Ağcabədi sakini əlillik pensiyasını ala bilmir – VİDEO
Ağcabədi rayon Kəbirli kənd sakini Mirzəliyev İsa Kamal oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, əlillik pensiyası ala bilməməsindən şikayətçidir:
“Mən, Mirzəliyev İsa Kamal oğlu, bildirirəm ki, 1992-ci ildə müharibədə olmuşam. 4 il aktiv döyüşlərdə xidmət etmişəm. Müharibədə yaralanmışam, avtomatla ayağımdan vurublar. Güllə sinir sistemimi zədələyib.
2016-cı ildən başlayaraq pensiya alırdım. Əvvəl ayaq və əl barmaqlarımın ucları gizildəməyə, sonra isə bütün bədənim əsməyə başladı. Əvvəl əlillik üçün 3-cü qrup pensiya almışam, 2018-ci ildə 2-ci qrup əlillik pensiyası, 2023-cü il dekabr ayında isə pensiyamı ümumiyyətlə kəsdilər.
Əvvəl dərmanlarım Yaşad Fondu tərəfindən verilirdi. Pensiyam kəsiləndən sonra dərmanlarımı da Yaşad Fondu vermədi. Xahiş edirəm,müharibə ilə əlaqədar pensiyamın düzəlməyində mənə kömək edəsiniz.”
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bizə bildirildi ki, Ağcabədi rayon sakini, 1973-cü il təvəllüdlü Mirzəliyev İsa Kamal oğlu əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişi əsasında 01.04.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
Agentliyin həkim-ekspertlərinin əyani müayinəsi zamanı müəyyən edilib ki, vətəndaşın hazırki diaqnozu (Parkinson xəstəliyi) ümumi səbəbdən əlillik təyinatına əsas verir.
Bu səbəbdən də İsa Mirzəliyevə Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq ümumi səbəbdən, orqanizm funksiyalarının 80% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılıb.
Aynurə İSMAYIL
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.