşı qəzəbini artırıb. Bu mənada Araik, sadəcə, “kukla” funksiyasını yerinə yetirir. Qarabağda, Rusiya sülhməramlı kontingentinin təsir dairəsində mövcud olan erməni quldur dəstələri, terrorçu qüvvələrin bir hissəsi də Sərkisyan-Köçəryan cütlüyü ilə bağlıdır. Bu canilərin tez-tez banlaması da elə-belə deyil, onlar vaxtilə yaratdıqları və rəhbərlik etdikləri silahlı birləşmələrə arxayın olduqları üçün “xaric” səslər buraxırlar, sülhə qarşı çıxışlar edirlər.

Aydın məsələdir, Ermənistanla Azərbaycan arasında böyük sülh imzalansa, Serjik və Robertin sonu gələcək, onlar qan içməklə ömürlərini uzadıblar bu vaxtadək. Bu mənada iki ölkə arasında təmasların artması və etimad mühitinin yaranması Qarabağ klanının bu iki qatil lideri üçün heç sərfəli deyil. Qarabağla bağlı anlaşmaların əldə olunması ərəfəsində belə gözlənilməz atəşlərin açıldığını çox görmüşük. Hətta Ermənistan parlamentində terror törətdilər zamanında, indi bir ağdərəli ermənini öldürmək bunlar üçün nə çətin işdir? Bu atəş həm də Rusiyanın vasitəçiliyinə açılıb, bilsinlər!

Ötən gün axşam saatlarında məlum oldu ki, oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb. Bu fakt təxminlərimizi bir daha təsdiqləyir...

Elşad PAŞASOY

Musavat.com