Ağ Ev: İsrail və Livan atəşkəsə yaxındır
İsrail və Livan hazırda "Hizbullah" qruplaşması ilə razılaşmaların da yer aldığı atəşkəs sazişi bağlamağa yaxındırlar.
Hurriyyet.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.
"Biz hesab edirik ki, müqavilə bağlamağa yaxın həddə çatmışıq. Amma mən ifadələrimdə ehtiyatlı və diqqətli olmaq istəyirəm, çünki hələ hər şey bitməyib, əlimizdə anlaşma yoxdur", - Ağ Evin sözçüsü deyib.
Kirbi həmçinin danışıqlarla bağlı heç bir təfərrüatı açıqlamayacağını, lakin danışıqların "çox müsbət istiqamətdə və konstruktiv davam etdiyini qeyd edib.
Bundan əvvəl İsrailin BMT-dəki daimi nümayəndəsi Daniel Danon İsrailin "Hizbullah" da daxil olmaqla Livanla atəşkəs razılaşması əldə etmək yolunda olduğunu təsdiqləyib.