Ağdamda traktor minaya düşüb, xəsarət alan var - BİRGƏ MƏLUMAT
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Hurriyyet.az xəbər verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina partlayıb.
1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Qədir Məmmədov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - deyə birgə məlumatda qeyd olunub.
